Həyatda iz qoyan insan
Kamran
Hüseynov-100
Hər bir dövrün istedad
və qabiliyyət ilə seçilən, ömrünü
xalq işinə həsr edən şəxsiyyətləri
formalaşır. Belə
insanlar başqalarından seçilən keyfiyyətləri ilə
cəmiyyətdə özləri nüfuz qazanır, illər,
qərinələr keçsə də, xeyirxah əməlləri
ilə xatirələrdə yaşayırlar.
Yüz
yaşı tamam olan tanınmış dövlət xadimi
Kamran Əsəd oğlu Hüseynov da belə insanlardandır.
K.Ə.Hüseynovun
100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamda deyilir: "Kamran Hüseynov
respublikada dövlət idarəçiliyi və
iqtisadiyyatın müxtəlif sahələrində səmərəli
fəaliyyət göstərmiş, uzun illər təqdirəlayiq
xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına
layiqli töhvələr vermişdir". Yaşının müdrik
çağında qələmə aldığı xatirələrində
Kamran Hüseynov qazandığı uğurların mənbəyini
doğma xalqında, aldığı tərbiyədə
görür: "Taleyim elə gətirdi ki, özüm də
gözləmədən narahat sularda yelkənim
dalğaların üstündə ora-bura
çıpına-çırpına Yer üzünü gəzib
dolaşdım. Minnətdaram ulu Tanrıya ki, bütün
sınaqlardan üzü ağ çıxardı məni. Bütün
uğurlarımın səbəbini həmişə doğma
xalqımda, onun mənə verdiyi tərbiyədə
görmüşəm..."
Kamran
Hüseynov 1913-cü il dekabrın 15-də
Qubadlı rayonunun Çərəli kəndində anadan olub. Əzəmətli Hərtiz
dağının ətəklərində yerləşən əsrarəngiz
təbiətli bu kənd məhsuldar, bərəkətli
torpaqları, saf havalı meşə və biçənəkləri,
buz bulaqları ilə seçilərdi. Atası Əsəd
kişi əkin-biçin adamı olub, ailəsini əlinin zəhməti
ilə dolandırıb.
K.Hüseynovun uşaqlıq illəri əzab-əziyyətli
keçib. Özünün yazdığına görə 8-9
yaşlarından işləməyə başlayıb. Hər
bir kənd üçün xarakterik olan ot biçmək,
çəpər çəkmək, mal-davarla məşğul
olmaq və s. kimi kəndin məişət işləri onun
da ilk məşğuliyyəti olub. Yazıb-oxumağı isə
məktəbə gedən qardaşından öyrənib.
16
yaşında ilk dəfə rayondan kənara çıxan
Kamran həmkəndlilərinə qoşulub Naxçıvana
gedib. Sonralar bu səfəri xatırlayaraq deyirdi: "İlk dəfəydi
başqa şəhərdə olurdum. Ordan özümə
üçburun çarıq aldım. Tay-tuşlarım o
çarığın tamaşasına gəlirdilər.
Sonralar dünyanın harasında səfərdə olurdumsa,
ordan aldığım ayaqqabılar məni o çarıq qədər
sevindirmədi."...
Kamran Hüeynovun Bakıya ilk gəlişi də
asan olmur. Qubadlının Çərəli kəndindən
Bakıya 50 qəpik pul, dörd büküm çörəklə
çıxır. Həkəri stansiyasında vaqonlara yük
vurub qazandığı 10 manatın da 5-ni pencəyi ilə
birlikdə kənddə atasız, əyin-başı yalın
qalmış qardaşına qaytarıb qatara minir. Bakıda
neft sənayesində fəhlə işləyərək, həm
də kənddə qalan böyük bir külfəti
dolandırırdı.
