Bakıda Azərbaycan müəllimlərinin
XIV qurultayı keçirilmişdir
Dekabrın
14-də Heydər Əliyev Mərkəzində Azərbaycan
müəllimlərinin XIV qurultayı keçirilmişdir.
AzərTAc
xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə
Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə gül
qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Sonra
Şəhidlər xiyabanına gələn qurultay
iştirakçıları ölkəmizin azadlığı
və suverenliyi uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları
üzərinə gül dəstələri düzmüşlər.
Ölkənin
bütün bölgələrindən nümayəndələrin
seçildiyi qurultayda Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev,
Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət
və hökumət nümayəndələri, Milli Məclisin
deputatları, elm xadimləri və təhsil ictimaiyyətinin
nümayəndələri iştirak etmişlər.
Qurultay açıq elan edilmişdir.
Azərbaycan Respublikasının dövlət
himni səslənmişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadə Prezident İlham Əliyevin qurultaya təbrik məktubunu
oxumuşdur (Təbrik məktubu qəzetin bugünkü
nömrəsində dərc olunur).
Sonra təhsil
naziri Mikayıl Cabbarov hesabat məruzəsi ilə
çıxış etmişdir.
Nazir
demişdir ki, bu gün təhsil sisteminin mövcud durumunu dəyərləndirəcək,
qloballaşan dünyada təhsilimizin inkişaf
yollarını, yeni strateji istiqamətləri və
qarşıda duran başlıca hədəfləri birlikdə
müzakirə edəcəyik.
M.Cabbarov
xatırlatmışdır ki, düz 107 il bundan əvvəl,
1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun rəhbərlik
etdiyi rus-Azərbaycan məktəbində Azərbaycan müəllimlərinin
I qurultayı keçirilmişdir. Qurultayın işində o
dövrün Həsən bəy Zərdabi, Nəriman Nərimanov,
Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Firidun bəy Köçərli, Üzeyir bəy
Hacıbəyli, Süleyman Sani Axundov kimi tanınmış
maarifçi ziyalıları iştirak etmişlər. XX əsrin əvvəllərində
maarifçilik ideyaları ətrafında birləşən
bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə nəticələnmişdir.
Bildirilmişdir
ki, AXC-nin qısa ömür sürməsinə baxmayaraq, milli
dövlətçilik ideyaları xalqımızın qəlbində
möhkəm kök salmış, onu daim irəliyə,
dövlətçiliyin əsaslarının qurulmasına
istiqamətləndirmişdir. Bu tarixi missiyanı, yəni hər
bir xalqın öz inkişafında arzulaya bildiyi ən
yüksək və müqəddəs məqsədi - müstəqil
dövlətin qurulması və onun ən çətin
sınaqlardan keçərək möhkəm bünövrə
üzərində bərqərar olunması missiyasını
ulu öndərimiz
Heydər Əliyev şərəflə yerinə
yetirmişdir. Ümummilli liderin
siyasətini layiqincə davam etdirən Prezident İlham
Əliyev qısa müddət ərzində ölkəmizi
inanılmaz şəkildə dəyişdirməyə nail
olmuş və dövlətimizi ən uca zirvələrə
qaldırmışdır.
Prezident
İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə həyata keçirdiyi
düşünülmüş və uzaqgörən daxili və
xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü
və ardıcıl islahatlar müstəqil Azərbaycanı
siyasi və iqtisadi baxımdan sabit, davamlı inkişaf edən
dövlət, beynəlxalq aləmdə etibarlı tərəfdaş,
regionda lider ölkə kimi tanıtmışdır. Ölkədə
siyasi sabitlik və məqsədyönlü islahatlar prosesi
misilsiz iqtisadi artımla müşayiət olunmuş, sosial həyatın
hər bir sahəsində tərəqqiyə güclü təkan
vermişdir.
Təhsil
naziri vurğulamışdır ki, son 10 ildə aparılan
sosialyönümlü islahatlar nəticəsində müasir
tələblərə cavab verən infrastruktur layihələri
həyata keçirilmiş, yüksək standartlara cavab verən
təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri
inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə
sosial sferanın - o cümlədən təhsil sahəsində
əsaslı islahatların aparılmasına təkan
vermiş, onun davamlı inkişafına stimul
yaratmışdır.
