Avropa Şurası
Parlament Assambleyasının
komitə iclasında
Azərbaycana
qarşı fitnəkarlığın
qarşısı qətiyyətlə
alınmışdır
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Hüquqi
işlər və insan haqları komitəsinin dekabrın
12-də qurumun Paris qərargahında
keçirilən iclasında
"Avropa İttifaqında
fundamental hüquqların vəziyyəti", "Sərhədsiz
televiziya haqqında Avropa Konvensiyasının araşdırılması" və
digər mühüm əhəmiyyətli ümumavropa
problemləri ilə yanaşı, Azərbaycana
bilavasitə aidiyyəti
olan bir məsələ ətrafında
da geniş müzakirələr getmişdir.
Macarıstan məhkəməsi tərəfindən
ömürlük həbs
cəzasına məhkum
edilmiş azərbaycanlı zabit Ramil Səfərovun öz Vətəninə ekstradisiyası və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv
olunması xeyli müddətdir ki, erməni lobbisinin təsiri altındakı müəyyən qüvvələrin
təhriki ilə siyasi möhtəkirlik mövzusuna çevrilmişdir.
Hüquqi işlər və insan haqları komitəsinin iclasında yenə
bu məsələ
qaldırılmış, mövzu ilə
bağlı dəvət edilmiş ekspert, professor E.Selvaccinin mövqeyi dinlənilmişdir.
Müzakirələrdə deputatlardan D.Tejera, xanım de Purbe-Landin, K.Çop, o cümlədən Ermənistandan A.Rustamyan ekspertə suallar
vermiş, problemlə bağlı
baxışlarını ifadə etmişlər.
Müzakirələrdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi
nümayəndə heyətinin
üzvü Rafael Hüseynov
da çıxış
etmiş, məntiqli izahları və danılmaz dəlilləri
ilə müzakirələrin
gedişinin Azərbaycana
qarşı yönəldilməsi
cəhdinin qarşısını
almışdır. Azərbaycanlı deputat problemin mahiyyətinə
və tarixçəsinə toxunaraq demişdir: "Bu
gün müzakirə etdiyimiz
mövzu "Məhkum edilmiş
şəxslərin təhvil verilməsi haqqında Konvensiyadan sui-istifadə hallarının
qarşısının alınması tədbirləri"
adlanır və bununla bağlı məsələ
üzrə sabiq məruzəçi,
italiyalı deputat Renato
Farinanın hazırladığı memorandum
layihəsi və digər sənədlər diqqətimizə
təqdim edilmişdir. Dərhal
elan edirəm ki, keçmiş məruzəçinin bu problemlə bağlı bizə daha əvvəldən məlum olan
mövqeyi ədalətsizdir, kökündən
yanlışdır və qərəzə, ikili
standartlara əsaslanır, Avropa
Şurasının tələblərinə qətiyyən cavab vermir və problemin həllinə xidmət etmir. Bu, aydın həqiqətdir
ki, istər sözügedən Konvensiya, istərsə də digər Avropa Şurası konvensiyalarının
mütəmadi olaraq təkmilləşməyə,
düzəlişlərə ehtiyacı vardır. Lakin cənab
R.Farina tərəfindən təqdim edilmiş mətn əsas məsələni bir kənara qoyaraq bütün diqqəti konkret
bir şəxs üzərinə yönəldir,
faktlar təhrif edilir,
sırf hüquqi məsələ süni və qərəzli şəkildə
siyasiləşdirilir".
Azərbaycan zabiti Ramil Səfərovun
məsələsinin ayrıca
olaraq 2012-ci il
oktyabrın 4-də AŞ PA-nın plenar iclasında müfəssəl
müzakirə edildiyini
və o vaxt bütün suallara konkret cavablar verildiyini xatırladan
Rafael Hüseynov daha sonra demişdir: "Bir daha vurğulamaq
istərdim ki, həmin bədbəxt hadisə yalnız həlak olmuş erməni zabitinin deyil, məhkum edilmiş azərbaycanlı
zabitin də faciəsidir. Bu hadisə bilavasitə Ermənistanın
Azərbaycana təcavüzünün, 20 ildən artıq davam edən elan
olunmamış müharibənin fəsadlarındandır. Ona görə də belə məsələlər
yalnız həmin kontekstdə, həmin münaqişənin tərkib
hissəsi kimi
araşdırılmalıdır. Ramil Səfərov
özü də erməni
işğalının zərərdidələrindən, bu qəsbkarlıq nəticəsində doğma torpaqlarını, evini-eşiyini,
hərbi münaqişələrin gedişində bir çox yaxın
qohumlarını itirmiş
insanlardandır. O, gənc ömrünün
bir çox illərini
həbsdə keçirəndən sonra qanunun bütün tələblərinə
uyğun olaraq
Macarıstan hökuməti tərəfindən
qarşılıqlı razılıq əsasında Azərbaycana
təhvil verilmiş, yenə qanunun, Azərbaycan Konstitusiyasının
müddəalarına tam uyğun olaraq ölkə Prezidenti tərəfindən əfv edilmişdir. Məhkum edilmiş şəxslərin təhvil verilməsi
haqqında Avropa Konvensiyasının 12-ci
maddəsi birbaşa təsdiq edir ki, bu
zaman bütün
atılmış addımlar müvafiq
Konvensiyanın tələblərinə uyğundur,
hər şey qanun
çərçivəsində baş vermişdir. Konvensiya
təhvil verilmiş məhkumun öz Vətəninə ilk
qədəmini basan anda
əfv edilməsini qətiyyən istisna etmir və burada da qanunun aliliyi
tam şəkildə qorunmuşdur.
