Rəngli
inqilabların sirri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu il noyabrın
24-də ikinci dəfə "Jurnalistlərin dostu"
seçilərkən giriş nitqində beynəlxalq müstəvidə
gedən qlobal siyasi proseslərə münasibətini bildirdi:
"Ancaq o da həqiqətdir ki, bu gün dünyada gedən proseslər,
təsir uğrunda aparılan mübarizələr, -
açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan
da yan keçə bilməz. Ölkəmizin önəmi,
təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz
gücümüzə olan inamımız, əlbəttə
ki, Azərbaycanı bu sahədə çox cəlbedici
ölkəyə çevirir. Azərbaycanı təsir
altına salmaq, təzyiq etmək, öz tərəfinə
çəkmək cəhdləri son 10 il ərzində durmadan
aparılır. Bəzi məsələlərdən media
nümayəndələri xəbər tuturlar, bəzi məsələləri
onlar çox düzgün təhlil edirlər. Məhdud da
olsa, məlumatdan istifadə edib düzgün təhlil aparmaq
üçün imkanlar vardır. Amma bir çox məsələlər
cəmiyyət üçün qaranlıq olaraq qalır".
Bu
qaranlıq məqamlardan biri də, dövlət
başçısının qeyd etdiyi kimi, dünyada baş
verən siyasi proseslərin bir qisminin təbii axarı ilə
yox, müəyyən qüvvələrin təsiri altında
inkişaf etməsi ilə bağlıdır. Təbii ki, əsas hədəfdə
zəngin təbii sərvətlərə malik olan Azərbaycan
kimi ölkələr dayanır.
Tarixə
nəzər saldıqda ölkəmiz iki dəniz arasında
ucalan zəfər tağı kimi əsrlər boyu
dünyanın diqqət mərkəzində olub. Makedoniyalı İsgəndərin Şərq, monqol-tatarların Qərb
yürüşləri buradan keçib. Rusiya, İran,
Türkiyə də Qafqaz uğrunda saysız müharibələr
aparıblar. XIX əsrin ortalarında Bakıda fəvvarə
vuran neft bütün supergüclərin diqqətini Abşeron
yarımadasına cəlb etdi. Birinci Dünya müharibəsində
Azərbaycanda imperiyaların
strateji maraqları kəllə-kəlləyə gəlirdi.
İkinci Dünya müharibəsində Hitler Bakını ya
işğal, ya da darmadağın etməli idi. Stalin isə
bütün neft buruqlarını minalamışdı ki,
şəhəri əldən verəcəyi halda onu
partladıb külünü göyə sovura bilsin. Sovet İttifaqının müttəfiqləri, hətta
uzaq Yaponiya kimi düşməni də Bakıya cənubdan
soxulmağın yollarını arayırdı. Bu uzaq tarixdən
yüz il ötməsinə baxmayaraq, böyük güc mərkəzlərinin
maraqları Azərbaycanda
toqquşmaqda davam edir. Əsrlər boyu gedən qanlı savaşlara, üzücü müharibələrə,
güclü dövlətlərin
imperiya iddialı təzyiqlərinə baxmayaraq, Azərbaycan dünyada
demokratik ənənələri inkişaf etdirən nümunəvi
tolerant ölkə kimi tanındı. Dövlətimizin son 20
ildə qazandığı siyasi uğurlara, artan beynəlxalq
nüfuzuna xidmət edən amillərdən biri də
onun beynəlxalq təzyiqlərə, güc mərkəzlərinin
ambisiyalarına əyilməməsində,
balanslaşdırılmış xarici siyasət yeritməsindədir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan
mətbuatının elitası ilə keçirdiyi
görüdə dediyi bir fikir xüsusi əhəmiyyət kəsb
edir: "Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən,
siyasi cəhətdən və ictimai fikir baxımından daha
da sıx birləşməlidir. Hesab edirəm ki, burada
medianın çox böyük rolu vardır və ola bilər".
