Təhsil islahatları zamanın tələbidir

 

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ictimai fikirdə geniş reaksiyaya səbəb olmuşdur. Bu da təsadüfi deyil. Təhsil sisteminin inkişafı ölkənin gələcəyi, iqtisadi-siyasi perspektivləri, habelə hər bir ailə və vətəndaşın həyati maraqları ilə sıx bağlı olduğundan bütün cəmiyyətin diqqət mərkəzindədir. Strategiya respublikanın hazırkı siyasi, iqtisadi, sosial-mədəni durumu, beynəlxalq mövqeyi, hədəfləri, təhsilin ictimai yüksəliş amili kimi qlobal əhəmiyyəti, bu sahədə mövcud təcrübə və tendensiyalar nəzərə alınaraq tərtib edilmişdir və həqiqətən də, təkmil bir sənəd təsiri bağışlayır. Sənəddə deyilir: "Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir". Göründüyü kimi, təhsil sisteminin başlıca vəzifəsi ölkədə iqtisadi inkişafla, bu sahə üzrə beynəlxalq trendlərlə sıx əlaqədə götürülür ki, bu da müsbət haldır.

Məlumdur ki, bu gün bütün dünyada ümumi səciyyə daşıyan ənənəvi təhsil sistemi industrial sosial-texnoloji ukladla birgə yaranmış və bu ukladın inkişaf meyillərinə uyğun şəkildə təkamül etmişdir. Burada hər şey ölkələrin iqtisadi potensialının yüksəldilməsinə, maddi sərvətlərin və rifah halının davamlı artırılmasına yönəldilir. Ötən əsrin 60-cı illərində amerikalı professor Dennison "İqtisadi artıma müxtəlif amillərin təsiri" adlı fundamental əsərini yazanda təsir amilləri sırasında birinci yerdə əmək, ikinci yerdə fiziki kapital dururdu, təhsil yalnız üçüncü yeri tuturdu. İndi isə təhsil ön mövqeyə çıxmışdır və alimlərin fikrincə, bu, artıq həmişəlik belə olacaqdır. Qeyd edək ki, Azərbaycan pedaqoji fikrinin mənbəyində duran sovet məktəbi ənənəvi industrial sistemin təzahür formalarından biridir və dövlət strategiyasında həmin sistemin təkmilləşdirilməsi xəttinin əsas götürülməsi təhsildə varislik prinsipinin gözlənilməsi baxımından  doğru yoldur. Amma bu gün artıq postindustrial texnoloji uklada keçid müşahidə olunur və bu, yeni qlobal çağırışlara meydan açır. Sevindirici haldır ki,  strategiyada yeni reallıqlar da inikasını tapmışdır. Üçüncü bir tərəfdən, bu həm də qabaqlayıcı bir sənəddir, mahiyyətcə proqram xarakteri daşıyır: təhsil cəmiyyətin inkişafına müxtəlif iqtisadiyyat sahələri üçün kadr hazırlanması yolu ilə yardım etsə də, müasir iqtisadiyyat əvvəlki dövrdəkindən köklü surətdə fərqlənir və zaman keçdikcə bu fərqin daha da artacağı aşkar görünür. Təhsil sistemi isə Azərbaycanda hələ də iqtisadiyyat və cəmiyyətlə həqiqi fikir və davranış mübadiləsi sisteminə inteqrasiya olunmayıb; qloballaşan, diversifikasiya olunan müasir iqtisadiyyatın və bütövlükdə cəmiyyətin tələbləri ilə ayaqlaşa bilmir. Halbuki təhsil bu gün həm də sabahkı innovasiyalı gerçəkliyin yaradılması üçün məsuliyyət daşıyır. Prioritet iqtisadi sahələr üzrə sadəcə muzdlu işçilər yox, qarşıya sistemli və mürəkkəb məsələlər qoyub, onları həll etməyi bacaran, ehtiyac duyulan istehsalat və müəssisələr qurmaq iqtidarında olan mütəxəssislər hazırlanmalıdır. İnnovasiyalar elə ideyaların axtarılması və inkişaf etdirilməsidir ki, bunların köməyi ilə fundamental elmi kəşfləri real iqtisadi tələbatı təmin edə biləcək məhsullara çevirmək mümkün olsun. Bunun üçün təhsil ictimai həyatın, ilk növbədə iqtisadiyyatın inkişaf templərini qabaqlamalı, orta və uzaqmənzilli perspektivləri qabaqcadan görməli və vaxtında bunların layihələndirilməsi ilə məşğul olmalıdır. Keyfiyyətli təhsil sistemi qərarlaşan ölkələrin təcrübəsi sübut edir ki, o, sadəcə cari istehlak tələbatlarına işləmir, gələcəyin optimal modelini qurur, əmək və istehlak bazarını proqnozlaşdırır, tələbatları formalaşdırır, istiqamətləndirir və bu yolla sabahkı iqtisadiyyatın inkişafına stimul verir.

