Təbiəti
mühafizənin zirvəsində əbədiləşmiş
alim
XX
əsrdə yaşayıb-yaratmış
görkəmli elm xadimlərindən
biri akademik Həsən Əlirza oğlu Əliyevdir. 86 il ömür
yaşamış böyük alimin əsas elmi fəaliyyəti
torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii
şəraitin qorunub daha
səmərəli
istifadə olunması problemləri, ümumiyyətlə, təbiətşünaslığın
müxtəlif istiqamətləri ilə bağlı olmuşdur. Akademik Cənubi
Qafqaz torpaqlarının
coğrafiyasının tədqiqinə, Azərbaycanda beynəlxalq
bioloji proqramın işlənib
hazırlanmasına böyük əmək
sərf etmişdir. Bundan
başqa, meşə torpaqlarının
coğrafiyası, torpaqların xəritələşdirilməsi,
ekoloji problemlərin həlli, torpaq meliorasiyasının inkişafı sahələrində
misilsiz xidmətlər göstərmişdir.
Respublikanın bütün torpaq mənzərəsinə yaxşı bələd
olan alim tədricən
onun mühafizəsi problemlərinin beynəlxalq
aləmdə təbliğatçısı olmuşdur.
Akademikin belə zəhmətli, lakin şərəfli işlərə
qoşulmasında gördüyü xeyirxah əməlləri və tutduğu vəzifələr ona
geniş imkanlar
açmışdır. Müxtəlif vəzifələrdə
çalışsa da, torpağa
diqqəti bir an belə
azaltmamış və bununla da o, təbiəti
mühafizənin zirvəsində əbədiləşmiş
alim kimi
tanınmışdır. Həsən müəllim bu adı qazandığı bütün
digər elmi adlardan həmişə
üstün tutmuşdur.
Görkəmli alim Həsən
Əliyevin yubileylərində,
elmi konfrans və görüşlərdə
həmişə təbiətin
mühafizəsi ilə
bağlı nəzəri
diskussiyalar və praktik tədbirlər ön plana çəkilərdi. İndiyədək
xatırlayırıq ki, Bakı Dövlət
Universitetinin böyük
iclas salonunda akademikin 70 illik yubileyi ilə əlaqədar keçirilən
yığıncaqda Həsən Əliyev Kanadanın Monreal şəhərindən - Beynəlxalq Coğrafiya Cəmiyyətinin qurultayından təzəcə
qayıtdığını söylədi və söhbətə
bu ölkədə çəkdiyi videofilmin nümayişi ilə
başladı. Kanadanın Qayalı dağları, mənzərələri
və şəhərləri haqqında ətraflı izahat verdi.
Çıxışını ümumiləşdirərkən
Azərbaycanın təbiəti
haqqında qeyd etdi ki, bizim Qafqaz
dağları Kanadanın Qayalı sıra dağlarından qat-qat mənzərəli və zəngindir. Bütün bunlar
xalqımızın daimi
varidatıdır, bu gün
hər birimiz belə gözəl təbiətimizi
qorumağa borcluyuq.
Həsən Əliyev təkrarsız insani xüsusiyyətlərə
malik böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət,
xeyirxahlıq, alicənablıq,
müstəsna qayğıkeşlik
onu ətrafdakılara
doğmalaşdıran və
sevdirən ən mühüm keyfiyyətlərdən
idi. O, bir
şəxsiyyət kimi çox
keşməkeşli həyat yaşadığından yetirmələrinə
müstəsna dərəcədə qayğı göstərirdi.
Akademikin insani keyfiyyətləri
bütün dövrlərdə gənclərin
elmi-tədqiqat işlərinə cəlb olunması və
onların bir tədqiqatçı alim, şəxsiyyət kimi
yetişməsi üçün əsas amil olmuşdur.
Görkəmli alimin hazırladığı
milli kadrlar indi Azərbaycanın aparıcı elmi- tədqiqat institutlarında,
istehsalat, kənd təsərrüfatı müəssisələrində
çalışırlar. Akademik Həsən Əliyevin tutduğu rəhbər vəzifələr isə
əslində genişmiqyaslı idi və
o, həmin vəzifələrdən həmişə
ölkə ərazisində təbiətin mühafizəsinin
təşkili işlərində istifadə etmişdir.