Kamran
Hüseynov ömrünün hər bir mərhələsi,
özünün ifadəsi ilə desək, taleyin onu
sınaqlara çəkməsi ilə yaddaqalandır. Ancaq sərt kənd
mühitində formalaşan, həyatın ağır
yükünə çiyin verməyi elə uşaqlıq
yaşından vərdiş edən 20 yaşlı gənci
heç bir çətinlik qorxutmur. Öhdəsinə
düşən hər bir vəzifəni böyük səy və
bacarıqla yerinə yetirir. "Duda" zavodunda dəmirçi və
çilingər işlərkən, yenə də tikintidə
müstəqil briqadir kimi çalışanda da daim irəliyə
can atması onu işlədiyi kollektivlərdə də
sevdirmişdir. Oxumağa güclü həvəsi olan gənc
Kamran dörd sinfi bir ildə başa vurur. Istehsalat
qabaqcılı olması Sənaye Akademiyasına təhsil
almağa göndərilməsinə zəmin yaradır. Təhsil
dalınca Xarkova üz tutur. 1938-40- cı illərdə Xarkov
İnşaat Mühəndislər institutunda təhsil
alır. Sonra Bakıda Neft Sənaye Akademiyasının
açılması ilə əlaqədar Azərbaycana
qayıdır və burada təhsilini başa vurur. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət
Pedoqoji İnstitutunun tarix fakultəsini, eyni zamanda respublika Ali
Partiya məktəbini bitirmişdir. Ömrünün bu mərhələsi
Kamran Hüseynov üçün dövrün tələblərinə
uyğun hərtərəfli təhsil alma, istehsalatda püxtələşmə,
möhkəm, inadkar, qətiyyətli və
çalışqan xarakter formalaşması illəri kimi səciyyələnir.
Sinəsini sənaye qabaqcılı döş nişanı,
"Əmək rəşadəti" medalı bəzəyir.
Doqquzuncu
zavodda - Yeni Bakı Neftayırma zavodunda işlədiyi vaxt
Sumqayıt şəhərində zavodlar tikmək məqsədi
ilə "Zaqafqaziya Sənaye Tikinti" Trestinin
formalaşdırılması üçün Mərkəzi
Komitənin tapşırığı ilə Sumqayıta
göndərilir. Lakin 1941-45-ci illər müharibəsinin
başlaması bu işləri yarımçıq qoyur.
Əslində bununla da Kamran Hüseynovun həyatında daha məsul
sınaqlar dövrü başlanır. Dövlət
Müdafiə Komitəsinin qərarı ilə 6 min nəfərədək
adamın işlədiyi Sumqayıt tikintilərinin
dayandırılması istehsalat
avadanlıqlarının burada
işləyənlərlə birlikdə Şimali Urala,
Novotagilskə köçürülməsi ilə əlaqədar
Kamran Hüseynova mühüm tapşırıq verilir.
Bütün çətinliklərə baxmayaraq o, bu
tapşırığın öhdəsindən uğurla gəlir.
Insan təlafatına və heç bir qəzaya yol verilmədən ona həvalə
edilmiş eşalon mənzil başına sağ-salamat
çatdırılır.
Gənc
olmasına baxmayaraq, Kamran Hüseynov hansı sahəyə təhkim
olunurdusa, orada bir canlanma yarada bilir, tapşırılan işi
ya uğurla başa çatdırır, yaxud, geridə
qalmış sahənin dirçəldilməsinə nail
olduqdan sonra başqa daha vacib işə göndərilirdi.
1944-cü
ildə Kamran Hüseynov öz taleyini ikinci dəfə
Sumqayıta bağlayır. 1944-45-ci illərdə
Sumqayıt rayon Partiya Komitəsinin sənaye və kadr işləri
üzrə katibi vəzifəsində işləməyə
başlayıb...
Faşist
Almaniyası üzərində qələbədən
sonrakı dövr ölkədə müharibənin
yarımçıq qoyduğu işlərin bərpası,
dinc quruculuq və inkişafın təmin edilməsi illəridir. Bu nəhəng quruculuq
işlərində Kamran Hüseynovun da əməyi az
olmayıb. Hələ 31 yaşında məsul
rəhbər vəzifəyə təyin edilən Kamran
Hüseynovun həyatında idarəçilik məharətini,
rəhbərlik üslubunu, inkişafa mane ola biləcək
maneələri cəsarətlə aşmaq qabiliyyətini
göstərmək üçün yeni üfüqlər
açılır. O, 1958-ci ilədək Binəqədi,
Sumqayıt və Neftçalada Partiya Komitəsinin birinci katibi
kimi özünü əsl təşkilatçı, ədalətli
rəhbər, nöqsanlarla barışmağı bacarmayan
qurucu kimi təsdiq etmişdir. Tutduğu vəzifələrdən,
gördüyü işlərdən asılı olmayaraq,
mövqeyi daim seçilmişdir.