Sirr deyil
ki, müasir dünyada siyasi proseslər hadisələrin təbii
axarından daha çox "beyin mərkəzləri"nin dünyanın müxtəlif bölgələri
üçün cızdığı ssenarilərə
bağlıdır. Artıq orta əsrlərdəki kütlələrin
kortəbii iğtişaş və təlatümlərindən
fərqli olaraq, bu gün planetimizin siyasi müstəvisində
cərəyan edən mürəkkəb və gərgin hadisələr
idarə olunur və böyük güc mərkəzlərinin
iradəsinə
uyğun inkişaf etdirilir. Belə də olur
ki, hər hansı bir ölkənin
ərazisində baş verən inqilab həmin ölkədə
demokratiyanın yüksəlişinə deyil, onun müəyyən
güc mərkəzləri tərəfindən
parçalanıb xaosa sürüklənməsinə xidmət
edir. Qlobal siyasi proseslərin idarə edilməsində tətbiq
edilən elmlərdən biri də siyasi psixologiyadır.
Ötən əsrin ikinci yarısında siyasi psixologiya elmi
formalaşmağa başladı və müəyyən dairələr
yubanmadan onun inkişafına təkan verdi. Qərbdə siyasi
psixologiya 1968-ci ildən elm kimi həyata vəsiqə
almışdır.
Bir müstəviyə
ardıcıl düzülən dairələri təsəvvür
edin: mərkəzdə nüvə kimi şəxsiyyətin
psixologiyası dayanır, ikinci dairədə kiçik
qrupların, üçüncü dairədə böyük
qrupların, sonuncu dairədə isə kütlənin
psixologiyası və problemləri araşdırılır. Situasiyaların analizi,
psixoloji testlər və modelləşdirmə, davranış
ssenarilərinin proqnozlaşdırılması siyasi
psixologiyanın metodlarını təşkil edir. Qısa və
uzunmüddətli proqnozlar müxtəlif səviyyələrdə
siyasi qərarlar və taktikalar seçilərkən tətbiq
edilir. Siyasətdə psixoloji komponentlərin
analizi, siyasi proseslərdə insan faktorunun
araşdırılması, daxili və xarici siyasətin
müxtəlif aspektlərinin analizi, terrorizm, təbii fəlakətlər,
ictimai əlaqələrin böhranı, etirazların
subkulturası, vətəndaşların dövlətə
inamsızlığı, etnik münaqişələr,
müxtəlif sosial qrupların diskriminasiyası öyrənilir.
Siyasi
psixologiya elminin araşdırdığı vacib sahələrdən
biri də ayrı-ayrı dövlətlərdə siyasi
elitanın dərindən öyrənilməsidir. Bu elmdə dövlətlərin
rəhbərləri və siyasi səhnəyə ayaq
açan liderlər "qladiator" kimi nəzərdən
keçirilir, onların üstün və
çatışmayan cəhətləri öyrənilir.
L.V.Vibraytın dediyi kimi, "qladiatorlar" elə
insanlardır ki, ətrafdakıları idarə etmək
üçün ciddi hazırlıqlardan keçiblər,
özlərinə yaxşı bələddirlər, biliklərinin
həcmini dərk edir, öz bacarıq və təcrübələrinə
etibar edirlər. Onların "Mən"
anlayışı kifayət qədər güclüdür, zərbələrə
dözür, şübhələrin
ağırlığından və daxili tərəddüdlərdən
əziyyət çəkmirlər. Öz impulslarını
idarə edirlər, ünsiyyətcil və iti
düşüncəli olurlar. Öz fərdiliklərini və
məsuliyyətlərini nümayiş etdirməyə
meyillidirlər. "Qladiatorlar" siyasi mübarizədə
qalib gəlmək gücünə malikdirlər, yetərincə
özlərinə arxayındırlar. Dünyanı öz
ambisiyalarına əymək istəyən dövlətlər
maraq dairələrinə daxil olan ölkələrin liderlərini
hərtərəfli öyrənmək üçün hətta
onların şəxsi telefonlarına belə qulaq asmaqdan
çəkinmirlər. Söhbət üçüncü
ölkələrdən, ya da hansısa bir ərəb dövlətinin
liderindən getsəydi, heç danışmağa dəyməzdi.