Məlumdur ki, ətraf mühitun mühafizəsi
dövlət strukturları
ilə yanaşı, həm də ümumxalq işi olmuşdur. Ona görə də əhali
arasında bu istiqamətdə təbliğatın
aparılmasında kütləvi informasiya
vasitələrinin müstəsna rolu mühüm əhəmiyyət kəsb edirdi. Akademik Həsən
Əliyev məhz bu məqsədlə elmi-populyar məzmunlu "Azərbaycan təbiəti"
adlı jurnal təsis etmək istəyir.
Həvəslə işə başlayır, hətta ilk nömrəsini hazırlayıb başa çatdıranda məlum olur ki, belə məzmunda
jurnalın nəşrinə icazə həmin dövrdə ancaq Moskvadan - Sov.İKP Mərkəzi Komitəsindən
alınmalı idi. Akademik
ulu öndərə bu
barədə məlumat verir. O zaman Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində
çalışırdı. Heydər Əliyev məsələnin
həlli yolunu açıqlayaraq deyir ki, "...bəli,
jurnalı nəşr etmək üçün
Azərbaycan KP MK-nın qərar verməyə icazəsi yoxdur. Ancaq siz jurnalın adının altında "Elmi-metodiki jurnal"
sözlərini yazın. Bu yazıdan sonra Azərbaycan KP MK-nın belə bir jurnalı nəşr etdirmək hüququ olacaq". Beləliklə,
uzun illər təbiətin mühafizəsi
uğrunda mübarizə aparan
güclü bir mətbuat
orqanı yaranır. Həsən Əliyev 1975-ci ildən
"Azərbaycan təbiəti" jurnalının baş redaktoru olur. Bu misal
aydın şəkildə göstərir ki,
Azərbaycan təbiətinin qorunması işinin
təşkilində Heydər Əliyevin nümunəsi hər
kəsə həmişə çox böyük dayaq olub. Məhz elə bu səbəbdən
də hər bir rayonun
ozamankı birinci vəzifəli şəxsləri
daim təbiətin mühafizəsi
işinə ciddi yanaşıblar.
Akademik Həsən Əliyev Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı
olmuşdur. O, fəaliyyət
göstərdiyi hər bir elmi-tədqiqat institutunda araşdırma işlərinə rəhbərlik
etmiş, onların nəticələrini
nəşr etdirmiş və tətbiqinə
çalışmışdır. 8 cildlik
"Azərbaycan florası"nın yazılmasını və
nəşrini həyata keçirmişdir. "Azərbaycanda
qara torpaqların yayılması",
"Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri",
"Böyük Qafqazın torpaqları və
onlardan səmərəli istifadə
yolları" və s. kimi
fundamental tədqiqatların nəticəsi
olan onlarca monoqrafiya çap etdirmişdir. Görkəmli
alimin gərgin əməyinin məhsulu olan 800-ə qədər elmi
əsər, o cümlədən kitablar və monoqrafiyalar
Azərbaycanda torpaqşünaslıq, botanika,
biocoğrafiya, meşəçilik, ətraf
mühitin mühafizəsi və s. elmlərin mühüm
nailiyyətləri kimi qiymətləndirilmişdir.
Akademik Həsən Əliyevin böyük xidmətlərindən
biri də Azərbaycanda dövlət
qoruqlarının yaradılması
və təşkili ilə bağlı olmuşdur. Mühüm təbiəti qoruyucu əhəmiyyətə malik
olan və əsrlər boyu
Kür çayı sahilləri ilə Xəzər
dənizinə qədər uzanan Tuqay meşələrinin vəziyyəti alimi daha çox
düşündürmüşdü. O,
insanın təsərrüfat fəaliyyəti nəticəsində
kəskin surətdə azalan meşələrin
25 min hektarının Mingəçevir,
Şəmkir su anbarlarının
altında qalmasını heç vaxt yaddan
çıxarmırdı. Alimin rəhbərliyi
altında Ağstafa, Ağdaş
meşə təsərrüfatı ərazisində eyni tipli Tuqay
meşələri əsasında qoruqların
yaradılmasının çox vacib olduğu fikri irəli sürülmüşdü.
Tuqay meşələrini bərpa etməklə
Kür çayı boyunca
təbii şəraiti yaxşılaşdırmaq, burada istirahət və sağlamlıq
ocaqları təşkil etmək, ərazinin estetik
vəziyyətini gözəlləşdirmək alimin böyük arzusu idi.