Effektiv iqtisadiyyatın, rəqabət qabiliyyətli istehsal sahələrinin yaradılması, dövlətin inkişaf etdirilməsi üçün yeni tipli insanlara böyük ehtiyac var. Çağdaş dünyada ən kəskin rəqabət də elə müstəqil qərar vermə və fəaliyyət göstərmə, səbəb-nəticə kateqoriyaları ilə yaradıcı düşünmə, geniş mənada dizayn və layihələndirmə, özünükamilləşmə, yüksək təşəbbüskarlıq, eyni zamanda, adaptivlik qabiliyyətinə malik olan, daha bir sıra zəruru tələblərə cavab verə bilən insanlar uğrunda gedir. Bu insanın ümdə xüsusiyyətləri müstəqillik, yaradıcı düşüncə, quruculuq qabiliyyətidir. Bunlar isə yalnız sərbəst və azad yaradıcı mühitdə formalaşa bilər. Ümumdünya Bankının tədqiqatlarından aydın olur ki, sovet tipli məktəb (bizim məktəb də mənşə etibarilə bu  tipə aiddir) dünya üzrə ən çox təsisatlaşmış və intizam baxımından ən sərt məktəbdir. O həm də darıxdırıcı və cansıxıcıdır, uşaq və yeniyetmələrdə elmə, təhsilə həvəs oyada bilmir. Təhsil bəsit əzbərçiliyə və yadda saxlamağa istiqamətləndiyindən imtahanlar əsl dəhşət və stress mənbəyinə çevrilir. Bütün dünyada çalışırlar ki, təhsil alanlar müstəqil işləməyə, informasiya əldə etməyə öyrəşsin, alınan məlumatları sərbəst şəkildə təhlil və emal etsin, müvafiq nəticələr çıxara bilsin. Biz isə Komenski məktəbinin başlıca prinsipinə sadiq qalaraq, hələ də məktəbliyə zəif və bacarıqsız varlıq, müəllimə isə onun qüdrətli hamisi kimi baxmaqda davam edirik. Amma unuduruq ki, məktəb artıq ötən əsrin birinci yarısında olduğu kimi, yeganə informasiya kanalı deyil. Mühit, İnternet, televiziya, digər media resursları müəllimin uşağa "ağıl öyrətməli olan böyük" obrazını ciddi şəkildə korroziyaya uğratmışdır. Sinif-dərs sistemi bir çox hallarda bu rəqabətə davam gətirmir. Müəllimlər isə bir ucdan intizamın sərtləşdirilməsini istəyir, məktəblilərdən itaətkarlıq tələb edirlər. Halbuki bu gün öz inkişaf səviyyəsinə görə Amerika və Avropaya yaxınlaşmaqda olan Asiya ölkələrində, xüsusilə də, Çində təhsil prosesi azad və psixoloji baxımdan çox rahat simulyativ oyunlar vasitəsilə aparılır. Hər şey ona xidmət edir ki, şagird   maksimal həcmdə bilik mənimsəsin, amma gərginlik keçirməsin. Misal üçün, Tayland məktəblərində aşağı siniflərdə dərslər cəmisi 20 dəqiqə, fasilələr isə 1 saat davam edir. Elə Avropanın özündə də məktəb bizdəkindən "yumşaq"dır. Finlandiyada tədris zamanı əsas ona fikir verilir ki, uşaq bilik öyrənəndə özünü xoşbəxt hiss etsin. Biz isə onu nəyin bahasına olursa-olsun dərs oxumağa məcbur edirik. Bu gün Qərb dünyasında uşaqların əksəriyyəti coğrafiyanı Discovery proqramı üzrə öyrənir. Sadə, sürətli və anlaşıqlı bir yoldur. Başqa mütərəqqi üsullar da az deyil, bunlar barədə də bəhs edəcəyik.