Avropa dövlətləri liderlərinin telefon
danışıqlarının Amerikanın xüsusi xidmət
orqanları tərəfindən dinlənilməsi ilə
bağlı qopub hələ də səngimək bilməyən
qalmaqal məsələnin ciddiliyinə dəlalət edir. Yəni Qərbin güc
mərkəzləri hətta müttəfiqini belə
güdməyi ayıb saymırlar. Çünki toplanılan
istənilən məlumat, ən adi cizgi belə vacib məqamlarda
həlledici təsir göstərmək üçün ciddi
arqument rolunu oynaya bilər.
Siyasi
psixologiyanın geniş tətbiqi sayəsində Sovet
İttifaqı kimi nəhəng bir dövləti kökündən
dağıdan nümunə olaraq Qorbaçovun "yenidənqurma"sını
nəzərdən keçirə bilərik. Milli münaqişələrə
start verildi, İttifaqın müxtəlif respublikalarında
ordunun reallaşdırdığı qırğınlar Kremli
nüfuzdan saldı, xalqlarda mərkəzə qarşı nifrət
hissini gücləndirdi. Hadisələr idarəolunmaz dərəcədə
xaotik təsir bağışlasa da, keçmiş SSRİ-nin
parçalanması və Qərbin birləşməsi ilə
nəticələndi. Sovet və kapitalist ideologiyasının əsrə
yaxın düşmənçiliyi siyasi psixologiya elmindən
uğurla bəhrələnən Qərbin qələbəsi
ilə bitdi.
Bu elmdə həmçinin vahimələr
araşdırılır
. İnsanlar hər hansı bir hadisənin
baş verməsini gözləyəndə qorxulu xəbərlərə
xüsusi diqqət və vahimə ilə yanaşırlar.
Bakıda 20 Yanvar hadisələrini, o müdhiş gecələrin
insanlara təsir edən vahiməsini xatırlayın. Yəni
siyasi psixologiya elminin tətbiqinin iki variantı aydın
görünür: birinci halda inkişafa təkan verən
müasir elm kimi, ikinci halda
opponentin üstündə qəti qələbə
çalmağa şərait yaradan təsirli silah kimi. Sonuncu
variantda bu elm bəşəriyyətin inkişafına yox, təəssüf
ki, müəyyən güc mərkəzlərinin
maraqlarına xidmət edir.
Siyasi
psixologiyanın əsas tədqiqatları əsasən 5 istiqaməti
əhatə edir: 1) konkret şəraitdə insanların siyasi
baxışlarının formalaşması və
inkişafı, 2) siyasi baxışların siyasi
davranışa dəqiq təsiri, 3) siyasi qərarların necə
qəbul edilməsi, 4) siyasi liderin şəxsiyyətinin necə
formalaşması, 5) konkret siyasi proseslərin kütlənin
siyasi mədəniyyətindən asılılığı.
Əslində
siyasi psixologiya elminin düzgün tətbiqi dayanıqlı
sülhün yaranmasında, bütün bəşəriyyətin
qlobal demokratik dəyərlərə və planetar sülhə
istiqamətlənməsində əvəzsiz rol oynamaq
gücünə qadirdir. Lakin bu elm arenada reallıqları
araşdırıb ədalətli siyasi modellərin və
texnologiyaların tətbiqi ilə
yanaşı, müəyyən güc mərkəzlərinin
arzuladıqları situasiyaları reallaşdırmaq üçün
istifadə edilir. Tarixə müraciət edək:
Çilidə evdar qadınların məşhur
nümayişini xatırlayaq, onlar qaşıqlarla boş
qazanları döyəcləyərək ölkənin
paytaxtından iki dəfə keçdilər: birinci dəfə
Pinoçetin hərbi çevrilişinə dəstək
verildi, Salvador Alyende devrildi; ikinci dəfə eyni
formalı etirazlar Pinoçetin özünü yıxdı.
Evdar qadınlar üçün sağlar və sollar heç
bir məna kəsb etmirdi, situasiyanı boş qazanları
döyəcləyən kütlənin əhval-ruhiyyəsi təyin
edirdi. Başqa bir misal: 70-ci illərin sonunda İranda da eyni əhval-ruhiyyə
ilə ilhamlanan kütlə şahın sərvətlərinə
nifrət, ölkəyə qayıdan imama rəğbət
hissi ilə bütün narazılıqlarını alov kimi
küçələrə püskürdü.