Lakin həyat
yerində durmur, dünya hər gün dəyişir,
inkişaf edir. Bu dəyişikliklərlə
daim ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə
hər gün çalışmalı, böyük zəhmət
hesabına qazandığımız nailiyyətlərin qorunub
saxlanılmasını və dönməzliyini təmin etməliyik.
Təhsil
naziri Mikayıl Cabbarov Azərbaycanda aparılan təhsil
islahatlarına və təhsilin inkişafına öz layiqli
töhfələrini vermiş Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü
işləri yüksək qiymətləndirmişdir.
Təhsil
sahəsinin inkişafı ilə bağlı ölkəmizdə
aparılan işlərdən söz açan nazir demişdir:
"Dövlətimizin
başçısının yeni prezidentliyi müddətində
ilk imzaladığı sənədlərdən biri - "Azərbaycan
təhsilinin inkişafı üzrə Dövlət
Strategiyası" olmuşdur. Sənədin missiyası ölkəmizin modernləşdirilməsi
üçün zəruri olan insan kapitalını inkişaf
etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət
qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların
başlıca istiqamətlərini müəyyənləşdirir,
Azərbaycan təhsilinin XXI əsrin
çağırışlarına uyğun inkişaf
üfüqlərini özündə ehtiva edir və təhsilin
bütün pillələrində keyfiyyətcə yeni mərhələyə
başlamağı - "qara qızılı insan
qızılına çevirək" fəlsəfəsini
qarşımıza əsas vəzifə kimi qoyur. Bu sənəd
təhsil ilə bağlı olan bütün subyektləri və
fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik, həmçinin Azərbaycanın
gələcək inkişafının davamlı xarakter
alması üçün peşəkar bilik və
bacarıqlara yiyələnən və rəqabətədavamlı
insan resurslarının yetişdirilməsi missiyasına xidmət
edir, Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə
keçidi istiqamətində genişmiqyaslı tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur".
Nazir
vurğulamışdır ki, Dövlət Strategiyasında təhsilin
keyfiyyətinin yaxşılaşdırılması, təhsili
idarəetmə sisteminin yenidən qurulması, kadr
hazırlığının gücləndirilməsi, müəllim
peşəsinin nüfuzunun artırılması, müəllimin
karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması, müasir təfəkkürlü
Azərbaycan vətəndaşının yetişdirilməsi əsas
hədəflər kimi götürülür. Strategiyanın
reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini
təmin edən səriştəli təhsilverənlərin
formalaşdırılmasına, təhsildə nəticələrə
görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə
və idarəetmə mexanizmlərinin, müasir tələblərə
uyğun və
ömür boyu təhsili təmin edən təhsil
infrastrukturunun təşəkkülünə zəmin
yaradacaqdır. Bu sənəd, həmçinin
ölkəmizin modernləşməsi üçün zəruri
olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil
infrastrukturunun Azərbaycanın perspektiv inkişaf
konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək,
ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və
informasiya cəmiyyətinin təşəkkülünü,
davamlı inkişafını təmin edəcəkdir. Bu sənəddə
biz bilik cəmiyyətinin, kreativ təhsil düşüncəsinin,
hədəfləri ölçülə bilən fəaliyyət
çərçivəsinin və yeni təhsil fəlsəfəsinin
ana xətlərini görə bilərik. Burada əsas ehtiva
olunan dəyər odur ki, Azərbaycanda təhsil dövlət
siyasətinin əsas prioritetinə çevrilir.
Bu
baxımdan Təhsil Nazirliyi Strategiyanın icrası istiqamətində
bütün maraqlı tərəflərlə, hədəf
qrupları ilə faydalı əməkdaşlıq əlaqələri
yaratmaq niyyətindədir. Strategiyada nəzərdə tutulan hədəflərə
nail olunması prosesində birgə iş aparılmalı və
problemlərin həlli yolları birgə araşdırılmalıdır.