Akademik Həsən Əliyev təbiətin mühafizəsi
məsələlərini dövlət
idarəçiliyinin tərkib
hissəsinə çevirməyə
nail olmuş və bir çox istiqamətləri önə
çəkmişdir:
- ekoloji proseslərin öyrənilməsi və
təbiətin mühafizəsi məsələlərinin
dövlət miqyasında həlli;
- ətraf
mühitin mühafizəsi üzrə
ixtisaslı kadr hazırlığı, mətbuat
orqanlarının, qəzet və jurnalların təşkili;
- Azərbaycanın
arid iqlimli dağ yamaclarında meşələrin
salınmasına dövlət
yardımının göstərilməsi.
Siyəzən-Şabran istiqamətində
arid iqlimli alçaq dağ yamaclarında salınan və indi göz oxşayan
meşələr buna
bariz misaldır.
Bundan başqa, görkəmli alim müxtəlif landşaft zonalarını
təmsil edən dövlət qoruqlarının
təşkilinə də
səy göstərmişdir. Respublikada həmin dövrdə mövcud olan 14 dövlət
qoruğundan 7-si (Hirkan,
Qarayazı, İsmayıllı, İlisu,
Altıağac, Türyançay və Bəsitçay)
bilavasitə akademikin
təşəbbüsü və təkidi ilə
yaradılmışdır. Quru meliorasiya üsulunun geniş tətbiqi, erroziyaya
məruz qalan quru dağ yamaclarında qoz və
badam ağaclarından ibarət
yaşıl zolaqların yaradılması hələ onun sağlığında öz
nəticəsini vermişdi. Abşeronun
yaşıllaşdırılmasında və zeytun
bağlarının salınmasında alimin
böyük əməyi xüsusi
vurğulanmalıdır.
Akademik Həsən Əliyev Azərbaycan EA-nın Təbiəti mühafizə
komissiyasının sədri
kimi respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsinə
və bir çox tədbirlərin həyata keçirilməsinə
nail olmuşdu. Onun təşəbbüsü
ilə Bakı şəhərində təbiəti mühafizə
problemləri üzrə ilk Zaqafqaziya müşavirəsi keçirilmişdi.
Bu
müşavirənin qərarlarında dövlət səviyyəsində
yeni təbiəti mühafizə təşkilatının
yaradılması və komissiyanın işinin
yaxşılaşdırılması üçün
vəzifələr irəli sürülmüşdü.
Həmin qərarlar 1963-cü ildə Həsən müəllimin
təşəbbüsü ilə respublika Təbiəti Mühafizə Cəmiyyətinin
yaradılmasına yol
açmışdı. O bu cəmiyyətin ən kütləvi, nüfuzlu quruma
çevrilməsində misilsiz rol oynamışdı. Cəmiyyətin
yarandığı birinci 10 ildə onun üzvlərinin sayı 1,2 milyon
nəfərə çatmışdı. Bura
32 min kollektiv cəlb edilmişdi.
Bütün bu faktlar bir
daha Həsən Əliyevin Azərbaycan təbiətinin mühafizəsinin
sipəri rolunu oynadığını aydın
göstərir. Onun fikrincə, təbiətin
qorunması həm bizlərin, həm də hər bir vətəndaşın işi
olmalıdır.
Müstəqil Azərbaycan Respublikasında təbiətin
qorunması ilə bağlı ciddi işlərin görülməsi
tələb olunur. Elə buna görə də Azərbaycanın geniş yayılmış arid
regionlarında, o cümlədən
Naxçıvan MR-də, Şamaxının alçaq
dağlıq ərazilərində, Qobustanda,
Ceyrançöldə və başqa ərazilərdə
planlı şəkildə meşəsalma işləri gələcək
nəsillərin davamlı yaşayış şəraitini saxlaya bilər. Meşəsalma Azərbaycan
torpaqlarını müxtəlif fəlakətli təbii hadisələrdən
qoruyan başlıca vasitə ola bilər. Azərbaycan torpaqlarını erroziya və şoranlaşmadan
mühafizə etmək üçün əsaslı
tədbirlər planı hazırlanıb həyata keçirilməlidir.
Transsərhəd Kür və Araz çaylarının
və onların hövzələrinin çirklənməsinin
qarşısını almaq
üçün dövlətlərarası
tədbirlərin hazırlanması
vacib problemlərdən
sayılır. Bu çayların çirklənməsi
Azərbaycana daha çox
ziyan vurur.
Ölkəmizdə
quraqlıq hadisəsinin mənfi təsirlərini minimuma endirmək üçün kompleks tədbirlər
planının hazırlanması da vacib vəzifələrdən biri
olmalıdır. Akademik Həsən
Əliyevin vaxtilə qaldırdığı ekoloji
problemlər bu gün
də aktualdır və yeni çağırışlar şəraitində
öz həllini gözləyir.