Belə
qənaətə gəlmək olar ki, insanların,
qrupların, cəmiyyətin ayrı-ayrı təbəqələrinə
və liderlərinə siyasi psixologiyanın böyük təsir
imkanları mövcuddur. Bu amillərdən istifadə
edərək istənilən dövlətdə siyasi prosesləri
nəzarətə götürmək, istiqamətləndirmək,
qarşı-qarşıya qoymaq və nəzarətdən
çıxarmaq mümkündür. Ərəb ölkələrindəki
qarşıdurmalara və vətəndaş müharibələrinə
çevrilən qanlı olaylar bu elmin nələrə qadir olduğunu
sübut edir.
Son illərdə
müxtəlif ölkələrdəki inqilablara verilən
adları nəzərdən keçirək: Ukraynada
"Narıncı", Gürcüstanda
"Qızılgül", ərəb ölkələrində
isə "Ərəb baharı"... Bu rənglər təsadüfi
seçilmir: hər bir xalqın keçmişi, tarixi və
milli dəyərləri ilə sıx bağlıdır.
İkinci Bakı Humanitar Forumunun iştirakçısı
iordaniyalı jurnalist Sudah Maruan ərəblər
üçün baharın nə demək olduğunu belə
izah edir:
-
Ərəb səhralarında bahar fevralın əvvəlində
gəlir, onun ömrü qısa olur, tez ötüb gedir. Ona görə
də günəşin yandırdığı səhralara gələn
bahar bizim hamımıza çox əzizdir, demək olar ki, müqəddəsdir.
"Ərəb baharı" termini də ərəb
dünyasındakı siyasi proseslərə demokratiya donu
geydirmək, onu ərəblərə sevdirmək
üçün düşünülən siyasi hiylədir. Reallıqlar isə
iğtişaşlara, qan düşmənçiliyinə, vətəndaş
müharibələrinə və bütünlükdə ərəb
dünyasının parçalanıb dağılmasına
hesablanmışdı. Elə də oldu.
Bütün
bir qitənin göz qırpımında sakit həyatdan siyasi
zəlzələlərin və sonu görünməyən
ümidsiz fəlakətlərin girdabına atılması onu
deməyə əsas verir ki, hadisələr təbii axarı
ilə yox, siyasi texnologiyaların vektorunun yönəldiyi
istiqamətdə hərəkət edir. Planetar miqyasda aydın
görünəni odur ki, kənar müdaxilə ilə yeridilən
"demokratik" islahatlar, ixrac edilən inqilablar onu icra edənlərə
də, kənardan maliyyələşdirənlərə də
fəlakətdən böyük dividend gətirmir. Hələ ötən əsrin əvvəllərində
çar Rusiyasını dağıtmaq üçün Qərbdən
casus kimi ixrac edilən inqilabçılar bəşər
tarixində ən qəddar rejimin özülünü
qoydular, Qərbə qənim kəsildilər, bütün sərhədləri
boyu sosialist dövlətlərindən ibarət gərəksiz
bir qoruyucu kəmər yaratdılar. Anormal siyasi proseslər iki
düşmən sistemin yaranmasına və İkinci Dünya
müharibəsinin başlanmasına səbəb oldu. Maraqlıdır ki, belə bir acınacaqlı təcrübənin
olmasına baxmayaraq, müəyyən beyin mərkəzləri
"rənglər"ə, milli hisslərə müraciət edir,
"Narıncı", "Qızılgül" və
"Ərəb baharı" kimi reallıqdan uzaq xəstə
siyasi təxəyyülün mazoxist (özünə əzab
verməkdən ləzzət alan) məhsulu
ilə planeti qıcıqlandırmağa
çalışır. Acınacaqlı səhnələrin
şahidi olduq. Bu
inqilabların əksəriyyəti iflasa uğradı,
onların cəngində
alışan ölkələr yüz minlərlə,
milyonlarla qurban verib müharibələrin və daxili
münaqişələrin girdabına yuvarlandı. Biz elan
olunan baharların yaz çiçəkləri əvəzinə
ölkələrin qan çanağında necə
boğulduğunun şahidi olduq.
