Xarici ölkələrdə
ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş
anım mərasimləri keçirilmişdir
İstanbul
Türkiyənin İstanbul
şəhərindəki Sarıyer rayonunda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının
onuncu ildönümü ilə bağlı mərasim
keçirilmişdir.
Mərasim iştirakçıları Heydər Əliyevin möhtəşəm abidəsinin önünə əklillər qoymuş, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənmişdir.
Mərasimi açan Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs etmişdir. O demişdir ki, Heydər Əliyevin siyasi irsi təkcə Azərbaycana deyil, bütün türk dünyasına məxsus bir sərvətdir. Təsadüfi deyildir ki, bu dahi siyasətçinin əziz xatirəsi Türkiyədə və bütün dünyada ehtiramla anılır.
Azərbaycan Milli Məclisinin deputatı Eldar İbrahimov Heydər Əliyevin müxtəlif dövrlərdəki fəaliyyəti, Naxçıvan Ali Məclisinin sədri olduğu və Azərbaycana ikinci dəfə başçılıq etdiyi dönəmdəki xilaskarlıq missiyası haqqında ətraflı məlumat vermişdir. Natiq vurğulamışdır ki, ulu öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə Araz çayı üzərindən "Ümid" körpüsünü salmaqla iki qardaş ölkə arasında daha sıx əlaqələrin əsasını qoymuşdur. Daha sonra xalqın təkidli tələbi ilə yenidən Azərbaycana hakimiyyətə qayıdan Heydər Əliyevin səyləri ilə nəhəng enerji və kommunikasiya layihələri həyata keçirilmişdir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında demişdir ki, Bosfor boğazının sahilindəki ən gözəl məkanda türk dünyasının böyük oğlu Heydər Əliyevin abidəsinin ucaldılması rəmzi məna daşıyır. Məhz bu dahi siyasətçinin təşəbbüsü və gərgin səyləri ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan boru kəməri İstanbulu ekoloji fəlakətdən qurtarmış, tankerlərlə xam neft daşınmasını azaltmışdır. Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində indi Azərbaycan bütün türk dünyasının ən böyük təmsilçisi olmuşdur.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar çıxışında Heydər Əliyevin tapşırıq və tövsiyəsi ilə iki qardaş ölkənin diaspor təşkilatlarının erməni lobbisinə qarşı birgə mübarizə aparmasından bəhs etmişdir. O vurğulamışdır ki, ulu öndərin göstərişləri təkcə Azərbaycanın deyil, türk diasporunun da təşkilatlanmasını canlandırmışdır. Bütün bunların nəticəsidir ki, indi dünyada mütəşəkkil, erməni lobbisinə layiqli cavab verə bilən Türkiyə-Azərbaycan diasporu vardır.
Paris
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Parisdə yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan və çalışan həmvətənlərimiz iştirak etmişlər.
Mərasimi giriş özü ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov açmışdır. Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və şərəfli dövlətçilik fəaliyyətinin həlledici məqamları haqqında geniş məlumat verərək demişdir: "XX əsrin ortalarından etibarən mühüm dövlət vəzifələri tutan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqının və ölkəsinin yüksəlişi yolunda yorulmadan çalışmağı başlıca həyat amalına çevirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan sözün əsl mənasında dirçəliş və çiçəklənmə dövrünü yaşamış, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda çox böyük uğurlara nail olmuşdur. O, azərbaycançılıq ideologiyasının təməlini qoymuş və bu da, öz növbəsində, milli dövlətçiliyimizin inkişafına əvəzsiz töhfələr vermişdir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və dərin düşünülmüş iqtisadi tərəqqi xətti nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda lider ölkəyə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuza sahib olmuşdur. Ulu öndər Heydər Əliyev bütün ömrü boyu Azərbaycana sədaqətlə xidmət etmiş, öz fəaliyyətində həmişə xalqına arxalanmışdır. Buna görə də xalqımız ümummilli lider və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur".