Strategiyanı reallaşdıran əsas vasitə kimi
"Açıq təhsil" modelinin qurulması və tətbiqi
nəzərdə tutulur. Bu model bir sıra konseptual
yanaşmalar üzərində qurulacaqdır.
Strategiyanın
birinci istiqaməti səriştəyə əsaslanan, şəxsiyyətyönlü
təhsil məzmununun yaradılmasını və təhsilin
bütün pillələri üzrə kurikulumların
inkişafı kimi vacib hədəfi əhatə edir.
Nazir diqqətə
çatdırmışdır ki, növbəti tədris ilində
artıq təhsilalanların həftəlik və gündəlik
dərs yükünü azaltmaqla paralel olaraq tədris ilinin
müddətinin artırılması istiqamətində
addımlar atılacaqdır. Bunun həyata keçirilməsində
əsas məqsəd 32 həftəlik tədris ili və 5
günlük iş rejimi şəraitində şagirdlərin
həddən artıq yüklənməsinin
qarşısını almaq, 3 ay yarım tədrisdən
ayrılmasının onların akademik davamiyyətinə mənfi
təsirini
azaltmaq, şagirdlərin sağlamlığının
qorunmasını təmin etmək, ən başlıcası
isə tədris prosesinin optimallaşdırılmasını
və səmərəli təşkilini təmin etməkdən
ibarətdir. Həmçinin yuxarı siniflərdə məcburi
və seçmə fənlər modelinin tətbiqi nəzərdə
tutulur.
Qeyd
edilmişdir ki, 12 illik ümumi təhsilə keçid
kurikulumların yenilənməsinə və tam orta təhsil səviyyəsində
təlimin profilləşməsinə təkan verəcəkdir.
Təmayüllü
məktəb və siniflər şəbəkəsi
uşaqların gələcək əmək fəaliyyəti
sahəsinin seçilməsinə kömək göstərəcəkdir.
Eyni zamanda, biz pedaqoji təlimi təhsilin ikinci əsas
funksiyasından - tərbiyədən ayırmamalıyıq,
uşaqlarımızı erkən yaşdan düzgün - saf
və təmiz tərbiyələndirməliyik. Məktəbdə
uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir.
Şagirdlərin marağının artırılması və
dünyagörüşünün inkişafını təmin
etmək məqsədi ilə məktəbdənkənar
müəssisələrin işi də mütləq
yaxşılaşdırılmalıdır. Bu sahədəki
mövcud vəziyyət bizi qətiyyən qane etmir.
Mikayıl
Cabbarov bildirmişdir ki, təhsilin məzmununun təkmilləşdirilməsindən
söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmaz. Əvvəlki
illərdə də olduğu kimi, indi də yaxşı dərs
vəsaitlərinə və metodik ədəbiyyata
böyük ehtiyacımız vardır. Təhsilin səviyyəsi
xeyli dərəcədə bunların keyfiyyətindən və
məzmunundan asılıdır. Təhsil Strategiyasında
kurikuluma əsaslanan yeni dərsliklərin yaradılmasına,
şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunmasına böyük diqqət
ayrılır.
Müasir
təhsil sistemində mövcud problemlərdən söz
açan Mikayıl Cabbarov vurğulamışdır ki, bu sahədə
olan qüsurların əsas səbəblərindən biri
pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət
qədər ixtisaslı olmamasından irəli gəlir. Nazir demişdir
ki, mövcud vəziyyəti dözülməz hesab edərək,
pedaqoji kadr hazırlığı məsələlərinə
xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri
davamlı olaraq aşağı olan təhsil müəssisələrinin
fəaliyyətinin dayandırılmasını vacib sayırıq. Müəllim
peşəsinin ictimai nüfuzunun artırılması, onun
yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə
istedadlı gənclərin cəlb olunması islahatların
uğurla həyata keçirilməsi üçün ən
vacib amillərdir. Müəllim sənətinə istedadlı
gənclərin cəlb edilməsi məqsədilə dövlət
sifarişinin imkanlarından səmərəli istifadə
olunmalı, tələbə dövründən başlayaraq
maddi stimullaşdırma mexanizmləri işə
salınmalıdır.