Azərbaycan bu siyasi burulğanlardan asanlıqla
keçdi. Hətta sonuncu seçkilər zamanı qonşu
dövlətdə yaranan "Milyarderlər ittifaqı" nə
qədər çalışsa da, ölkənin siyasi
mühitinə düşündüyü gərginliyi gətirə
bilmədi. Azərbaycan xalqının artan
dünyagörüşü və cilalanan siyasi mövqeyi,
şayiələri və köksüz bəyanatları soyuqqanlılıqla
qəbul etməsi bu varlı ittifaqın tifaqını
dağıdaraq onun mənəvi kasıblığını
isbat etdi. Milyarderlərin hədə dolu guruldayıb
ildırım çaxan buludları ölkənin siyasi səmalarından
məğlubiyyətini etiraf edən
ağ bayraqlar kimi kirimişcə ötüb keçdi.
Rusiya
mediası bir qətl hadisəsində şübhəli bilinən
milliyyətcə azərbaycanlı Zeynalovu qatı cinayətkar
kimi təqdim edib bütün mühacirlərə
qarşı müəyyən qüvvələrə
qıdıq verəndə özlərini demokratik dəyərlərin
müdafiəçisi kimi təqdim edən milyarderlər
ağızlarına su aldılar. Biz Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya mətbuatında
qətiyyətli çıxışlarının şahidi
olduq. O, bəyanat verərək
bir çox kütləvi informasiya vasitələrində
şübhəli şəxsin cinayətkar kimi təqdim edilməsinə
etirazını bildirdi. Bütün
çıxışlarında Rusiya-Azərbaycan münasibətlərini
yüksək qiymətləndirən səfir məlum hadisəyə
də dövlətimizin rəsmi münasibətini kifayət qədər
ciddiliklə bildirdi. Səfirimiz bu çətin günlərdə
siyasi qətiliklə dövlətimizin və Rusiyada yaşayan
həmyerlilərimizin marağını müdafiə etdi.
Milyarderlər və onlara qoşulan qoca rejissor isə öz
imkanları və istedadının qüdrətini aysberqə
döndərib suyun altına buraxaraq lal dayandılar. Bu komanda
seçkilər ərəfəsində bir dalğa kimi
qalxdı və siyasət dənizinin sahilinə
çırpılaraq heç kimə zərər vurmadan birdəfəlik
qumlara qərq oldu. Biz "Azərbaycan təəssübünü
çəkən varlıların mənəvi
kasıblığı"nın şahidi olduq.
Amma
burada bir sevindirici məqam var. O da cəmiyyətimizin siyasi təlatümlərə
sağlam şüur və tənqidi baxışla yanaşmasındadır.
Ölkənin media rəhbərləri ilə
görüşündə Prezident İlham Əliyev bu məsələyə
də məxsusi toxundu: "Azərbaycanın problemləri
ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət
və ölkə məhz bu əsaslarla fəaliyyət
göstərir. Biz bir çox hallarda
inkişaf etmiş ölkələrin təcrübəsini əsas
götürməyə çalışırıq. Orada da belədir. Bir neçə
qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə
bağlı olan məsələlər, müxalifət-iqtidar
münasibətləri daxildə müzakirə edilməlidir.
Bu məsələlər
hüdudlarımızın kənarına çıxdıqda
ilk növbədə Azərbaycan haqqında bir rəy
yaranır ki, bu ölkəyə bax, onlar özləri öz
aralarında münasibətləri həll edə bilmirlər.
Bu, ilk növbədədir. Ondan
sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən
qüvvələrə əlavə imkan, əlavə fürsət
verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı
imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində
proseslər başqa istiqamətdə getsin. Ona görə əgər jurnalistika ilə məşğul
olan aparıcı simalar bu məsələdə də həmrəylik
göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz
üçün də yaxşı olar".
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2013.-15
dekabr.-S.5.