Bakıda «Kitabi-Dədə Qorqud» abidəsinin

  Dədə Qorqud parkının açılışı olmuşdur

 

Azərbaycan Yazıçılar Birliyinin sədri,

 xalq yazıçısı Anar RZAYEV çıxış edərək dedi:

 

- Hörmətli cənab Prezident!

 

Hörmətli tədbir iştirakçıları!

 

Xanımlar və cənablar!

 

Dədə Qorqud abidəsinin açılışının bu günlərdə keçirilməsi təsadüfi deyildir. Çünki dünən biz tariximizin kədərli bir gününü yaşadıq. On il bundan qabaq ulu öndər Heydər Əliyev dünyasını dəyişmişdir. Bu gün isə sevincli bir gün yaşayırıq. Dədə Qorqudun heykəli açılır. Amma Dədə Qorqudun adı da Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Çünki Dədə Qorqud tədbirlərinin dünya səviyyəsində keçirilməsi məhz ulu öndərin xidmətidir.

Biz qırğızların dastanı olan "Manas"ın 1000 illik yubileyində iştirak edəndə orada Dədə Qorquddan söhbət düşdü ki, biz Dədə Qorqudun yubileyini keçirək. Dünyada heç bir yerdə keçirilməyəcək bir səviyyədə Dədə Qorqud yubileyi keçirildi. "Dədə Qorqud" ensiklopediyası çap olundu. Çoxlu qonaqların iştirakı ilə tədbirlər keçirildi. Dədə Qorqudun abidəsi haqqında qərar qəbul olundu. Mən çox şadam ki, Heydər Əliyevin başqa arzuları kimi, bu arzularını da onun oğlu, bizim hörmətli Prezidentimiz bu gün həyata keçirir. Bu gün biz həmin o Dədə Qorqud abidəsinin açılışında iştirak edirik.

"Dədə Qorqud" Azərbaycan xalqının müqəddəs kitabıdır. Mərhum Prezidentimiz Heydər Əliyevin bir böyük xidməti də onda oldu ki, o, Dədə Qorqudun məhz 1300 yaşının olduğunu təsdiq etdi. Bu rəqəm havadan götürülməmişdir. Dastanda deyilir ki, Dədə Qorqud Həzrəti Məhəmmədin müasiri idi. Həzrəti Məhəmməd də məlumdur ki, 1300 il bundan əvvəl yaşayıbdır. Bunu biz əsas götürərək Dədə Qorqudun 1300 illiyini təklif etdik. Ulu öndərin bu qərarından sonra UNESCO da, türk alimləri də bu qərarı qəbul etdi. Bizim bu 1300 rəqəmi təsadüfi bir rəqəm deyildir. Bu, o deməkdir ki, biz ədəbiyyat tariximizi başqa dillərdə yaranan əsərlərlə yox, öz ana dilimizdə, qədim Azərbaycan dilində, oğuz dilində yaranan bir dastanla başlaya bilərik.

Bu rəqəmin ikinci əhəmiyyəti isə ondan ibarət idi ki, "Kitabi-Dədə Qorqud"un mətnində bilirsiniz, Azərbaycan şəhərlərinin - Dərbəndin, Bərdənin, Gəncənin, Naxçıvandakı Əlincə qalasının adları vardır. Hətta "Gürcüstan", "Abxaziya" sözləri vardır. Amma bir yerdə "Ermənistan", "erməni", "hay" sözü yoxdur. Bu da onu sübut edir ki, 1300 il bundan əvvəl də burada ermənilər olmamışlar. Bu da bizim tariximiz üçün çox böyük bir hadisə idi.

Bütün bunları nəzərə alaraq mən bir daha ulu öndərimizin ruhuna rəhmət diləyirəm. Təkliflərdən birio idi ki, - o vaxt ulu öndər bu təklifi də məmnuniyyətlə qəbul etmişdi, - çoxseriyalı "Dədə Qorqud" televiziya filmi çəkilsin. Hörmətli Prezidentimiz İlham Əliyev də burada qeyd etdi ki, "Dədə Qorqud" həm də bütün türk dünyasını birləşdirən bir əsərdir. Yaxşı olardı ki, belə bir çoxseriyalı televiziya filmi çəkilsin.

Mən Sizdən xahiş edirəm, cənab Prezident, bunun da təşəbbüsü Azərbaycandan gəlsin.

Diqqətinizə görə təşəkkür edirəm.

 

*  *  *

Azərbaycan.-2013.-14 dekabr.-S.2.