Xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin vəfatının

 onuncu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilmişdir

 

Moskva

 

Dekabrın 12-də Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə səfirliyin binasında Heydər Əliyevin barelyefi önünə əklil qoyulmuş, onun xatirəsi bir dəqiqə sükutla yad edilmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında Heydər Əliyevin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd etmişdir.

Səfir demişdir: "Tale elə gətirdi ki, Heydər Əliyevi İttifaq rəhbərliyi gözdən saldı, o, ağır xəstəlikdən sonra öz kiçik vətəni Naxçıvana qayıtdı. Doğma torpaqdan güc alan Heydər Əliyev sonradan suveren Azərbaycanın Prezidenti oldu. Bunu xalq, ziyalılar təkidlə xahiş etdi, çünki o dövrdə Azərbaycan vətəndaş müharibəsi həddində idi, qardaş-qardaşın üstünə silah qaldırırdı. Heydər Əliyev bu cür ağır məqamda, hadisələrin axarı suveren Azərbaycanın dağılmasına yönəldiyi bir vaxtda hakimiyyətə gəldi və onun nüfuzu, bacarığı, təcrübəsi sayəsində Azərbaycan qısa bir vaxtda inkişaf yoluna qədəm qoydu".

Səfir vurğulamışdır ki, ulu öndərin işini hazırda Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət və ləyaqətlə davam etdirir. Diplomat demişdir: "Heydər Əliyevin oğlu atasının ən yaxşı keyfiyyətlərini - əla yaddaş, natiqlik qabiliyyəti, bütün hadisələri və onların tarixlərini xatırlamaq, çevik və düzgün qərar qəbul etmək xüsusiyyətlərini mənimsəmişdir. Bu gün Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulmuş ənənələr üzrə inkişaf edir".

Ona Heydər Əliyevin rəhbərliyi ilə işləmək xoşbəxtliyi nəsib olduğunu vurğulayan səfir ulu öndərlə görüşləri haqda xatirələrini bölüşərək demişdir: "Elmira Axundovanın kitabında mənim "Dünyanın heç bir universitetində verilməyən diplom. 10 il Heydər Əliyevlə yanaşı" adlı məqaləm də var. Bu, həqiqətən böyük məktəb idi".

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Fuad Nurullayev müqəddəs Qurani-Kərimdən surələr oxumuşdur.

Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov qeyd etmişdir ki, bu gün həm hüzn günü, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da tanınmış dahi insanın, əfsanəvi şəxsiyyətin möhtəşəmliyinin xatırlandığı gündür. Heydər Əliyev öz dahiyanə qərarları ilə yadda qalmışdır. Bu qərarlar sayəsində Azərbaycan dünyada ən qabaqcıl, dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Heydər Əliyev yaddaşlarda Azərbaycan cəmiyyətində sülhü, sabitliyi və həmrəyliyi bərpa etmiş siyasətçi kimi qalmışdır. İlyas Umaxanov demişdir: "Mənə Heydər Əliyevlə dəfələrlə görüşmək nəsib olmuşdur. Mən rəhmətlik atamla onun görüşünün şahidiyəm. Bu böyük insanın işlərini onun oğlu - Prezident İlham Heydər oğlu Əliyevin necə uğurla davam etdirdiyini bilirəm. İlham Əliyev növbəti prezident seçkilərində parlaq qələbə qazandı. Fürsətdən istifadə edib Azərbaycan Prezidentini təbrik etmək, İlham Heydər oğlunun öz fəaliyyətində, fikirlərində və işlərində atasının böyük amallarını layiqli bir varis kimi davam etdirəcəyinə əmin olduğumu bildirmək istəyirəm. Bu gün həqiqi dostlarınız sizin yanınızdadır və mənə Heydər Əliyevin xatirəsini Azərbaycan səfirliyində ehtiramla yad etmək imkanı verilmişdir".

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Bakıda keçmiş uşaqlıq illəri haqqında xatirələrini bölüşərək qeyd etmişdir ki, Azərbaycan həmişə beynəlmiləl ölkə olmuşdur. Burada bütün millətlərin nümayəndələri həmişə dost kimi yaşamışlar. A.Beqlov Heydər Əliyevlə görüşlərini xatırlayaraq demişdir: "Heydər Əliyev ədalətli adam idi, ona görə də bu qədər yüksək zirvələrə çatmışdır. Hər hansı hakimiyyətdə ən başlıca məsələ ədalətli olmaqdır. Heydər Əliyev müharibənin bərbad vəziyyətə saldığı ölkəsinə qayıdanda xalq ona inandı, çünki o, genetik mənada ədalətli insan idi. O, bütün hərəkətlərində ədalətlilik prinsipini üstün tuturdu. Hesab edirəm ki, biz hamımız bu insandan nümunə götürməliyik.

