Azərbaycan müəllimlərinin
XIV qurultayına
Hörmətli qurultay
iştirakçıları!
Sizi və sizin simanızda
bütün Azərbaycan
müəllimlərini səmimi-qəlbdən
salamlayır, hamınıza
cansağlığı və
xoşbəxtlik, fəaliyyətinizdə
yeni-yeni nailiyyətlər
arzulayıram.
Azərbaycan müəlliminin tarixən
xalqımızın intellektual
potensialının formalaşdırılmasında
böyük xidmətləri
vardır. Dilimizin, ədəbiyyatımızın,
mədəniyyətimizin və mənəviyyatımızın
keşiyində dayanan müəllim daim cəmiyyətimizdə hörmət və
ehtiramla əhatə olunmuşdur.
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında
məhz müəllimin gərgin zəhməti və gündəlik
fəaliyyəti durur. Təhsil
sistemində həyata keçirilən bütün
işlər, o cümlədən son on il
ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşməsinin
artırılması, idarə edilməsinin təkmilləşdirilməsi
və digər islahatlar
bütövlükdə təhsilimizin aparıcı qüvvəsi
olan müəllimin mövqeyinin
gücləndirilməsi üçün
möhkəm zəmin yaradır.
"Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası"nın
qəbul olunmasından sonra keçirilməsi qurultayınızı Azərbaycan
müəllimlərinin əvvəlki
ali məclislərindən
fərqləndirən mühüm
hadisədir. Strategiya
qarşıdakı dövr üçün milli təhsil
sisteminin prioritet
istiqamətlərini və başlıca məqsədlərini
müəyyən edərək sizin qarşınızda
xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli
yeni vəzifələr qoyur. Onun tələbi sürətlə
modernləşən ölkəmizdə təhsil sisteminin insan
kapitalının inkişafına xidmət etməsinin, təhsilin
keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə
çatdırılmasının və bütün
pillələrində köklü dönüş yaradılmasının,
həmçinin müəllimin səmərəli fəaliyyətinin
dünya standartlarına uyğun
təşkilinin təmin olunmasından ibarətdir.
Qurultayınızın ötən müddət ərzində
görülən işləri
obyektiv qiymətləndirəcəyinə,
taleyüklü məsələlər
ətrafında müzakirələri
və qərarları
ilə ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfəsini verəcəyinə
ümidvar olduğumu bildirir və hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə
olunması, azərbaycançılıq məfkurəsinə
sadiq və qloballaşan
dünyada ölkəmizi layiqincə təmsil
etməyə qadir vətəndaş
yetişdirilməsində bundan sonra da var
qüvvəsini əsirgəməyəcəkdir.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 dekabr 2013-cü il
Azərbaycan.-2013.-15
dekabr.-S.1.