1945-ci il fevralın 5-də Binəqədi rayon Partiya
Komitəsinin birinci katibi vəzifəsinə göndərilən
Kamran Hüseynov burada 1947-ci ilədək işləyir. O, neft-qaz hasilatı ilə
tanınan bu rayona rəhbərlik edəndə hələ
müharibə qurtarmamışdı. Qarşıda birinci
növbədə neft-qaz istehsalında olan geriliyi aradan
qaldırmaq vəzifəsi dururdu. Odur ki, Sulutəpədə,
Çaxmaqlarla yeni quyular qazılır, dayanan quyuların
işə salınmasını təmin edir. Rayona iki illik rəhbərliyi
dövründə Kamran Hüseynovun "Şərəf
nişanı" ordeni ilə təltif edilməsi, Ali Sovetin Deputatı
seçilməsi gənc raykom katibinin yaxşı işinin
göstəricisi idi.
Sumqayıtın və Mingəçevirin tarixi
taleyində bir bağlılıq var. Çünki bunların
hər ikisi ölkənin inkişafının stateji məqsədləri
ilə əlaqəli olmuşdur. Qəribədir
ki, Kamran Hüseynov ömrünün cavan, ən enejili
dövründə bu iki şəhərdə, həyata
keçirilən nəhəng layihələrdə iştirak
etmişdir. 1948-ci ilin axırından onun həyatının
Mingəçevir dövrü başlayır. Kamran
Hüseynov böyük Mingəçevir tikintisinin- Sənaye
Energetika şəhərinin yaradılmasına rəhbərlik
edənlərdən biri olur. Mingəçevirə göndərilməsini
belə xatırlayırdı: "1945-ci il iyulun 6-da Stalin Azərbaycan
hökumətinin, AK (b)P MK-nın təşəbbüsü
ilə hazırlanmış Mingəçevirə dair tədbirlər
planına qol çəkdi. Nazirlər Soveti sədrinin birinci
müavini İslam İslamzadə bütün hüquqları
saxlanılmaq şərti ilə tikintiyə rəhbər təyin
edildi. Tikintiyə 45 mindən çox adam, 20 minədək
dustaq gətirilmişdi. Azərbaycan xalqı üzünü
Mingəçevirə tutmuşdu. Kimin nəyə imkanı,
bacarığı çatırdısa, əsirgəmirdi".
Mingəçevirdəki işlərə rəhbərlikdən
narazı qalan Mircəfər Bağırov çox keçmədən
Kamran Hüseynovu ora göndərmək qərarına gəlir.
Beləliklə, 1948-ci ilin axırlarından Kamran Hüseynovun
həyatının Mingəçevir dövrü
başlayır.
Kamran
Hüseynov bu nəhəng ümumittifaq tikintisinin problemlərinin
kompleks həllinə girişir. Moskvada həlli vacib məsələləri
cəsarətlə qaldırır, təkliflərinin qəbul
edilməsinə nail olur.
Mingəçevir
tikintiləri uğurla başa çatandan sonra Kamran
Hüseynovu Neftçalaya birinci katib göndərirlər. Ömür yolunu səhifələyən
Kamran Hüseynov yazırdı: ..."Özbəkistandan Mərkəzi
Komitə katibinin başçılığı ilə
böyük nümayəndə heyəti gəlmişdi.
Qonaqlar gedəndə etiraf etdilər ki, Mingəçevir Azərbaycan
xalqı üçün İnqilabi bir hadisədir. Bakıya
qayıdandan sonra nümayəndə heyətinin
başçısı iclasda Mircəfər Bağırovdan
xahiş edir ki, Mingəçevirdə işləyən Kamran
Hüseynovu bizə verin, Özbəkistana aparaq..." M.Bağırov ona heç bir cavab
vermir. Ertəsi gün tapşırır ki, "Hüseynovun
şəxsi işini mənə verin. O, özümüzə
burada lazımdır".