Rusiyanın əməkdar rəssamı Nikas Safronov ulu öndərlə ilk görüşünü, Heydər Əliyevin portreti üçün eskiz çəkməsini xatırlamışdır. O, portretin eskizini səfirliyə hədiyyə edərək demişdir: "Mən Heydər Əliyevin sayəsində Azərbaycanı özüm üçün kəşf etdim. Mən bu rəsmi Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə etmək və bildirmək istəyirəm ki, Rusiyada Heydər Əliyevi həmişə xatırlayır və sevirlər".

Tədbirin rəsmi hissəsi başa çatandan sonra ehsan verilmişdir.

 

 

 

Vaşinqton

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində də anılmışdır.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin inzibati binasında - ümummilli liderin büstü önündə baş tutmuş anma mərasimində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salınmış, Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanmışdır.

Mərasim iştirakçıları qarşısında çıxış edən səfir Elin Süleymanov əbədiyaşar lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq onun Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz müasir, müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan etmişdir. Diplomat sonrakı nəsillərin ümdə vəzifəsinin son dərəcə dəyərli mirası qoruyub saxlamaq olduğunu demişdir. O həmçinin şəxsi xatirələrini bölüşərək bu dahi şəxsiyyətlə təmasda olduğu hər bir anı böyük qürurla xatırladığını söyləmişdir.

Səfir Süleymanov həmçinin ümummilli liderin cismən aramızda olmadığı son 10 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd etmişdir.

 

Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Ağaverdi Quliyev milli ordumuzun yaradılması, xüsusilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründən etibarən hərbi kadrların hazırlanması sahəsində əldə olunmuş uğurlar barədə danışmışdır.

ABŞ-dakı Azərbaycan icmasının təmsilçisi Həbib Azərsina ümummilli lider Heydər Əliyev ilə şəxsi təmaslarına istinadla qəlbində yaşatdığı xatirələri təbdir iştirakçıları ilə bölüşmüşdür. O, Azərbaycan xalqının həmişə Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi keçirdiyini bildirmiş və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını bildirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü çərçivəsində, həmçinin Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsulları qida ilə təchiz edən Merilend Qida Bankına ianə verilmişdir. Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təqdim olunmuş rəsmi məktubda bu xeyriyyəçilik aktının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə əlaqədar həyata keçirilməsinin təsadüfi olmadığı qeyd edilərək ulu öndərin sosial vəziyyəti çətin olan təbəqələrə daim böyük qayğı göstərdiyi bildirilmişdir.

N.Smit Azərbaycan hökumətinə təmsil etdiyi təşkilat adından dərin minnətdarlığını ifadə edərək bu addımın çox yüksək qiymətləndirildiyini söyləmişdir. Nəhayət, səfirliyin müraciəti əsasında Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş və Allahdan rəhmət dilənmişdir.

Cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan verilmişdir.

 

 

 

Ankara

 

 

 

Azərbaycanın Türkiyədəki səfirliyi ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar Ankarada anım tədbirləri keçirmişdir.

Türkiyə paytaxtında Heydər Əliyevin adını daşıyan parka gələn səfirliyin əməkdaşları, tələbə və müdavimlər ulu öndərin abidəsinin önünə əklil və çiçəklər qoymuş, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Ankaradakı "Ramada Plaza" hotelində ümummilli liderin ruhuna ehsan verilmişdir.

Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Necati Çetinkaya, millət vəkilləri Əli Özgündüz və Sinan Oğan, sabiq mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, burada təhsil alan müdavim və tələbələrimiz, tanınmış elm və mədəniyyət xadimləri, diaspor və mətbuat nümayəndələri tədbirdə iştirak etmişlər.

 

Salona toplaşanlar Azərbaycan və Türkiyə respublikalarının baniləri  Mustafa Kamal Atatürkün və Heydər Əliyev xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.  

