Mərakeşin «Əl-İslah
və ət-Tənmiyə» qəzetində ümummilli
lider Heydər
Əliyevlə bağlı
məqalə dərc edilib
Mərakeşin
"Əl-İslah və
ət-Tənmiyə" (İslahat
və İnkişaf) qəzetinin 12 dekabr tarixli nömrəsində
"Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il ötür" sərlövhəli
məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, məqalədə
ulu öndərin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti
və xalqı qarşısında əvəzsiz
xidmətlərindən, eləcə
də ölkəmizdə
bütün sahələrdə
apardığı geniş
və məqsədyönlü
islahatlardan bəhs olunmuşdur.
Yazıda Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsində, milli dövlətçilik
ənənələrinin bərpasında,
ölkəmizin parçalanmadan
birliyə, sabitliyə,
həyatın bütün
sahələrində tərəqqi
və çiçəklənməyə
doğru addımlamasında
ümummilli liderin yorulmaz səylərindən
bəhs edilmişdir. Məhz
bu səylərin nəticəsində Azərbaycanın
regionun aparıcı dövlətinə çevrildiyi
vurğulanmışdır.
Məqalədə ulu öndərin Azərbaycanda enerji sahəsində də uğurlu islahatlar apardığı, nəticədə
1994-cü ilin sentyabrında
xarici neft şirkətləri ilə
"Əsrin müqaviləsi"nin
imzalandığı, aydın
və məqsədyönlü
əsaslarla qurulmuş,
milli maraqları rəhbər tutan yeni xarici siyasət
strategiyası sayəsində
ölkənin beynəlxalq
miqyasda ikitərəfli
və çoxtərəfli
formatda geniş əlaqələr yaratdığı
diqqətə çatdırılmışdır.
Müəllif İslam dünyasının
ayrılmaz hissəsi olan Azərbaycanın ərəb ölkələri
ilə əlaqələrin
inkişaf etdirilməsinin
Heydər Əliyevin formalaşdırdığı xarici siyasətin prioritet istiqamətlərindən
biri olduğunu vurğulamışdır. Həmçinin Azərbaycanın
Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində
geniş əlaqələrə malik olduğu diqqətə
çatdırılmış və qonşu dövlətlərlə
bərabərhüquqlu tərəfdaşlığın əsasının
qoyulduğu vurğulanmışdır.
Yazıda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda uğurlu demokratik, sosial, iqtisadi islahatların aparıldığı,
müxtəlif sahələrdə
dinamik inkişafa nail olunduğu və ölkəmizin beynəlxalq
müstəvidə etibarlı
tərəfdaşa çevrildiyi
oxucuların diqqətinə
çatdırılmışdır.
Sonda müəllif hər il ulu öndər
Heydər Əliyevin xatirəsinin həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində
anıldığını qeyd etmiş, onun xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışdır.
Azərbaycan.-2013.-14 dekabr.-S.4.