«Od və alov» alman jurnalında
Almaniyanın "Genibenund reisen" jurnalında "Od və alov" başlıqlı məqalə dərc olunmuşdur.
Bakıya səfər edən müəllif
yazısında öz təəssüratlarını oxucularla
bölüşür. Paytaxta xüsusi gözəllik verən
"Alov qüllələri" kompleksinin təsviri ilə başlanan məqalədə
bu kompleksdə yenicə istifadəyə verilən "Fairmont
Baku" hoteli haqqında ətraflı söhbət açılmışdır.
Hotelin həm dizayn, həm də texniki cəhətdən ən
yüksək səviyyədə tikildiyi qeyd olunan məqalədə
müəllif onun texniki məqamlarını
açıqlayır: hotel binasının fasadı 70 min
kvadratmetr sahədə şüşə ilə
örtülmüş, inşası zamanı 1500 ton metal və
235 min kubmetr beton sərf edilmişdir.
Təəssürat dolu dizaynı ilə diqqət çəkən hotelin 36 mərtəbədən ibarət olduğu vurğulanaraq, otaqlarının sahəsi ən azı 50 kvadratmetr təşkil edən 318 lüks nömrənin, mərmərlə işlənmiş vanna otaqlarının xüsusi memarlıq üslubu qeyd olunmuşdur.
Bildirilmişdir ki, gecə şəhər gəzintisinə çıxanlar Bakının istənilən yerindən kompleksin işıq şousunu müşahidə edə bilərlər. Lazer effekti ilə yaradılan bu şou olduqca maraqlıdır.
Müəllif bildirir ki, hotelin yerləşdiyi "Alov qüllələri" adlı binalar kompleksi ölkənin "Odlar diyarı" kimi izah edilən adına müvafiq olaraq ucaldılmışdır. Bakı şəhərinin simvoluna çevrilən bu tikili artıq təyyarədən qonaqların diqqətini cəlb edir.
Vurğulanır ki, "Alov qüllələri" UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş tarixi İçərişəhərin panoramını tamamlayır.
Vüqar
SEYİDOV,
AzərTAc-ın
xüsusi müxbiri
Berlin
Azərbaycan.-2013.-14 dekabr.-S.7.