Mikayıl
Cabbarov bildirmişdir ki, təhsil sisteminin keyfiyyət göstəricilərinin
kəskin yaxşılaşdırılmasını təmin
etmək məqsədilə biz mövcud müəllim
korpusunun təkmilləşdirilməsi ilə eyni vaxtda bu
gün müəllim kimi fəaliyyət göstərməyən,
lakin müvafiq bilik və səriştəyə malik olan
peşəkarların və elm mütəxəssislərinin təhsil
sektoruna cəlb edilməsinə nail olmalıyıq. Bu məqsədlə Təhsil
Nazirliyi onlar üçün pedaqoji hazırlıq kursları
təşkil etməyə hazırdır. Müəllimlərin
peşəkarlıq səviyyəsinin könüllü əsaslarla
yoxlanılması nəzərdə tutulur. Keçiriləcək
könüllü attestasiya nəticəsində uğur əldə
edən müəllimlərə aldıqları dərəcələrə
görə diferensiallaşdırılmış əməkhaqqının
verilməsi təmin ediləcək, attestasiyadan keçməyən
müəllimlər üçün isə təlimlər təşkil
olunacaq, növbəti attestasiyaya hazırlaşmaq
üçün imkan yaradılacaqdır. Müəllimin
karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə yeni sistemin
yaradılması üçün müvafiq addımlar
atılacaq, pedaqoji fəaliyyətinin qiymətləndirilməsindən
sonra onun maddi motivasiya və vəzifə yüksəlişinin
təmin olunması üzərində işləmək
lazım gələcəkdir.
Bildirilmişdir
ki, üçüncü strateji istiqamət təhsildə nəticələrə
görə cavabdeh, şəffaf və səmərəli idarəetmə
mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Müasir
təhsili idarəetmə strukturunda tənzimləmə və
əməliyyat funksiyaları ayrılmalı, akkreditasiya,
sertifikatlaşdırma və peşə təhsili üzrə
yeni idarəetmə strukturları yaradılmalı, təhsil
müəssisələrinin sayı və növləri rasionallaşdırılmalı,
pillələr və səviyyələr üzrə təhsilin
strukturu təkmilləşdirilməlidir. Bu istiqamət üzrə ilk
addımımız hazırkı məktəb direktorları və
məktəb direktoru olmaq arzusunda olan digər şəxslər
üçün müasir peşə standartları əsasında
təlimlərin təşkili olacaqdır. Təlimi uğurla
bitirən və imtahanda yüksək nəticə göstərib
keyfiyyət sertifikatı almış şəxslər məktəb
direktoru təyin olunacaqlar. Bu kateqoriyadan olan məktəb
direktorlarının əməkhaqqına əlavələr təyin
ediləcəkdir.
Nazir demişdir
ki, artıq ali təhsil müəssisələrinin idarə
olunmasının mütərəqqi prinsiplərinə əsaslanan,
iqtisadi cəhətdən səmərəli və akademik
göstəricilərinin yüksək olmasını təmin
edən yeni tələblər üzərində
qurulmasının vaxtı gəlib çatmışdır. Bu gün universitetlərimizin
elmi kadr, zəngin təcrübə və maddi bazasının
potensialından ali təhsildən kənarda, demək olar ki,
istifadə olunmur. Diqqət yalnız qəbula yönəlir, gəlir
mənbəyi kimi ancaq tələbələrin təhsil
haqqı əsas götürülür. Halbuki dünyanın ən
reytinqli təhsil ocaqlarında təhsil haqqı onların
büdcəsinin heç dörddəbirini təşkil etmir.
Mikayıl
Cabbarov diqqətə çatdırmışdır ki,
Strategiyada ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi,
dövlət və özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil üzrə qəbul
planının ləğv edilməsi və dövlət
sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi
nəzərdə tutulmuşdur. Bizim bu məsələyə
yanaşmamız ondan irəli gəlir ki, dövlət və
ya özəl təhsil müəssisəsi
olmasından asılı olmayaraq, keyfiyyətli təhsil vermək
imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji
heyətin potensialına görə bütün ali təhsil
ocaqları iki qrupa bölünməlidir.