Tələbələrin istər ölkə daxilində, istərsə də xaricdə bir ali məktəbdən, bir fakültə və ixtisasdan başqasına rahat şəkildə keçə bilməsi, istədikləri kursları seçməsi olduqca vacibdir. İşəgötürənlər ali məktəb məzunları qarşısında get-gedə daha geniş və ciddi tələblər qoyurlar. Səbəb aydındır: müasir şirkətlərə polivalent mütəxəssislər, yəni, istehsalat fəaliyyətində müxtəlif məsələləri eyni ustalıqla həll etməyə qadir olan mütəxəssislər lazımdır (artıq sovet dövründəki dar ixtisaslaşmadan imtina olunur). Bu  halda məzunun malik olduğu bacarıqlardan biri əsas götürülməli, qalanları isə ona əlavə rolunda çıxış etməlidir. Mütəxəssislərin qənaətinə görə, polivalent mütəxəssislər hazırlamaqdan ötrü 2-3 ali təhsil almağa ehtiyac yoxdur. Kifayətdir ki, tələbəyə qonşu fakültə və universitetlərdə ayrı-ayrı kursları dinləmək imkanı yaradılsın. Tarixən müxtəlif Qərb universitetlərində belə bir təcrübə sınaqdan keçirilmiş və özünü doğrultmuşdur. Bizdə isə bu, hələlik mümkün deyil.

Azərbaycan iqtisadi inkişafının ən qüdrətli mərhələsinə qədəm qoyur. İldən-ilə, aydan-aya böyüyən və güclənən iqtisadiyyatımızın  dünya sisteminə inteqrasiya olunması təhsil üçün mahiyyətcə yeni bir situasiyadır. Beynəlxalq əmək bölgüsündə iştirak, qlobal əmək bazarının, habelə ildırım sürəti ilə inkişaf edən elmi-texniki tərəqqinin  reallıqları mütəxəssis hazırlığında (ilk növbədə texniki sahələrdə çalışacaq mütəxəssislərin) yeni konsepsiyalar işlənilməsini şərtləndirir. Bir tərəfdən elm və texnika inkişaf etdikcə biliklərin istehsalı, mənimsənilməsi və istifadə edilməsi üçün daha yüksək intellektual qabiliyyətlər tələb olunur. Bu tələb durmadan yüksəldikcə, onu ödəməyə qadir olan kontingent azalır. Paradoksal olsa da, faktdır. Digər tərəfdən ali təhsillə ali məktəbdən sonrakı təlim arasında kəmiyyət-keyfiyyət nisbəti dəyişir, müvafiq diplom və sertifikatlar isə ömürlük professional statusa təminat vermir. Üçüncü bir tərəfdən alimlərin hesablamalarına görə, bu gün insan artıq həyatı boyunca fəaliyyət sferasını orta hesabla 13 dəfə dəyişir.