Görkəmli alimin təbiəti mühafizə sahəsində
göstərdiyi əvəzsiz
xidmətlərdən biri
də ölkədə
bu istiqamətdə kadr potensialının gücləndirilməsi, elmi-tədqiqat
laboratoriyaları, ali məktəblərdə
ayrıca kafedraların
yaradılması olmuşdur.
Alim
1970-ci ildə AMEA-nın
Coğrafiya İnstitutunda
Təbiəti mühafizə
şöbəsinin yaradılmasına
nail olmuşdu. Bu şöbəyə aqroiqlimşünas professor
Əsgər Əyyubov rəhbər təyin edilmişdi.
Adıçəkilən şöbəyə o
dövrün ən güclü
mütəxəssisləri dəvət olunmuşdu.
İndi onların bir
neçəsi fəaliyyətini orada davam etdirir. Akademik Həsən
Əliyevin iş təcrübəsi
göstərmişdi ki, müxtəlif, lakin əlaqəli elmi
istiqamətlərdə təcrübəsi olan
alimlərin birgə elmi tədqiqatları
ətraf mühitin mühafizəsi üzrə
mühüm praktik əhəmiyyətli nəticələr
əldə etməyə şərait yaradır.
Akademik Həsən
Əliyevin fəaliyyəti təkcə akademiya
sistemi ilə məhdudlaşmırdı.
O, təbiətin mühafizəsi ilə bağlı gənc
kadrların hazırlığını təşkil etmək
üçün ali məktəblərdə
də bu sahədə böyük
işlər görmüşdür. Keçən əsrin
80-ci illərində məhz Həsən Əliyevin yaxından
iştirakı ilə Bakı Dövlət Universitetində
"Ətraf mühitin mühafizəsi və
təbii sərvətlərdən istifadə" ixtisası
üzrə coğraf-ekoloq kadrların hazırlanması üçün
kafedra təşkil olunmuşdur.
Hazırda həmin ixtisas universitetdə yeni təşkil olunan Ekologiya və ekocoğrafiya
fakültəsinə qatılmışdır.
Akademik Həsən Əliyevin xidmətləri
yüksək mükafatlara layiq
görülmüşdür. O, Lenin, "Oktyabr
inqilabı", "Qırmızı Əmək
Bayrağı", "Qırmızı Ulduz",
"Birinci dərəcəli Vətən
müharibəsi", "Şöhrət" ordenləri və
bir çox medallarla təltif edilmişdir.
Görkəmli alim Azərbaycanın əməkdar
elm xadimi, Dövlət
mükafatı laureatı idi, Vavilov adına medala layiq görülmüşdü.
Bu gün akademik Həsən Əliyevin əsasını
qoyduğu elmi mərkəzlər və orada çalışan və hazırlanan yüksək ixtisaslı kadrlar müstəqil Azərbaycan Respublikasının
təbiətinin öyrənilməsi
istiqamətində çox
böyük işlər görürlər.
Azərbaycan
Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov
və o zamanlar Həsən
müəllimin təşkil etdiyi Təbiətin
mühafizəsi şöbəsində işləməyə
başlayan coğrafiya
elmləri doktoru Mahmud
Xəlilovla birgə təbiətin mühafizəsi ilə
bağlı irihəcmli monoqrafiyalar,
lüğətlər, torpaqşünaslıq üzrə
sanballı dərsliklər hazırlayıb nəşr
etdirmişlər. Yenə də akademik Qərib
Məmmədovun təşəbbüsü ilə "Azərbaycanın
ekoloji atlası" nəşr edilmişdir. Hazırda respublikanın bir çox dövlət və
özəl ali məktəblərində
ekologiyanın müxtəlif istiqamətləri üzrə
yüksək ixtisaslı kadr
hazırlığı aparılır.
Göründüyü kimi, akademik
Həsən Əliyevin
vaxtilə yaratdığı
təbiəti mühafizə
istiqaməti sahəsində
bütün işlər
bu gün də müvəffəqiyyətlə
inkişaf etdirilir.
Fərda İMANOV,
BDU-nun Coğrafiya fakültəsinin
dekanı, professor
Tapdıq HƏSƏNOV,
BDU-nun İqtisadi və sosial
coğrafiya kafedrasının müdiri, professor
Azərbaycan.-2013.-15
dekabr.-S.5.