Növbəti
tədris ilindən başlayaraq ali təhsil müəssisələri
üzrə "SABAH" qruplarının, yəni savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət qrupların təşkili üçün
seçimin aparılması nəzərdə tutulur. Bu yeniliyin məqsədi
xüsusi istedadı ilə seçilən və təhsildə
göstəriciləri ilə fərqlənən tələbələrə
yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli
şəraitin yaradılmasından ibarətdir.
Təhsil
naziri bildirmişdir ki, dördüncü strateji istiqamət
müasir tələblərə uyğun və ömür
boyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyasına
uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması,
distant təhsil, istedadlı və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün təhsil və
inkişaf, yaşlıların təhsili, peşə-ixtisas
və təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən regional universal mərkəzlərin,
müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin qurulması, kampusların
yaradılması kimi tədbirləri ehtiva edir.
Ali təhsil
müəssisələrinin iriləşdirilməsi, bir
universitetdə tələbə kontingentinin azı 10-15 minə
çatdırılması təmin olunmalıdır. Rasionallaşdırma
tədbirləri, eyni zamanda, ümumi təhsil pilləsində
həyata keçirilməli, müəllim-şagird nisbəti
tədricən iki dəfəyədək
artırılmalı, məktəb müəllimlərinin həftəlik
dərs yükü hazırkı 12 saatdan 18 saata
qaldırılmalıdır. Biz resurslarımızı səpələmək
hesabına deyil, əksinə, onları güclü mərkəzlərdə
toplamaqla qısa müddət çərçivəsində
yaxşı nəticələr əldə edə bilərik.
Erkən yaşlı uşaqların məktəbəqədər
təhsillə əhatə səviyyəsi əhəmiyyətli
dərəcədə artırılmalı və yekunda 90 faiz
səviyyəsinə çatmalıdır. Bunun
üçün böyük maliyyə və pedaqoji resurslar təminatı
məsələsi həll olunmalıdır. Bir
növbəli və 5 günlük rejimdə fəaliyyət
göstərən ümumtəhsil məktəb şəbəkəsinin
yaradılması üçün yeni məktəb
binalarının inşası təmin olunmaqla yanaşı, həmçinin
mövcud infrastrukturun imkanlarından tam bəhrələnməliyik.
Beşinci
strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartları ilə eyni səviyyəyə
uyğun təhsil sisteminin maliyyələşdirilməsi
modelinin qurulmasıdır.
Nazir
demişdir ki, hazırda Azərbaycan Respublikasının
ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi,
1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti
vardır. 2013-2014-cü dərs ilində 137 mindən çox
şagird ilk dəfə məktəbə qədəm
qoymuşdur.
İlk
peşə-ixtisas təhsili pilləsində mövcud olan 108
müəssisədə 29 min 337 nəfər şagird tədris
prosesinə cəlb edilmişdir. Orta ixtisas təhsili pilləsində 64 min 116 nəfər
tələbə 59 müəssisədə təhsil alır.
Hazırda 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində
136 min 682, magistratura səviyyəsində isə 11 min 245 nəfər
təhsilini davam etdirir.
Təhsil
sahəsinə ayrılan büdcə vəsaitlərinin
ümumi həcminin əhəmiyyətli dərəcədə
yüksəlməsi nəticəsində son 10 ildə ölkəmizdə
təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində
mühüm işlər görülmüş, 2700-dən
çox orta məktəb tikilmiş və ya əsaslı təmir
olunmuşdur. Nəticədə
1 milyondan artıq şagirdin təlim şəraitinin
yaxşılaşdırılması təmin edilmişdir. Bu
dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə
yönəlmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası istiqamətində
əhəmiyyətli addımlar atılmışdır. Bununla yanaşı, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsilinə dair Dövlət
Proqramı" çərçivəsində indiyədək
2612 azərbaycanlı gənc Azərbaycan Respublikası
Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməklə,
dünyanın inkişaf etmiş ölkələrinin
tanınmış universitetlərinə ali təhsil almağa
göndərilmişdir.