Sevindirici haldır ki, təhsil sisteminin çox geniş spektri üzrə səmərəli müzakirə üçün imkan verən dövlət strategiyasında sadalanan problemlərlə əlaqədar məsələlər də nəzərdən qaçırılmamışdır. Fitri bacarıq və istedadların erkən yaşlarından müəyyənləşdirilib bütün təhsil prosesi boyunca (məktəbəqədər-ümumi-peşə təhsili-universitet) dəstəklənməsi bu sırada xüsusi yer tutur. İlk əvvəl mütləq qeyd etməliyik ki, bütün dünya cəmiyyətlərinin resurs xarakterli ən böyük ehtiyaclarından olan istedadlar məsələsi hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bu prinsipial məsələdə dövlət rəhbərinin göstərdiyi örnək xalqımızın daha işıqlı gələcəyi naminə hamımızı, ilk növbədə təhsil işçilərini ciddi düşündürməlidir. Bu ümummilli məsələnin həllinə erkən yaşlardan və uşaqların zehninin inkişaf etdirilməsi ilə paralel başlanılması daha məqsədəuyğundur. Psixoloqlar iddia edirlər ki, həyatın müxtəlif mərhələlərində insanın təfəkkürü müxtəlif intensivliyə malik olur və müxtəlif istiqamətlərə yönəlir. Təbiət insana uşaqlıq dövründə yaşlılar üçün təsəvvürəgəlməz templərlə bir neçə dil öyrənmək, mücərrəd məfhum və təzahürlər arasında münasibətləri dərk etmək, emosiyaları bir anda görünən əyani obrazlara çevirmək və bütün bunları oyun əsnasında həyata keçirmək qabiliyyəti  verib. Uşağa əşyalar, obrazlar və hadisələr arasında əlaqə tapmaq ehtiyacı xasdır  və bu da öz ifadəsini sonsuz sual axınında tapır. Məşhur tədqiqatçı Masaru İbuk erkən tərbiyə nəzəriyyəsindən bəhs edən kitabında yazır: "2, 3 və ya 4 yaşında insan elə şeyləri asanlıqla mənimsəyir ki, sonradan həmin şeyləri ya çətinliklə öyrənir, ya da öyrənə bilmir. Uşaqlarda güclü ünsiyyət və böyüklərin demək istədiklərini anlamaq qabiliyyəti  var. Onlar həmişə oxumağa, öyrənməyə hazır olurlar". Lakin alimlər onu da qeyd edirlər ki, təbiət insana hər bir hədiyyəsini məhdud müddətə bəxş edir. Böyüdükcə uşaqlarda dərrakə öz zirvəsinə çatır, 6-7 yaşlarında isə onların əlaqə axtarmaq ehtiyacı ("nə üçün?" və "necə?" sualları) nəzərəçarpacaq dərəcədə zəifləyir. Əgər bu ehtiyac həmin vaxtacan xüsusi tərbiyə ilə möhkəmləndirilməyibsə,  onların yaradıcılıq qabiliyyəti aşağı olur. Deməli, istedad və müstəsna zehni bacarıqların aşkarlanmasına məhz 6-7 yaşına qədər başlamaq daha effektiv sayılmalıdır. İnsanın Potensial İmkanlarının İnkişafı İnstitutunun (Filadelfiya, ABŞ) direktoru Qlen Dauman körpəlikdən istedadları kəşf olunmuş uşaqların 2-3 yaşında mürəkkəb gimnastik hərəkətlər etdiklərinə, üç dildə kitab oxumalarına, at  çapmalarına, skripka və royalda  virtuozcasına ifa etmələrinə şahid olduğunu yazır. Deyilənlər də sübut edir ki, bağça, sonradan isə məktəb yaradıcı inkişafın ilkin mənbələri rolunu oynamalı, uşaqların yaradıcı qabiliyyətlərini oyatmalı və cilalamalı, qeyri-formal təhsil isə yaradıcı təfəkkürün inkişafına dəstək verməlidirlər. "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda istedadların müəyyənləşdirilməsi və inkişafı məsələrinə geniş yer ayrılması təqdirəlayiqdir. Təkcə onu xatırlatmaq yetər ki, sənədin 7-ci ("Strateji hədəflər və tədbirlər") bölməsində istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması (1.2.3. bəndi), istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması (2.4.), istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və tətbiq edilməsi (2.4.1), hər bir istedadlı təhsil alan üçün fərdi inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında hazırlanması (2.4.2) kimi tədbirlər nəzərdə tutulur. Bu sıraya respublika fənn olimpiadaları ilə bağlı təkliflər də əlavə oluna bilər. Fikrimizcə, bu olimpiadalarda tapşırıqlar istedadların müəyyənləşməsinə yönəldilməli, iştirak etmək istəyən hər bir məktəbliyə öz bilik və bacarığını nümayiş etdirmək üçün şərait yaradılmalı, qaliblərin və mükafatçıların sayı artırılmalı və onlar təxirə salınmadan ali məktəblərin müvafiq kafedralarında yüksək ixtisaslı alimlərin himayəsinə verilməlidirlər.  Burada bir məsələ də unudulmamalıdır. Əsas o deyil ki, uşaq tez bir vaxtda parlaq istedadı nəticəsində böyük uğurlara imza atsın (əlbəttə, bu, ideal variant olardı). Əsas onun ilkin yaradıcılıq vərdişlərinə yiyələnməsi, yaradıcı düşüncənin əsaslarını əxz etməsidir. Əgər bu təfəkkür tərzi tərbiyə vasitəsi ilə aşılansa, uşağın gələcək həyatında  bu təməl üzərində mühüm irəliləyişlər edəcəyinə ümid bəsləmək mümkündür. Universitet həyatında bu bacarıq ən müxtəlif istiqamətlərdə - fikrini səlis ifadə etməkdən, mövqeyini düzgün əsaslandırmaqdan tutmuş  fiziki, tibbi və riyazi ehkamların şübhə altına alınmasına qədər geniş bir diapozonda istifadə edilə bilər. Ümumi qanunauyğunluqlardan konkret hallar üçün xüsusi, detallaşdırılmış nəticələr çıxarmağı bacarmaq, həyati situasiyalarda əsas olanla ikinci, üçüncü dərəcəli məsələləri ayırd edə bilmək də müasir dövrdə xüsusi bir istedaddır. İstənilən halda belə yeniyetmələrin cəmiyyətə fayda vermə ehtimalı nisbətdə xeyli yüksəkdir.

