Almaniya Bundestaqının Solçular fraksiyası mövcud sərhədlərin birtərəfli və zorakılıq yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu bildirir

 

Azərbaycan Tələbə Şəbəkəsi gənclər təşkilatının baş katibi Elşən İsmayılov Almaniyanın aparıcı siyasi xadimlərinə məktub göndərərək, Azərbaycan gənclərinin Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının komandirinin təcavüzkar bəyanatından narahatlığını ifadə etmiş Almaniyanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində səylərini artırmağa çağırmışdır.

Məktubda Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğu Rusiya ilə Ermənistan arasında mövcud kollektiv təhlükəsizlik müqaviləsinin bu bölgəyə şamil olunmadığı diqqətə çatdırılmışdır. Bundan əlavə, Ermənistan hakimiyyətinin Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün hüquqlarını tapdamaqla yanaşı, Ermənistanın özündə də insan hüquqlarına məhəl qoymaması və xüsusilə də, son prezident seçkilərinin nəticələrinə etiraz edənlərin hüquqlarını ağır şəkildə pozması faktları vurğulanmışdır.

Almaniya Bundestaqında Solçular fraksiyasının rəhbəri Qreqor Qizinin mətbuat katibi Diter Lihmanın Azərbaycan Tələbə Şəbəkəsinə ünvanladığı məktubda deyilir:

"Rusiya Ermənistan arasında imzalanan hərbi sazişlə nəzərdə tutulan hərbi yardımın göstərilməsi haqqında öhdəlik yalnız Ermənistan Respublikasının ərazisində qüvvədədir. Həmin saziş beynəlxalq aləm tərəfindən tanınmamış separatçı "Dağlıq Qarabağ Respublikası"nın ərazisinə şamil olunmur. Rusiya Federasiyasının indiki Prezidenti V.Putinkeçmiş Prezidenti D.Medvedyev öz şərhlərində bu faktı dəfələrlə təsdiqləmişlər. Buna görə də hər hansısa bir rus hərbçisinin sözlərinə əsaslanaraq Rusiya rəhbərliyinin siyasətinin dəyişdiyi qənaətinə gəlmək yanlış olardı. Bununla belə, biz bölgədə hədə-qorxu dilində danışmağın əleyhinəyik".

Məktubda daha sonra deyilir: "Solçular ötən illərdə Cənubi Qafqazda gedən prosesləri həm Ermənistan ilə Azərbaycan arasında olan ərazi münaqişəsi nöqteyi-nəzərindən, həm hər üç Cənubi Qafqaz ölkəsində olan insan haqlarının vəziyyəti baxımından diqqətlə izləmişlər. Bizim parlamentin 16-cı çağırışında təqdim etdiyimiz qətnamə layihəsindən görmək olar ki, Solçular münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Bu həll özündə hər iki tərəfin zorakılıqdan imtinasını, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə hörmətlə yanaşılmasını, habelə bütün qaçqın və məcburi köçkünlərin məhdudiyyətsiz olaraq öz torpaqlarına geri qayıtmasını birləşdirməlidir.

Birtərəfli zorakılıq yolu ilə ayrılmanı bu yolla mövcud sərhədlərin dəyişdirilməsini Solçular rədd edirlər. Bu, beynəlxalq hüquq prinsiplərinə ziddir. Solçular xarici siyasətdə xalqlararası anlaşma prizmasından çıxış edirlər və  etnik qruplar arasında yeni süni sərhədlərin yaradılmasının əleyhinədirlər. Dünyanın əksər ölkələrinin əhalisinin etnik cəhətdən heteroqen olduğunu nəzərə alaraq, etnik azlıqların müdafiəsini və onların daxildə öz müqəddəratını təyinetmə hüququnu səmərəli təmin edən mümkün qədər demokratik və yüksək insan hüquqları standartlarından çox şey asılıdır."

D.Lihman bildirmişdir ki, münaqişələrin həllində mütləq hər iki tərəfin razılaşmasına nail olmaq lazımdır sərhədlər heç bir halda birtərəfli qaydada dəyişdirilə bilməz. "Belə münaqişələrdə hər zaman tərəflər arasında razılaşma əldə olunmalıdır, məsələn, mədəni və siyasi muxtariyyətin razılaşdırılmış səviyyəsi. Bu, həm də ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində milli azlıqların öz ərazisinin müəyyən olunmasını da əhatə edə bilər. Başqa yol yoxdur. Bunlar ATƏT-in Minsk qrupunda aparılan sülh danışıqları çərçivəsində Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə də aiddir.

Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı digər ərazilər gələcək statusun müəyyənləşməsindən kənarda qalmalıdır. Bu ərazilərdə müharibədən öncə azərbaycanlılar yaşayırdı. Məcburi köçkünlərin öz torpaqlarına və yaşadıqları evlərinə qayıtmaqla bağlı hüquqları şərtsiz və məhdudiyyətsiz həyata keçirilməlidir. Ermənistan qeyd edilən ərazilərin işğalına dərhal son qoymalı və bu ərazilərdə erməni əhalisinin qanunsuz olaraq məskunlaşdırılması fəaliyyətini dayandırmalıdır ki, məcburi köçkünlər tezliklə öz torpaqlarına geri qayıda bilsinlər."

 

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Azərbaycan.-2013.-14 dekabr.-S.5.