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov böyük azərbaycanlı Heydər Əliyevin millət və dövlət qarşısındakı misilsiz xidmətlərinin fəlsəfəsini müəyyənləşdirən başlıca məqamlara diqqət yönəldərək demişdir: "Bu gün bizi bu mərasimə toplayan böyük şəxsiyyətin işığıdır. Böyük əməlləri, adı, imzası tarixdə qalan qüdrətli şəxsiyyətin işığı. Belə işığa tək-tək insanların da, bütöv millətlərin də daim ehtiyacı vardır. Xatirəsini andığımız görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən qüdrətli şəxsiyyətlərindən biridir. O, varlığı millətinin varlığına qovuşmuş nadir liderlərdəndir. Hər bir millət, hər bir dövlət üçün onun müstəqilliyi ən böyük sərvətdir. Bu, amerikalı üçün də belədir, ingilis üçün də, fransız üçün də, alman üçün də və əlbəttə, azərbaycanlı üçün də. Lakin biz - azərbaycanlılar dövlət müstəqilliyinin qiymətini də, qədrini də bəlkə də amerikalıdan da, fransızdan da, ingilisdən də, almandan da artıq hiss edirik. Bu, təsadüfi deyildir. 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurdu. Lakin təəssüflər olsun ki, düz iki il sonra kommunistlər bu müstəqilliyi devirdilər. Müstəqilliyini itirən Azərbaycan sonra 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Məhz bu səbəbə görə biz indi dövlət müstəqilliyimizi başqalarından qat-qat artıq dəyərləndiririk.
Ulu öndər Heydər Əliyevə Azərbaycan xalqı ən əvvəl ona görə borcludur ki, o, müasir Azərbaycan dövlətinin qurucusudur. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin tarixin dəhşətli hökmü ilə biz yenə iki il sonra həmin müstəqilliyi itirə bilərdik. Çünki bir sıra xarici qüvvələr Azərbaycana qarşı çox təhlükəli planlar qurmuşdular. O zaman Heydər Əliyevin 70 yaşı vardı və o, artıq siyasətdən, dövlət işindən getmişdi. Lakin xalqının çətin günündə bu böyük vətənpərvər biganə qala bilmədi. Xalq onu bir xilaskar kimi dəvət etdi və Heydər Əliyev millətinin istəyi ilə yenidən siyasət meydanında göründü. Zəngin təcrübəsi, qətiyyəti, güclü iradəsi, dərin və çoxcəhətli bilikləri ilə o, xalqını, gənc Azərbaycan dövlətinin müstəqilliyini qoruya bildi. Bu müstəqilliyi möhkəmləndirərək, qüvvətləndirərək XX əsrdən XXI əsrə, ikinci minillikdən üçüncü minilliyə çatdırdı. İndi Azərbaycanın müstəqilliyinin 23 yaşı vardır. Buna görə Azərbaycan xalqının minnətdar, borclu olduğu insanlar sırasında Heydər Əliyevin adı birincidir. Nə qədər ki Azərbaycan xalqının müstəqil dövləti olacaq, Heydər Əliyevin adı məhəbbətlə anılacaqdır. Çünki Heydər Əliyev bu müstəqilliyin memarıdır. Heydər Əliyevin adı və şəxsiyyəti Azərbaycan müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin ən parlaq rəmzlərindəndir. Bugünkü mərasimdə böyük azərbaycanlı Heydər Əliyevin xatirəsini anırıq. Amma bu, həm də xalqımız, dövlətimiz, müstəqilliyimiz, bayrağımız, indimiz və gələcəyimiz haqqında düşünmək üçün daha bir imkandır. Heydər Əliyev ömrünün sonlarında son dərəcə uzaqgörənliklə müdrik bir fikir söyləmişdi. Demişdi ki, mən həmişə Azərbaycanda olacağam. Tarix həmin sözlərin doğruluğunu sübut etmişdir. Heydər Əliyev 10 ildir ki, həyatda yoxdur. Lakin bu illərin hamısında o, hər an Azərbaycanla, azərbaycanlılarla birgə olub. İndi, bu dəqiqələrdə də buradadır, bizimlədir. Bir insan hər an məhəbbətlə, sayğı ilə anılırsa, əlbəttə ki, o, canlıdır".
Daha sonra mərasim
iştirakçıları ümummilli lider haqqında
müxtəlif xatirələrini və düşüncələrini
bölüşmüşlər.
Təbriz
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
İranın Şərqi Azərbaycan valiliyi aparatının rəhbərinin, vilayətin digər rəsmilərinin, Türkiyə Respublikasının Təbrizdəki baş konsulunun və konsulluğun əməkdaşlarının, Təbrizdə yaşayan Azərbaycan vətəndaşlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə respublikamızın Təbrizdəki baş konsulu Əli Əlizadə açmışdır. O, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına müfəssəl məlumat vermiş, xalqımızın xilaskar oğlunun ölkəmiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında rolundan bəhs edən baş konsul bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, bir sıra beynəlxalq və regional iqtisadi layihələrin gerçəkləşməsi və digər bu kimi nailiyyətlər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkədə ictimai-siyasi sabitlik əzmlə qorunur, xalqının güzəranı günbəgün yaxşılaşır. Odur ki, qədirbilən Azərbaycan xalqı öz müdrik oğlunun adını həmişə uca tutur, əziz xatirəsini ehtiramla yad edir. Heydər Əliyevin işıqlı xatirəsi təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə, həmçinin dost və qonşu İran İslam Respublikasında, eləcə də Təbriz şəhərində daim ehtiramla, böyük rəğbətlə anılır.