İndi gələk strategiyada müasir təhsilin formal (kütləvi, ənənəvi), informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal formaları haqqında müddəalara və yeni təhsil texnologiyaların tətbiqi məsələlərinə. Sənədin ən böyük məziyyətlərindən biri ilk dəfə olaraq, ömür boyu təhsil məsələsinin prinsipial şəkildə qoyulması və müxtəlif təhsil formaları, yeni informativ texnologiyalarla əlaqələndirilməsidir. Yuxarıda qeyd olunduğu kimi, yaşadığımız dövr müasir insanı  formal təhsillə təhsilin digər formaları arasında optimal nisbəti müəyyən etmək, fəaliyyət istiqamətlərini ömür boyunca bir neçə dəfə dəyişməyə hazır olmaq kimi vəzifələrlə qarşı-qarşıya qoyub. Bizim orta statistik vətəndaş isə 40-50 yaşlarına qədər gəncliyində əldə etdiyi  təhsil hesabına müəyyən işdə çalışır və ömründə ən yüksək əməkhaqqını da bu vaxta qədər qazanır. Bundan sonra isə əgər ixtisas dərəcəsini  təkmilləşdirmirsə, artıq elm və texnikanın yeni nailiyyətlərindən geri qalmağa və gənclər tərəfindən sıxışdırılmağa başlayır. Bu zaman onun qarşısında iki çıxış yolu qalır: ya biliklərini zənginləşdirmək, ya da peşəsini və işini dəyişmək. Belə bir şəraitdə fasiləsiz təhsil institut və mexanizmlərinin, ömür boyu təhsil infrastrukturunun yaradılması kimi məsələlər aktuallaşır.

Ötən əsrin 80-ci illərində Amerikada görkəmli sosioloq P.Allman tərəfindən irəli sürülmüş "fasiləsizliyin kəsilməsi" (discontinuity hypothesis) fərziyyəsi təhsilin fasiləsizliyi və ömür boyu təhsil konsepsiyasını elmi cəhətdən əsaslandırdı. O vaxta qədər bütün dünyada belə bir fikir hökm sürürdü ki, insan aktiv təhsillə yalnız gənc yaşlarında məşğul ola bilər. P.Allmanın fərziyyəsi bu düşüncəni, bu həyat  tərzini alt-üst etdi. Alim belə bir nəticəyə gəlmişdi ki, ömür boyu təhsil almaq yetkin şəxslərin gələcək inkişafına aparan ən etibarlı vasitədir. Elmin yeniliyindən xəbər tutan təqribən 23 milyon amerikalı yaşlı insan 1984-cü ildə yenidən təhsil almağa başladı. Hazırda beynəlxalq pedaqoji dairələrdə ömür boyu təhsil amilinə daha geniş kontekstdə baxılır. Bu, artıq mütəmadi peşə dəyişməsi prinsipi kimi yox, insan qarşısında açılan üfüqlərin daimi genişləndirilməsi, bilik və vərdişlərin dərinləşdirilməsi zərurəti ilə izah olunur. Təhsilin fasiləsizliyinə yönəlmiş metodların insanları yeni həyat səviyyəsi, daha yüksək keyfiyyətli həyatla təmin etdiyi nəzərə alınaraq, belə metod və üsullar da vaxtaşırı yenilənir. ABŞ-ın İndiana ştatı universitetinin müəllimi Kertis Bonkun "Açıq dünya: veb-texnologiya təhsil sferasını necə dəyişir" adlı kitabında bu məsələlər geniş şərh olunub. Bonk əmindir ki, ödənişsiz onlayn video təhsil növü istənilən şəxs üçün görünməmiş imkanlar açır.  Nəhəng bir virtual sinfi xatırladan bu "İnternet akademiyası"nda eyni zamanda 1 milyondan çox tələbə texniki və işgüzar bilik və vərdişlər mənimsəyir. Yeni texnologiyalar ənənəvi üsulla oxumaq imkanında olmayan yaşlı insanların, əlillərin, həmyaşıdları ilə ayaqlaşa bilməyən şagirdlərin həyat tərzini köklü surətdə dəyişmiş və onlara əlverişli imkanlar yaratmışdır. K.Bonkun yazdığına görə, təkcə ABŞ-da artıq on minlərlə adam bu üsulla təhsil alır. O, kitabında Xan Akademiyasının kitabxanasını misal göstərir - hazırda orada hesabdan tutmuş fizikaya, tarixdən tutmuş maliyyəyə qədər bütün fənlər üzrə 2500-dən artlq pulsuz video-mühazirə yerləşdirilmişdir. Cisco akademiyasının 1997-ci ildən həyata keçirdiyi qeyri-kommersiya xarakterli şəbəkə, habelə "Apple" şirkətinin internet vasitəsi ilə tətbiq etdiyi məktəb proqramları çərçivəsində dünyanın bütün guşələrində yerləşən təhsil müəssisələrinə pulsuz olaraq təhsil və imtahan materialları, habelə təlimatçılıq dəstəyi göstərilir.

