Azərbaycan və Rusiya arasında hüquqi sahədə

əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Dekabrın 13-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə görüşmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini vurğulayan Z.Qaralov ölkəmizdə son illərdə sosial-iqtisadi ictimai-siyasi sahələrdə ardıcıl sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulamışdır. Dövlətlərimizin başçılarının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edən baş prokuror bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirmişdir.

Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətləri qonağın diqqətinə çatdıran Z.Qaralov həmin görüşün məntiqi nəticəsi kimi, 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının ölkələrimizin hüquq-mühafizə orqanları üçün mühüm əhəmiyyət daşıdığını, qarşılıqlı səmərəli münasibətlərin hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirmişdir.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyini deyən Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmışdır. Həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə olunaraq qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilmişdir.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.3.