1952-53-cü
illərdə Neftçala rayon Partiya Komitəsinin birinci katibi
işləyən Kamran Hüseynov burada da öz dəst-xəttinə
sadiq qalır.
Quruculuq
işlərinə vüsət
verir. Rayon mərkəzində
çoxmərtəbəli binaların planlı tikintisinə,
asfalt yollar çəkilməsinə, çörək
kombinatı, mədəniyyət sarayı, stadion, yeni tipli məktəb,
xəstəxana və digər obyektlərin tikintisinə nail
olub.
1953-cü ildə Kamran Hüseynov
üçüncü dəfə Sumqayıta işə
göndərilir. Yenidən Sumqayıta qaytarılmasını
yada salan K.Hüseynov yazırdı: "Birinci dəfə
Sumqayıtda çox böyük, təmtəraqla,
başımda geniş planlar tutmaqla işə
girişmişdimsə, ikinci dəfə müharibə araya
düşmüşdü. Bu dəfə öz-özümə
dedim: "Sumqayıt, mən səninlə indi daha ciddi məşğul
olmalıyam. Səndən bir qədər
aralaşmağıma baxmayaraq, mən daim səninlə
olmuşam".
Sumqayıtda
iş əvvəldən başlasa da, şəhərin
salınması, zavodların tikilməsi problemi həllini
gözləyirdi. Moskvaya,
ümumittifaq nazirliklərinə tabe olan bu nəhəng tikinti
zavodlarının, istehsalat sahələrinin
yaradılmasını, burada işləyəcək
adamların kazarma tipli yataqxanalarda yerləşdirilməsini nəzərdə
tuturdu.
Lakin
şəhər Partiya Komitəsinin uzaqgörən və
inadkar birinci katibinin qətiyyətli mövqeyi Sumqayıt layihəsinin
yönünü indiki, hazırda mövcud olan istiqamətə
yönəltməyi bacardı. Tikiləcək zavodların,
salınacaq yeni sənaye kompleksinin yaxınlığında
müasir tipli şəhər salınması ideyası nəhayət
Moskvada qəbul olunub. Kamran Hüseynovun
inadlı mübarizəsi Sumqayıt şəhər Partiya
Komitəsinin təklifinin tamamilə məqsədəuyğun
olduğunu sübuta yetirdi. Şəhərin baş plan əsasında
tikilməsi qərara alındı. Bu qərar təsdiqləndikdən
sonra "barak" tipli kiçik "posyolkalar"
sökülüb, bütün infrastrukturu ilə birlikdə
yeni tipli şəhər salınmasına başlanıb.
Qısa müddətdə Sumqayıtda böyük strateji əhəmiyyətə
malik zavodlar tikilib, sənaye mərkəzi yaranıb. İlk mərhələdə
Sintetik Kauçuk, Alminium, Boruyayma zavodlarının
inşasına başlanıb.
Bacarıqlı
istehsalat və inşaat təşkilatçısı Kamran
Hüseynov sənaye kompleksinin yaradılması və genişləndirilməsi vəzifəsini,
məharətlə şəhərsalma vəzifələri ilə
uzlaşdırırdı. Həm sənaye üçün kadr
potensialının formalaşdırılmasını, həm
də gənc şəhərdə yaşayanların təhsilini,
sağlamlığını, mədəni səviyyəsinin
yüksəldilməsini təmin edən tədbirlər
görürdü.
Sumqayıt
ərazisində yerləşən indiki Saray qəsəbəsinin
də bünövrəsi Kamran Hüseynov tərəfindən
qoyulmuşdur.
O, 1958-61-
ci illərdə Respublika Həmkarlar İttifaqları
Şurasının sədri, 1961-68-ci illərdə Moskvada
Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi
Şurasının katibi vəzifələrində
çalışmışdir.