Ötən
müddətdə təhsil sisteminin
informasiyalaşdırılması sahəsində də müəyyən
nailiyyətlər qazanılmışdır. Bu dövrdə
təhsilin informasiyalaşdırılması sahəsində
iki Dövlət Proqramının icrası nəticəsində
2004-cü ildə hər 1063 şagirdə bir kompyuter
düşdüyü halda, hazırda hər 18 şagirdə
bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin
37 faizi internet şəbəkəsinə qoşulmuşdur.
Təhsil
Nazirliyi tərəfindən son yeddi ayda görülmüş
işləri təhlil edən Mikayıl Cabbarov bu müddətdə
bir sıra əhəmiyyətli addımlar
atıldığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, belə addımlardan biri XI
sinfi bitirən 91 mindən çox gəncin hamısına
attestat almaq hüququnun verilməsi olmuşdur. Növbəti müsbət addımımız
respublika ümumtəhsil və ilk peşə-ixtisas müəssisələrinə
müəllimlərin işə qəbuludur. Əvvəlki
dövrdə müəllimlərin işə qəbulu ilə
bağlı təkcə test imtahanları 6-7 həftə ərzində
aparılırdısa, cari ildə bu proses cəmi 13 günə
öz həllini tapmışdır. Növbəti yenilik - dərs
ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış
xüsusi istedadı ilə seçilən uşaqların
vaxtından əvvəl məktəbə qəbulu üzrə
yeni qaydaların tətbiqidir. Yeni qaydalara uyğun
yaradılmış komissiyaların fəaliyyəti nəticəsində
8 min 846 uşaq bu il vaxtından əvvəl birinci sinfə qəbul
olunmuşdur. Təhsil Nazirliyi tərəfindən
bu il, həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafına yönəlmiş və
dövlət-biznes tərəfdaşlığına əsaslanan
sosial xarakterli "Müasir Azərbaycan peşəkarları"
layihəsinin icrasına başlanılmışdır.
Nazir qazanılan
uğurlar arasında "2007- 2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsilinə dair Dövlət
Proqramı" üzrə layiqli namizədlərin seçilməsi
prosesini xüsusi qeyd etmişdir. Diqqətə
çatdırmışdır ki, proqramın icra olunduğu 6
il ərzində ilk dəfə ali təhsil müəssisələrinin,
nazirliklərin, qeyri-hökumət təşkilatlarının
əməkdaşlarından ibarət tərkibdə komissiyalar
namizədlərlə tam şəffaf şəkildə təhsil
alacaqları dildə müsahibələr aparmış və
obyektiv
seçim etmişlər. Bu il əvvəlki illərlə
müqayisədə sayca ən çox tələbə - 787
nəfər aparıcı xarici ölkələrin ali məktəblərində
təhsil almaq hüququ qazanmışdır.
Cari ildə
təhsil sistemində dərin kök salmış mənfi
hallarla mübarizənin gücləndirildiyini söyləyən
M.Cabbarov demişdir ki, nazirliyin mərkəzi aparatında aparılmış
struktur dəyişiklikləri nəticəsində daxili nəzarət
şöbəsi yaradılmış və daxil olan
siqnalların birbaşa həmin şöbədə
araşdırılması təmin olunmuşdur. Dəfələrlə
edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi
nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri
vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində
digər intizam tənbehi görülmüşdür. İki
hal üzrə toplanmış materiallar araşdırılmaq
üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif
Əlizadə təhsil işçilərini əlamətdar
hadisə münasibətilə təbrik etmiş, onlara işlərində
uğurlar arzulamışdır.
Təhsillə
elmin vəhdətinin zəruriliyindən söz açan
akademik, ölkəmizdə elmin inkişafının bu vəhdətdən
asılı olduğunu vurğulamışdır. Bildirmişdir ki, elmlə təhsilin
vəhdəti üçün AMEA-nın institutlarında baza
kafedraları yaradılmışdır. Ali məktəblərin
rektorları bu təşəbbüsü dəstəkləmişlər.
Akademiyada olduğu kimi, universitetlərdə də elmlə təhsilin
vəhdətinin yaradılması istiqamətində
addımlar atılmalı, müvafiq kafedralar
yaradılmalıdır.
