Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahi

Heydər Əliyev kimi ümummilli lideri var!

 

Dekabrın 12-də Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.

Tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin misilsiz xilaskarlıq rolundan, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda tarixi xidmətlərindən danışmış, onun ideyalarının əbədiyaşar olduğunu bildirmişdir.

Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyev daim doğma Vətən üçün, doğma xalq üçün çalışmışdır. Xalqımızın xoşbəxtliyi ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan akademik A.Məhərrəmov qüdrətli şəxsiyyət Heydər Əliyevin bu sahəyə böyük əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Rektor qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev məzunu və fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin inkişafına xüsusi qayğı göstərmişdir.

A.Məhərrəmov demişdir: "Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahi şəxsiyyət Heydər Əliyev kimi ümummilli lideri var!"

Azərbaycan Respublikası Milli Məclisİ Sədrinin birinci müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri Ziyafət Əsgərov müdrik rəhbər Heydər Əliyevin dahiliyindən, siyasi irsinin əhəmiyyətindən söhbət açmışdır. Mərkəzi Seçki Komissiyasının sədri, BDU-nun kafedra müdiri Məzahir Pənahov ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən, azərbaycançılıq ideologiyasının formalaşmasındakı xidmətlərindən, universitetin kafedra müdiri Cahangir Məmmədli isə ümummilli liderin elm, təhsil, mədəniyyətə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etmiş, müdrik şəxsiyyətlə bağlı xatirələrini söyləmişlər. Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-13 dekabr.-S.5.