Mərasimdə Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
film və fotosərgi nümayiş olunmuş, həmçinin
ulu öndərin xidmətlərini və Azərbaycanın
sosial-iqtisadi inkişafını əks etdirən kitablar,
jurnallar və digər əyani vəsaitlər sərgilənmiş
və iştirakçılara paylanmış, ehsan süfrəsi
açılmışdır.
Kişineu
2013-cü il dekabrın 11-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil etmişdir. Bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən məlumat verilmişdir.
Mərasimdə Moldova Respublikasının rəsmi şəxsləri, Moldova Respublikasının sabiq baş nazirləri Vasileu Tarlev və Dmitriu Braqiş, Polşa, Macarıstan, İtaliya, Türkiyə, Bolqarıstan, Çin, Ukrayna, Belarus və Gürcüstanın Moldovadakı səfirləri, Kişineuda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Moldovanın ombudsmanı Aureliya Qriqoriu, Moldova Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov, Moldova ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfirliyin binasının
foyesində ulu öndərin büstü önünə Azərbaycan
Respublikasının Moldova Respublikasındakı səfirliyi və
Moldova Azərbaycanlıları Konqresi adından tər
çiçəklər qoyulmuşdur.
Səfir Namiq Əliyev öz çıxışında Heydər Əliyevin şanlı həyat yolu, müstəqil Azərbaycanın təşəkkül və firavanlıq mərhələləri barədə söhbət açmışdır.
Tədbirin bütün iştirakçılarına Moldovada çıxan "Ekspert Novostey" qəzetinin bu il 6 dekabr tarixli nömrəsinin nüsxələri paylanmışdır. Qəzetin həmin nömrəsində Azərbaycanın dahi oğlunun xatirəsinə həsr olunmuş "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" sərlövhəli böyük məqalə dərc edilmişdir.
Sonra klassik musiqidən ibarət
kiçik konsert olmuşdur. Tədbir
iştirakçıları qarşısında
çıxış edən Moldovanın "Ambassado"
simli kvarteti Puççini, Vivaldi, Şubert, Qara Qarayev,
Yevgeni Doqa və digər məşhur bəstəkarların əsərlərindən
parçalar ifa etmişdir.
Konsertdən sonra qonaqlar
çay süfrəsinə dəvət edilmişlər. Süfrəyə Azərbaycan
milli şirniyyatları: paxlava, şəkərbura, qoğal və
s. düzülmüşdür.
Küveyt
Dekabrın 12-də Azərbaycan
Respublikasının Küveyt Dövlətindəki səfirliyində
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə
çıxış edən səfir Tural Rzayev müasir Azərbaycan
dövlətinin banisi ulu öndər Heydər Əliyevin
öz həyatını ölkəmizin çiçəklənməsi
və inkişafına həsr etdiyini, Azərbaycan
xalqının yaddaşında əbədi yaşayacağını
vurğulamışdır.
Səfir qeyd etmişdir ki,
Heydər Əliyev 1993-cü ildə xalqın xahişi ilə
yenidən hakimiyyətə gələrək Azərbaycanı
parçalanmaqdan, vətəndaş müharibəsindən
qurtarmışdır. Belə bir mürəkkəb və gərgin
zamanda Heydər Əliyevin uzaqgörən siyasəti,
müdrikliyi və zəngin dövlətçilik təcrübəsi
sayəsində mövcud ciddi problemlər qısa müddət
ərzində aradan qaldırılmış, ölkəmiz
davamlı inkişaf mərhələsinə qədəm
qoymuşdur. Ümummilli lider Heydər
Əliyevin qayıdışı və
yürütdüyü uğurlu siyasət nəticəsində
müstəqilliyimiz möhkəmləndirilmiş və
uğurlu neft strategiyası həyata keçirilmişdir.
Bütün bunların nəticəsində
dövlətimizin hərtərəfli inkişafının təməli
qoyulmuş və beynəlxalq aləmdə nüfuzu
artmışdır.
Tədbir
iştirakçıları Heydər Əliyevin həyat və
siyasi fəaliyyəti haqqında sənədli filmə
baxmış, ümummilli liderə həsr olunmuş fotosərgi
ilə tanış olmuşlar.
Ulu öndər Heydər
Əliyevin anma günü ilə əlaqədar Küveytin
nüfuzlu "Əl-Rai" qəzetində görkəmli
siyasi xadimin dövlət idarəçiliyindən bəhs edən
məqalə də çap olunmuşdur.