AMEA-nın
prezidenti orta məktəblərdə elm guşələrinin
yaradılması təşəbbüsü ilə də
çıxış etmişdir.
Qurultayda
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri
Nağıyev muxtar respublikada təhsilin inkişafı istiqamətində
aparılan işlər barədə
geniş məlumat vermişdir.
Bildirilmişdir
ki, son illər muxtar respublikanın şəhər və kəndlərində
200-dən artıq yüksək keyfiyyətli, dünya
standartlarına cavab verən, yeni avadanlıqla təchiz
edilmiş, kompyuter dəstləri və elektron lövhələrlə
təmin olunmuş təhsil müəssisələri
tikilmiş və əsaslı təmir olunaraq şagirdlərin
istifadəsinə verilmişdir.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində
və ucqar dağ kəndlərində, ümumilikdə, 1072
şagird yerlik, müasir avadanlıqla tam təmin olunan məktəblər
inşa edilmişdir.
P.Nağıyev demişdir ki, Prezident İlham
Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq
muxtar respublikanın ümumtəhsil məktəblərində
542 elektron lövhə quraşdırılmış, təhsil
müəssisələrinə hər 14 şagirdə bir
kompyuter düşməklə 3355 kompyuter dəsti verilmiş,
bu kompyuterlərin 84 faizi internetə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində
təhsil alan şagirdlərə 1.753.282 nüsxə dərslik
paylanılmış, ümumtəhsil məktəblərindəki
kitabxanalara hədiyyə olaraq 620.117 nüsxə bədii ədəbiyyat
verilmişdir.
Həyata
keçirilən uğurlu təhsil islahatı
özünü ali məktəblərə qəbulda da
qabarıq şəkildə göstərmişdir. 2012-2013-cü tədris
ilində muxtar respublikanın ümumtəhsil məktəblərini
4186 nəfər bitirmiş, onlardan 3238-i ali məktəblərə
sənəd vermişdir. İmtahanda iştirak edən abituriyentlərdən
1677 nəfəri ali məktəblərə qəbul
olunmuşdur ki, bu da sənəd verənlərin 51,59 faizi deməkdir.
Ali məktəblərə qəbul olunanlardan 312 nəfəri
500-700 intervalında bal toplamışdır. Bu da ötən
illə müqayisədə 45 nəfər çoxdur.
Ötən
dərs ilində muxtar respublikada təhsildə yüksək nəticələrə
nail olan 20 şagirdə medal verildiyi halda, bu il medal
alanların sayı 24 nəfər olmuşdur. Həmin məzunlar göstərilən
etimadı doğrultmuş, 3 nəfəri 550-600 , 7 nəfəri
600-650 və 14 nəfəri isə 650-700 intervalında nəticə
göstərmişdir.
Piri
Nağıyev demişdir ki, son 10 ildə Naxçıvan
Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə
görə 54 nəfər "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adına layiq görülmüş, 52 nəfər isə
"Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə
müəllimlərin istirahət və müalicə işlərinin
təşkili, onların hüquqlarının qorunması
istiqamətində görülən işlərdən
danışmışdır.
Müəllimlərin
sosial vəziyyətlərinin
yaxşılaşdırılmasında ulu öndər Heydər
Əliyevin müstəsna xidmətlərini xatırladan
S.Mehbalıyev demişdir ki, hazırda bu iş Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. İldən-ilə təhsilin inkişafına ayrılan dövlət vəsaitinin
artırılması bunun əyani sübutudur.
Müəllimlərin
dünyada gedən informasiya müharibəsinin ön cərgəsində
olduqlarını bildirən Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə isə demişdir ki,
həm orta, həm də ali məktəblərdə təhsilin
keyfiyyətinin yüksəldilməsi ardıcıl
aparılmalıdır. O bildirmişdir ki, XXI əsrin öz tələbləri
vardır. Yeni texnologiyalar cəmiyyətin həyatını dəyişir.
Beynəlxalq elmi dairələr XXI əsrdə inkişaf
üçün məlumatı dinamik idarə etməni,
komandada işləmək bacarığını, texnologiyadan
səmərəli istifadəni və davamlı bilik
yaratmağı əsas sayırlar. Belə bir şəraitdə
müəllimlər zamanın nəbzini tutmaq
üçün daim öz üzərlərində
çalışmalıdırlar.