Səfir Faiq Bağırovun, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Əli Özgündüz və Sinan Oğanın, Bilkent Universitetinin professoru  Əmrulla Məmmədovun, tələbələrin və polis akademiyasında təhsil alan gənclərimizin çıxışlarında Heydər Əliyevin xilaskarlıq missiyası, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi, türk dünyasının həmrəyliyi istiqamətində gərgin səylərindən və misilsiz xidmətlərindən geniş şəkildə söz açılmışdır. Natiqlər vurğulamışlar ki, Türkiyənin şəhər və qəsəbələrində türk dünyasının dahi şəxsiyyətinin xatirəsinə ucaldılmış heykəllər, onun adına verilmiş prospekt və parklar qardaş ölkədə Heydər Əliyevə olan yüksək ehtiramın təzahürüdür.

Ümummilli liderin zəngin və mənalı həyat və fəaliyyətindən, eləcə də qardaş Türkiyə ilə olan münasibətlərimizin inkişafındakı müstəsna rolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbir iştirakçılarına xalq artisti Arif Məlikovun ulu öndərə həsr etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyasının diski hədiyyə edilmişdir.

Ulu öndər Heydər Əliyevin  vəfatının onuncu ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyədəki Balıkesir, Fırat, İnönü, Qafqaz, Ərdahan və Bilkent universitetlərində konfranslar, İğdır şəhərindəki Heydər Əliyev məktəbində "Heydər Əliyev və Azərbaycan-Türkiyə dostluğu" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

 

 

 

Sankt-Peterburq

 

 

Dekabrın 12-də Sankt-Peterburqda   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsil aldığı Qoroxova küçəsindəki 6 nömrəli binanın qarşısında onun xatirəsi yad edilmişdir.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun  əməkdaşları, "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin nümayəndələri, habelə Sankt-Peterburq şəhərinin Azərbaycan diasporunun fəal üzvləri iştirak etmişlər.

Çıxış edənlər Heydər Əliyevin  xaricdə yaşayan azərbaycanlılara böyük  diqqət yetirdiyini  və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporu nümayəndələrinin sıx birləşməsində mühüm rolunu qeyd etmişlər.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov iştirakçılara  Heydər Əliyevin düşünülmüş, məqsədyönlü fəaliyyətindən və ümummilli liderin müdrik rəhbərliyi altında Azərbaycanın müstəqil dövlətə çevrilməsindən danışmışdır.

"Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin sədri İdris Qəhrəmanov xaricdə yaşayan azərbaycanlıların Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacibliyini bildirmişdir.

Sankt-Peterburqda keçirilən "Azərbaycan xalçaları" sərgisinin iştirakçısı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov qeyd etmişdir ki, Heydər Əliyev müasir Azərbaycanın banisidir, respublikamızın dinamik inkişafı bilavasitə onun adı ilə bağlıdır.

Tədbirin sonunda Azərbaycan xalqının ümummilli liderinin barelyefi önünə tər çiçəklər düzülmüşdür.

 

 

 

Belqrad

 

 

Dekabrın 12-də Serbiyanın paytaxtı Belqradda ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, bu ölkənin dövlət rəsmiləri, deputatları, müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, KİV-lərin təmsilçiləri və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə "Taşmaydan" parkına gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoymuş və ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra iştirakçılar görkəmli serb yazıçısı Milorad Paviçin həmin parkdakı heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət etmişlər.

Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının işlənib hazırlanmasında ulu öndərin misilsiz xidmətləri olmuşdur. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda sabitliyin bərqərar edilməsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması, eləcə də Azərbaycan elminin inkişafı ümummilli liderin adı ilə bağlıdır.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

 

 

 

Stokholm

 

 

Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Azərbaycanın İsveçdəki səfirliyinin təşkil etdiyi mərasimdə Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, Stokholmda yaşayan soydaşlarımız və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov mərasimi açaraq ulu öndərin şərəfli həyat yolu və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Ümummilli liderin müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi titanik fəaliyyətindən danışan səfir demişdir ki, ulu öndər böyük dövlət xadimi kimi təkcə bu günün deyil, sabahın qüdrətli Azərbaycanının inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.

Bildirilmişdir ki, Heydər Əliyev ucalığının əsasında Azərbaycan xalqına olan sonsuz və təmənnasız məhəbbəti dayanır.

Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunmuş, ehsan süfrəsi açılmışdır.

