Ulu öndər həmişə milli maraqların təminatçısı və müdafiəçisi olmuşdur

               

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Anım mərasimindən öncə ulu öndərin büstü önünə gül dəstələri qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə ölkəmizin hər bir guşəsində qeyd edilir. Ulu öndər daim vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşamış, həmişə milli maraqların təminatçısı və müdafiəçisi olmuşdur. Qeyri-adi şəxsiyyəti, dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

A.Fərzəliyev qeyd etdi ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır faydalanır. Bu siyasətin icraçısı ulu öndərin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bunu yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafından, ölkəmizin beynəlxalq nüfuzunun artmasından danışdı. Bildirdi ki, ulu öndərin uzaqgörən daxilixarici siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın və regionun inkişaf etmiş dövlətidir. Artıq Azərbaycan regionun iqtisadisiyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində baş verir. Ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etmişdir.

Tədbirdə çıxış edənlər isə ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında möhkəmləndirilməsində müstəsna rolundan danışdılar.

Qeyd edək ki, anım günü ilə əlaqədar Nərimanov rayonu ərazisində ulu öndər Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bir sıra tədbirlər keçirilmişdir.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.-13 dekabr.-S.5.