Moskvada «Heydər Əliyev: Şəxsiyyət və zaman»
roman-tədqiqatının
təqdimat mərasimi keçirilmişdir
Moskvada, M.İ.Rudomino adına
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında
yazıçı-publisist, Azərbaycan Milli Məclisinin
deputatı Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət
və zaman" roman-tədqiqatının V və VI cildlərinin
təqdimat mərasimi keçirilmişdir.
Bu çoxcildlik arxiv materialları və rəsmi sənədlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dostları, qohumları və məsləkdaşları ilə müəllifin yüzlərlə müsahibəsi əsasında yazılmışdır. 2012-ci ilin sonunda tamamlanmış roman-tədqiqat həm Azərbaycanda, həm də respublikanın hüdudlarından kənarda oxucular arasında böyük əks-səda doğurmuşdur.
Təqdimat mərasimi Azərbaycanın
Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar
Konqresi tərəfindən təşkil edilmişdir.
Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyi tərəfindən
kitabxananın foyesində təşkil olunmuş, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevə həsr
edilmiş fotosərgi təqdimat mərasiminin
iştirakçılarının böyük marağına
səbəb olmuşdur.
Çoxcildliyin müəllifi
Elmira Axundova tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dəstək Fondu bu il may ayında Heydər Əliyev
haqqında ən yaxşı publisistik əsər
üçün beynəlxalq müsabiqə təşkil
etmişdir.
Gecədə həmin beynəlxalq müsabiqənin qaliblərinə - "Heydər Əliyev. İnsan-epoxa" məqaləsinin müəllifi Oleq Kuznetsova, "Öz ölkəsini xilas etmiş insan" məqaləsinin müəllifi Valeri Calaqoniyaya və "Qorxu bilməyən insan" məqaləsinin müəllifi Aleksandr Budberqə Heydər Əliyev haqqında ən yaxşı publisistik əsər üçün mükafatlar təqdim edilmişdir.
Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış etmişdir. Səfir vurğulamışdır ki, Elmira Axundovanın kitabları yeni, qeyri-adi janrda yazılmışdır. P.Bülbüloğlu demişdir: "Əlbəttə, Heydər Əliyev o qədər hərtərəfli, görkəmli şəxsiyyətdir ki, onun haqqında hələ cild-cild əsərlər yazılacaq, filmlər çəkiləcək, müxtəlif janrlı pyeslər tamaşaya qoyulacaqdır".
Fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqov ulu öndər Heydər Əliyev haqqında xatirələrini söyləmişdir. K.Dolqovun sözlərinə görə, azərbaycanlılar dünyada ən qabiliyyətli, istedadlı, heyrətamiz dərəcədə xeyirxah və səmimi xalqlardan biridir. Bu xalqın tarixində ən müxtəlif sahələrdə çox dəyərli xidmətlər göstərmiş görkəmli insanlar çox olmuşdur. Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri də Heydər Əliyevdir. K.Dolqov bu dahi siyasi xadimi xatırlayaraq demişdir: "Əsl şəxsiyyət mahiyyət etibarilə sərhədsiz olur. Heydər Əliyev məhz bu cür şəxsiyyət idi. Onun həyat və fəaliyyəti haqqında burada təqdim olunan çoxcildlik nəşr Azərbaycan xalqının bu böyük oğluna ən yaxşı abidələrdən biridir".
Milli Məclisin deputatı Arif Rəhimzadənin sözlərinə görə, Elmira Axundovanın kitabları Heydər Əliyevlə işləmiş çoxsaylı insanların müsahibələri əsasında tərtib edilmişdir. Buna baxmayaraq, onun əsərləri fraqmentar xarakter daşımır. A.Rəhimzadə demişdir: "Elmira Axundovanın kitabları Heydər Əliyevin həyat və fəaliyyəti haqqında dolğun mənzərə yaradır. Elmira Axundova Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə çox böyük töhfə vermişdir".
Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru, 1990-cı illərin əvvəllərində Rusiyanın Azərbaycandakı səfirliyində işləmiş Stanislav Çernyavski ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdış dövrü haqqında söhbət açmışdır. S.Çernyavski demişdir: "Heydər Əliyev hərtərəfli şəxsiyyətdir və yaxşı ki, bu şəxsiyyətin həyat və fəaliyyətini Elmira Axundova qələmə almışdır".
Jurnalist Valeri Calaqoniya demişdir: "Mənə bir neçə il Heydər Əliyevlə işləmək, ölkə daxilində və xaricdə səfərlərində onu müşayiət etmək xoşbəxtliyi nəsib olmuşdur. Bu, Sovet İttifaqının dərin tənəzzülü dövrü idi. Heydər Əliyev öz işində fəth olunmalı zirvələri müəyyən etmək və irəliyə doğru hərəkət etmək üçün fədakarcasına səy göstərirdi".
Çoxcildliyin müəllifi Elmira Axundova təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək demişdir: "Artıq 10 ildir ki, mən öz qəhrəmanımla daxili monoloq aparıram. Öz hisslərimi və duyğularımı xəyalən onunla razılaşdırıram. Ona necə böyük ehtiyacım olduğunu hər gün, hər il hiss edirəm. Heydər Əliyev gözəl insan idi".
Tədbirdə Milli Məclisin
deputatları, Azərbaycanın Rusiyadakı səfirliyinin,
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin,
Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya Azərbaycanlı
Gənclər Birliyinin və Rusiya ictimaiyyətinin nümayəndələri
iştirak edirdi.
AzərTAc
Azərbaycan.-2013.-13 dekabr.-S.5.