İspaniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

 

İspaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Evsen" şirkətlər qrupunun təşkilatçılığı Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə İspaniya hökumətinin, parlamentinin üzvləri, 20-dən artıq ölkənin səfirləri, ispan ictimaiyyətinin, işgüzar dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan tələbələrimiz iştirak etmişlər.

Mərasimdə çıxış edən "Evsen" şirkətlər qrupunun prezidenti Əli Evsen ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olmaqla yanaşı, həm də onun qurucusudur. Ümummilli liderin səyləri, uzaqgörən siyasəti nəticəsində qurulmuş müstəqil dövlətimizin hazırda əmin əllərdə olduğunu deyən Əli Evsen qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın nailiyyətləri dünya ölkələrinə nümunə göstərilir. Bütün bu uğurlar ərazilərimizin Ermənistan tərəfindən işğalının davam etdiyi bir şəraitdə baş vermişdir.

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev ulu öndər Heydər Əliyev dühası barədə fikirlərini bildirmiş, ümummilli liderin xarici siyasət konsepsiyası haqqında söz açmışdır. Diqqətə çatdırılmışdır ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsində hazırda Azərbaycan dünya miqyasında nüfuzlu dövlətə çevrilmişdir.

Səfir İspaniya-Azərbaycan əlaqələrinin inkişafına da Heydər Əliyevin böyük töhfələr verdiyini vurğulamışdır.

 Tədbirdə "DIPLOMACIA-Siglo veinte uno" adlı jurnalın Azərbaycana, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan buraxılışı son 10 ildə ölkəmizin nailiyyətlərindən bəhs edən broşürlər qonaqlara təqdim edilmişdir.

Sonra Qurani-Kərimdən ayələr oxunmuşdur.

Daha sonda ümummilli liderin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2013.-15 dekabr.-S.4.