Ermənistan buna
qarşı mütəmadi etirazlar etsə
də, Fransada məhkum edilmiş
Monte Melkonyan kimi beynəlxalq aləmdə məşhur qatili və qatı terrorçunu
Yerevana ekstradisiya edilərkən
dərhal bağışlanaraq azadlığa
buraxılmasını, Ermənistan dövləti tərəfindən
rəsmən qəhrəman elan edilməsini
nədənsə unudur. Əslində, bu istiqamətdə ilk presedenti indi canfəşanlıq
edən Ermənistan özü
yaratmışdır. Ramil Səfərovun
əfvi isə büsbütün başqa məzmunludur".
Rafael Hüseynov Azərbaycanın
bir milyondan artıq qaçqını
və məcburi köçkünü olduğunu
xatırlatmış və
sözünə davam
etmişdir: "Prezident
İlham Əliyev Ramil Səfərov barəsində imzaladığı
əfv fərmanı ilə əslində, daxilində erməni zülmünə böyük
etiraz hissləri olan nəhəng təbəqəni müəyyən
qədər sakitləşdirmiş,
yumşaltmışdır. Əslində, bu qərarı ilə həm də iki münaqişə edən ölkə
arasında gərginliyin səngiməsinə töhfə vermişdir. Yaxşı ki,
cənab R.Farina artıq məruzəçi
deyil, o, Avropa Şurasında üzvlüyünü
sona çatdıraraq bu
təşkilatdan getmişdir. Zənnimcə,
bu məqam məsələyə elə tarixin gedişinin verdiyi yaxşı cavabdır. Lakin
sabiq başabəla məruzəçidən
çox zərərli bir
irs qalmışdır ki,
bu da onun
təqdim etdiyi memorandumdur.
Mən bu mətni qətiyyətlə
rədd edirəm, çünki onu elmi prinsiplər və hüququn meyarları qəbul etmir.
İnanıram ki, təcrübəli siyasətçi,
yeni məruzəçi Kristofer
Çop daha
sanballı, daha
balanslaşdırılmış və elmi
əsaslı hesabat hazırlayacaqdır.
Bu da son
dərəcə diqqətəlayiqdir ki, indi komitədə mövqeyini
dinlədiyimiz professor E.Selvacci
də sabiq uğursuz
məruzəçi R.Farina kimi, İtaliyadan olsa da, tam
əks mövqe nümayiş
etdirir, məhz elmi
prinsiplərə, qanunun aliliyinə əsaslanır.
Axı necə ola bilər ki,
bütün Avropa üçün nəzərdə tutulmuş bir Konvensiyada dəyişikliklər etmək, sərtləşdirmələr
yalnız bircə cinayət işinin,
yeganə nümunənin əsasında aparılsın?! Təbii
ki, hörmətli ekspertin
də təsdiq etdiyi kimi,
burada hüququn deyil, siyasətin dili ilə
danışılır, bu isə qəbuledilməzdir.
Cənab E.Selvacci ona
görə haqlıdır ki, qanunlara arxalanaraq fikir söyləyir, R.Farinanın fikirləri ona görə kənara atılır ki, örtülü məkrli
siyasi dairələrin diktəsi ilə qanunazidd şəkildə ifadə olunmuşdur. Kimlərsə, hansısa qruplar sadəlövhcəsinə güman edirlərsə ki,
artıq bitmiş, tarixə çevrilmiş Ramil Səfərov
məsələsini qurdalamaqla nəyəsə
nail olacaqlar, möhkəm
yanılırlar. Bu, artıq bitmiş dünəndir və qanunun
geriyə işləmə imkanı yoxdur.
Konvensiyada hətta hər hansı bir dəyişiklik
olarsa, bu, yalnız gələcəkdə
baş verə biləcək hallara tətbiq edilə bilər. Ümid edirik və
inanırıq ki, yeni
məruzəçi haqqında bəhs edilən Konvensiya ilə bağlı onlarla
faktı, dəlillər silsiləsini təhlil edərək
düşünülmüş, dəqiq ölçülüb-biçilmiş nəticələrə
gələcək".
Müzakirələrin sonunda çıxış
edən problem üzrə
ekspert E.Selvacci Rafael Hüseynovun öz iradlarında tam haqlı olduğunu bildirmiş, məhkum edilmiş şəxslərin təhvil
verilməsi ilə bağlı Konvensiyanın
siyasiləşdirilməsi əleyhinə
çıxmışdır. Ekspert əlavə etmişdir ki, Ermənistanın
və onu dəstəkləyənlərin
israr etdiyi kimi, Konvensiyanın ayrı-ayrı maddələrinin
sərtləşdirilməsi də düzgün
olmazdı. Belə ki, Konvensiyada,
əslində, bütün məqamlar nəzərə
alınıb, Konvensiya müvəffəqiyyətlə
tətbiq edilir, əksinə, müəyyən sərtləşdirmələr
bir sıra ölkələrin bu Konvensiya çərçivəsində
əməkdaşlığına ciddi
maneələr törədə bilər. Ekspert
onun qarşısında birbaşa
qoyulan suala da cavab verərək demişdir ki, Ramil Səfərovun Macarıstandan Azərbaycana
ekstradisiyası və əfv edilməsi zamanı qanunlara tam riayət olunmuş və heç bir pozuntuya yol
verilməmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.-15 dekabr.-S.6.