 

 

 

London

 

 

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, eləcə də səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, diaspor təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə səfirliyin binasında ulu öndərin büstü önünə gül dəstələri qoymuşlar.

Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmışdır.

Səfir müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, şərəfli və mənalı ömür yolunun böyük hissəsini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır.

Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərin əsasının qoyulmasının ulu öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılmışdır.

Diplomat ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər, o cümlədən son dövrlər ölkəmizdə bir çox layihələrin həyata keçirilməsi haqqında məlumat vermişdir.

F.Qurbanov ümummilli liderin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.

Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi nümayiş etdirilmişdir.

 

 

 

Kiyev

 

 

Dekabrın 12-də Ukrayna paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bağda onun abidəsi yanında müasir Azərbaycan dövlətinin memarı və qurucusunun vəfatının 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi başlamazdan əvvəl tədbirin təşkilatçıları və çoxsaylı iştirakçıları Heydər Əliyevin abidəsi önünə Azərbaycanın Ukraynadakı səfirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyi, Ukrayna Azərbaycanlıların Birləşmiş Diasporu (UABD), Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatı, "Akkord- Ukrayna" şirkətinin nümayəndəliyi, Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası adından gül səbətləri, qızılgül və qərənfil dəstələri qoyulmuşdur.

Bir dəqiqəlik sükutdan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev çıxış edərək vurğulamışdır ki, bu gün dünyanın bir sıra şəhərlərində olduğu kimi, Kiyevdə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbirlər keçirilir.

Nazim Əliyev daha sonra qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını almış və ölkəmizin birliyini  dünyaya nümayiş etdirmişdir.

Ümummilli lider Heydər Əliyev həmişə xalqına və dövlətinə sadiq olmuşdur. Onun Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəni işıqlı gələcəyə aparan siyasətin təməli qoyulmuşdur. Bu dahi insan Azərbaycanın xarici siyasətinin strategiyasını işləyib hazırlamışdır.

Bu gün ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət sayəsində Azərbaycan dünyada tanınan dövlətə çevrilmişdir. İndi bütün ölkələr Azərbaycanın maraqları ilə hesablaşır.

Səfirliyin müşaviri çıxışının sonunda demişdir ki, Heydər Əliyev yeni tarix yaratmışdır, bu tarix yaşayır və davam edir. Bu gün dahi öndər aramızda olmasa da mənəvi cəhətdən o həmişə bizimlədir!

Sonra Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri Firudin Məmmədov, ARDNŞ-in Kiyevdəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev, UABD-nin rəhbəri Hikmət Cavadov, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) sədri Anar Tahirov, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış etmişlər. Onlar da əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan qarşısında, xalqımız qarşısında müstəsna xidmətlərindən danışmışlar.

Ukraynanın tanınmış siyasətçisi, Avropa Şurası Parlament Assambleyasında yüksək nüfuz sahibi və Azərbaycan xalqının böyük dostu Anatoli Raxanski zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə onunla görüşləri, Heydər Əliyevin Ukraynaya köməyi barədə xatirələrini bölüşmüşdür.

 

A.Raxanski demişdir:

 

- Bu il mən Azərbaycan Prezidenti seçkilərində beynəlxalq müşahidəçi olmuşam. Bir daha vurğulayıram, bu seçkilər demokratik, azad və şəffaf şəraitdə keçmişdir. Dünyanın nüfuzlu siyasətçilərindən olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar, ölkənin çiçəklənməsi məni yaxşı mənada heyrətləndirdi.

Mərasimin sonunda çıxış edən həmvətənimiz şeyx Şakir (Yəhyayev) xatırlatmışdır ki, dinə dərin ehtiram bəsləyən ulu öndər Heydər Əliyev Məkkədə, Həcc ziyarətində olmuşdur. Sonra şeyx ümummilli lider Heydər Əliyevin ruhuna Qurandan surə oxumuşdur.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, "Azərbayçançılıq İnstitutu" Beynəlxalq İctimai Təşkilatının prezidenti, UAK Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə Əməkdar İdman Ustası, Azərbaycanın əməkdar məşqçisi Olqe Krapivin, "Akkord - Ukrayna" şirkətinin direktoru Sahib Məmmədov, ARDNŞ-in Kiyev ofisinin əməkdaşları, Azərbaycan diasporunun və Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-14 dekabr.-S.4.