 

"Distant təhsil", "elektron təhsil" və bu kimi müxtəlif adlar verilən yeni internet texnologiyaları tədris müəssisələri tərəfindən şəbəkədə portalların yaradılmasını, burada yerləşdirilən tədris materiallarına giriş verilməsini (açıq, qismən açıq, yaxud da pullu ola bilər) nəzərdə tutur. Adətən, portallar illüstrasiyalı mətnlərdən ibarət olur və video-audio materiallarla zənginləşdirilir. Kompyuter qrafikası ilə modelləşdirilən sınaqlar, müxtəlif elmi sxem və proseslər uşaqların keçilən mövzuları əyani şəkildə qavramasına xidmət edir. Dərs zamanı və sonra  çalışmalar, təkrarlamaq və yadda saxlamaq üçün tapşırıqlar verilir. Şagirdlər həmin tapşırıqları edir və yoxlamaq üçün on-line rejimdə müəllimlərinə göndərirlər. Bu yeni təhsil növünün bir üstünlüyü də şagirdlərin fərdi istək və tələblərinin nəzərə alınmasıdır. Elm sübut edir ki, məktəb yaşlı uşaqlar da bütün insanlar kimi, günün bütün vaxtlarında deyil, müəyyən saatlarında fəal olurlar.

Elektron təhsil müəyyən fənn və mövzuların müzakirəsi məqsədi ilə sosial şəbəkələrdə də aparıla bilir. Bunu personal təhsil növü adlandırırlar. Adları oxşar olsa da, fərdi və personal təhsil növləri başqa-başqadır. Fərdi təhsildə təhsil alana kimsə kənar şəxs (müəllim, təhsil verən) rəhbərlik edir, onun üçün fərdi tədris prosesi təşkil olunur. Personal təhsildə isə insan öz təhsilini müstəqil şəkildə qurur, nəyə maraq göstərirsə, onu öyrənir. Dərs yoldaşlarını da eyni fənlərə maraq göstərənlərin içindən özü seçir. Əlbəttə, şəbəkə təhsili formal təhsilin yerini vermir. O, daha çox  yardımçı rol üçün münasibdir. Nəzərə alsaq ki, ənənəvi təhsil sistemində öyrədilən biliklər tez köhnəlir, aydın olar ki, formal və informal (bu halda şəbəkə növlü) təhsilin birləşməsi yolu ilə yüksək nəticələr almaq ehtimalı daha böyükdür. Yaşadıqları cəmiyyətin təkmilləşdirilməsini biznes maraqlarından üstün tutan (Amerikada ali təhsil əsas etibarilə pulludur) ABŞ universitetləri son illərdə öz tədris materiallarını internetdə yerləşdirmişdir, hər bir şəxs həmin zəngin məxəzlərdən istifadə etməklə özü üçün müstəqil təhsil kursu yaratmaq iqtidarındadır. Bu isə eyni zamanda elm və biliklərin inkişafı üçün də geniş üfüqlər açır.