Həştərxan
Dekabrın 12-də Rusiya
Federasiyasının Həştərxan şəhərində
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anım günü ilə əlaqədar silsilə
tədbirlər keçirilmişdir.
AzərTAc xəbər verir ki, ulu
öndər Heydər Əliyevin Həştərxan şəhərinin
mərkəzində ucaldılmış abidəsi
önündə keçirilmiş anım mərasimində
şəhərin rəhbərliyi, iş adamları, diaspor
üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
Həştərxan bölməsinin təmsilçiləri,
ictimaiyyət nümayəndələri və həmvətənlərimiz
iştirak etmişlər.
Əvvəlcə
ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi
önünə əklillər, gül dəstələri
qoyulmuşdur.
Anım mərasimində
çıxış edənlər ulu öndər Heydər
Əliyevin dahi şəxsiyyət olduğunu
vurğulamış, onun əsasını qoyduğu siyasətin
və həyata keçirdiyi uğurlu islahatların əhəmiyyətindən
danışmışlar. Çıxışlarda
Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin
inkişafında, ölkənin dünya birliyinə
inteqrasiyasında Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən,
Azərbaycanın bu günü və gələcəyi
üçün onun müəyyənləşdirdiyi
inkişaf strategiyasının əhəmiyyətindən bəhs
edilmişdir. Bildirilmişdir ki, Heydər
Əliyev, sözün əsl mənasında, əvəzsiz
lider və bənzərsiz dövlət xadimi idi. Müasir müstəqil Azərbaycanın qurucusu və
memarı olan Heydər Əliyev xalqın qəlbində
ümummilli liderlik zirvəsinə yüksəlmişdir.
Çıxışlarda, həmçinin
qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən
Həştərxan vilayətinə xüsusi diqqət və
qayğı göstərmişdir. Bu gün ulu öndərin
layiqli davamçısı Prezident İlham Əliyev də
Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan
vilayəti ilə hərtərəfli əməkdaşlığa
böyük önəm verir. Azərbaycan hökuməti
və Heydər Əliyev Fondu tərəfindən Həştərxan
vilayətində həyata keçirilən irimiqyaslı layihələr,
həmçinin Bakı şəhərinin və Həştərxan
vilayətinin Nərimanov rayonları arasındakı sıx
dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət
və qayğının məntiqi nəticəsidir.
Kiyev
Dekabrın 11-də Ukraynada yaşayan Azərbaycanlı Gənclər
İttifaqı (UAGİ) ulu öndər Heydər Əliyevin vəfatının
10-cu ildönümünə həsr edilmiş tədbir
keçirmişdir. Kiyevdə 10 dərəcə şaxta
olmasına baxmayaraq, xeyli sayda gənc həmvətənimiz, eləcə
də onların ukraynalı yaşıdları ulu öndər
Heydər Əliyevin adını daşıyan bağda onun
abidəsi ətrafında toplaşmışdır.
Əvvəlcə Azərbaycan
xalqının ümummilli liderinin abidəsi önünə tər
çiçəklər qoyulmuş, ulu öndərin Azərbaycan
dövləti və Azərbaycan xalqı qarşısında
tarixi xidmətlərinə görə səmimi minnətdarlıq,
zəmanəmizin görkəmli dövlət və siyasət
xadiminin xatirəsinə dərin ehtiram əlaməti olaraq
çoxlu şam yandırılmışdır.
Sonra UAGİ-nin sədri Anar Tahirov anma mərasiminin iştirakçılarına müraciətlə giriş nitqi söyləmişdir. A.Tahirov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, xalqın rifahının yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş yorulmaz fəaliyyəti barədə söhbət açmışdır.
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin
top-meneceri Həzi Aslanov, UAGİ-nin rəhbərinin müavini
Cavid Hüseynzadə, UAGİ-nin Xerson vilayət təşkilatının
sədri Elbin Quliyev, UAGİ-nin icraçı katibi Elməddin
Zərbəlizadə və başqaları Heydər
Əliyevin işıqlı xatirəsinə yüksək
ehtiram bildirən səmimi sözlər söyləmişlər.
Bütün
çıxışların ana xətti belə bir fikirdən
ibarət olmuşdur ki, ulu öndər, Ukraynanın
böyük dostu Heydər Əliyevin xatirəsi təkcə qədirbilən
Azərbaycan xalqının deyil, xeyirxah Ukrayna xalqının qəlbində
də əbədi yaşayacaqdır.
AzərTAc
Azərbaycan.-2013.-13 dekabr.-S.6.