M.Abbaszadə
"Azərbaycanda təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın əsas məqsədinin
biliklərə əsaslanan cəmiyyət qurmaq olduğunu
bildirmişdir. O
qeyd etmişdir ki, təhsil sahəsində yeniliklər baş
verdikcə qiymətləndirmə də dəyişikliklərə
məruz qalır. Müasir dövrdə təhsildə qiymətləndirmə
metodları fərqlidir, ancaq pedaqoji universitetlərdə bu sahədə
tədris aparılmır. Bu universitetlərdə müasir qiymətləndirmə
kursları yaradılmalıdır.
Qurultayda
çıxış edən Milli Məclisin deputatı Bəxtiyar
Əliyev Prezident İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu, ölkəmizdə təhsilin modernləşdirilməsi
üçün kifayət qədər vəsait
ayrıldığını diqqətə
çatdırmışdır. O bununla yanaşı, Azərbaycanda müəllim
hazırlığı ilə bağlı bitkin modelin
olmadığını, bu işin köklü şəkildə
yenidən qurulmasının vacibliyini bildirmişdir.
B.Əliyev
təhsildə irəliləyiş əldə etmək
üçün müəllimin nüfuzunun geri
qaytarılması barədə düşünməyin
vaxtının çatdığını demiş, təhsil
sistemində psixoloji xidmətin əsaslı şəkildə
yenidən qurulması və tətbiqini zəruri
saymışdır. Bildirmişdir ki, Təhsil Nazirliyi yanında yeni metodik mərkəz
yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin
formalaşması
üçün psixoloji xidmət önə çəkilməlidir.
Milli Məclisin
deputatı təhsilin inkişafı ilə bağlı təkliflərini
də açıqlamışdır. Bildirmişdir ki, yeni nəsil universitetlər
yaradılmalı, bu ali təhsil müəssisələrində
rəqabət qabiliyyətli ixtisaslı kadrlar və mütəxəssislər
hazırlanmalıdır. Mülkiyyət formasından asılı
olmayaraq, bütün ali təhsil müəssisələrində
ödənişli təhsil və qəbul planı ləğv
edilməli, qəbul dövlət sifarişli ixtisaslar üzrə
aparılmalıdır. Ali məktəblərə maliyyə və
təşkilati məsələlərdə müstəqillik
verilməlidir. Eyni zamanda, müəllimin nüfuzunu artırmaq
üçün ona dövlət qulluqçusuna bərabər
status verilməlidir.
Daha sonra
ali təhsil ocaqlarının nümayəndələri,
Bakı, İsmayıllı və Şuşa şəhər-rayon
orta məktəblərinin direktor, müəllim və təhsil
şöbələrinin müdirləri, lisey və texniki
peşə məktəblərinin rəhbərləri
çıxış edərək Azərbaycanda təhsil
sisteminin uğurlarından, qarşıda duran vəzifələrdən
danışmışlar.
Natiqlər
Azərbaycan müəllimlərinin XIV qurultayının təhsil
sisteminin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından əhəmiyyətini qeyd etmişlər.
Çıxışlarda
"Azərbaycanda təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"ndan irəli gələn məsələlər
və qarşıya qoyulan vəzifələr təhlil
olunmuş, Dövlət Strategiyasında nəzərdə
tutulmuş əsas istiqamət və hədəflərin
reallaşdırılması yolları haqqında maraqlı
fikirlər səsləndirilmişdir.
Təhsil
naziri Mikayıl Cabbarov demişdir ki, qurultayın
ünvanına müxtəlif beynəlxalq təşkilatlardan,
o cümlədən UNESCO-nun və
İSESCO-nun baş direktorları İrina Bokova və
Əbdüləziz bin Osman əl-Tüveycridən, Türkiyə,
Gürcüstan və digər ölkələrin müvafiq
nazirliklərindən təbrik məktubları gəlmişdir.
Sonda qurultayın qətnaməsi oxunmuş və qəbul
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.-15 dekabr.-S.3,4.