Onu da qeyd etmək lazımdır ki, informativ kommunikasiya texnologiyalarına əsaslanan yeni interaktiv təlim metodlarına münasibət hələlik heç də birmənalı deyil. Texnoloji yeniliklərin fəal müdafiəçisi və hamisi olan  "Maykrosoft" şirkətinin dünya şöhrətli yaradıcısı və sahibi Bill Geyts bu il Ümumdünya Davos İqtisadi Forumundakı çıxışında distansion metodun təhsilin inkişafında hərəkətverici qüvvəyə çevriləcəyinə inamını ifadə edib. Harvard universitetinin fəxri prezidenti Larri Sammers belə düşünür ki, bu metod minlərlə yeni ideyanın gerçəkləşməsi üçün nəhəng bir potensialdır. Elektron, distant təhsilin əleyhdarlarının başlıca arqumenti bundan ibarətdir ki, müəllimlə tələbə arasında mənəvi bağlılığı heç bir əlavə təlim kursu, heç bir texnologiya əvəzləyə bilməz. Çünki bu canlı, qarşılıqlı yaradıcılıq prosesində informasiya mübadiləsindən daha çox dünyanı dərketmədə qazanılan şəxsi təcrübə və düşüncə tərzi ötürülür, nəzəri biliklərin praktiki tətbiqi sahəsində vərdişlər aşılanır... Üçüncü bir mövqe onlayn təhsilə mötədil münasibət bəsləyən, lakin onun əyani təhsili əvəzləyəcəyinə inanmayanlara məxsusdur. Onların fikrincə, bu innovasiyalar yalnız mütəxəssislərin yenidən hazırlığı, ixtisasartırma, fərdi, yaxud ömür boyu təhsil sahələrində müsbət təsir göstərə bilər. Əlbəttə, bu fonda bizim Təhsil Strategiyasında texnoloji yeniliklərin açıq şəkildə təqdir edilməsini və stimullaşdırılmasını mütərəqqi hal kimi qiymətləndirməmək olmur. Lakin həqiqət naminə, bir məsələni də xatırlatmalıyıq. İş burasındadır ki, sosioloqlar elektron təhsil növünün məktəb yaşlı uşaqların sosiallaşmasına ciddi maneələr yaradacağı haqda xəbərdarlıq edirlər və bu xəbərdarlıqları da qulaqardına vurmaq olmaz. Hazırda adi, ənənəvi məktəb uşaqların həyatında sosial vakuum yaranmasına imkan vermir, onların öz yaşıdları və müəllimləri ilə canlı ünsiyyəti prosesində əvəzolunmaz təcrübələr qazanmalarını təmin edir. Elektron ünsiyyətin dominantlığı şəraitində isə bu imkanların məhdudlaşmayacağına təminat yoxdur.

Yekun olaraq əminliklə söyləmək olar ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyası milli təhsil sistemimizin və onun vasitəsi ilə faktiki olaraq, bütün cəmiyyətimizin yeniləşməsi ideyasını maddiləşdirən fundamental nəzəri baza və ciddi fəaliyyət proqramıdır. Bəli, Azərbaycanda təhsil sistemi müasir iqtisadiyyatın tələblərinə uyğun şəkildə dəyişməlidir və bu sahədə islahat labüddür. Strategiya keçiriləcək islahatların əsas konturlarını məharətlə çızır və gələcək gərgin, məqsədyönlü fəaliyyətin istiqamətləri haqqında ətraflı təsəvvür yaradır. Etiraf edək ki, gözəl təsəvvürlərdir. İndi qarşıda bu təsəvvürlərin real işə çevrilməsi, deməli, imkanların son həddində gərgin gündəlik əmək dayanır. Azərbaycanın 21-ci əsrdə hansı mövqeyə yüksələcəyi məhz bu əməyin nəticələrindən asılı olacaqdır.

 

 

 

Nizaməddin QULİYEV

Azərbaycan.-2013.-14 dekabr.-S.6.