Qısa
müddətdə AHİŞ-i üzvlərinin hüquqlarını müdafiə
edən hörmətli bir təşkilata çevirməyə
nail olan sədr, həm də Azərbaycanın kurort-sanatoriya
və turizm ölkəsi kimi tanınması istiqamətində
geniş miqyaslı işə girişir. Tezliklə İstisuda,
Naftalanda, Şuşada, Masallıda və Lənkəranda
sanatoriya, istirahət ocaqları tikintisinə
başlanılır. Bakıda üç mehmanxananın -
"Abşeron", "Azərbaycan", "Turist"
mehmanxanalarının təməli qoyulub.
AHİŞ-ə
rəhbərlik etdiyi dövrdə Kamran Hüseynovun ictimai fəaliyyəti
beynəlxalq əhəmiyyət kəsb edir. Ayrı-ayrı nümayəndə
heyətlərinin üzvü, yaxud nümayəndə heyətinə
rəhbərlik edən şəxs kimi xarici səfərlərdə
olur.
1961-ci
ilin mart ayında Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi
Şurasının Afrikaya- Mali Respublikasına göndərilən
nümayəndə heyətinə də AHİŞ-nin sədri
Kamran Hüseynov başçılıq edirdi. Uğurlu keçən bu səfərdən
dərhal sonra Kamran Hüseynov Moskvaya ÜİHİMŞ-nin
katibi vəzifəsinə aparılıb.
Burada
neft-kimya, inşaat, şəhər təsərrüfatları,
əməyin mühafizəsi, təhlükəsizlik xidməti
kimi ağır sahələr onun nəzarətində idi. Bu sahələrə Kamran
Hüseynov bacarıqla rəhbərlik edirdi.
Aldığı
hərtərəfli təhsil, elmi ad, geniş dünya
görüşü və idarəçilik məharəti mərkəzi
hökumətdə özünü tam sərbəst hiss etməsinə,
fəallıqla müzakirələrə qoşulmasına
imkan verdi. Məhz buna görə də Nazirlər Sovetinin
iclaslarında
ÜİHİMŞ rəhbərliyi
adından iştirak etmək ona həvalə edilirdi.
Moskvada
işlədiyi dövrdə Kamran Hüseynov elmi araşdırmalarını
da davam etdirməyi unutmur. 1963-cü ildə namizədlik,
1967-ci ildə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə
müdafiə edib.
1968-ci
ilin fevral ayında Respublika Nazirlər Sovetinin sədr
müavini təyin edilən Kamran Hüseynov Azərbaycana
qayıdır. Burada elm, mədəniyyət və səhiyyə
məsələlərinə baxan müavin vəzifəsində
çalışıb. O vaxt bu sahələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün obyektlər mütləq plana
salınmalı, bundan sonra mərkəzdən maliyyə vəsaiti
ayrılmalı idi. Moskvada mərkəzi aparatlarda işə bələdliyi,
orada qazandığı şəxsi hörmət və
nüfuzu sayəsində Kamran Hüseynov respublikada yüzlərlə
mədəniyyət evləri, xəstəxanalar, idman
sarayları və digər sosial obyektləri plana
saldırıb.
Kamran
Hüseynovun Nazirlər Sovetinin sədr müavini işlədiyi
1968-80-cı illər ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrə təsadüf edir. Onun respublikada
yaratdığı sağlam işgüzar şərait
müxtəlif sahələrə cavab verən kadrlar
qarşısında yaxşı perspektivlər açır.
Geniş quruculuq illəri kimi tarixə düşən bu
dövrü xatırlayan Kamran Hüseynov xatırələrində
yazırdı: "Respublikada inkişaf qibtə edilməli bir
sürətlə gedirdi. Elə bir sahə yox idi ki, ona diqqət
verilməsin. Və onun qayğısına qalınmasın.
Ona görə də deyirdilər ki, Azərbaycan böyük
addımlarla qabağa gedir. Elə doğrudan da belə idi. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi 13 il ərzində 1
milyon 5 yüz min uşaq 1 miyon yüz mini təzə
tikilmiş məktəblərdə təhsil alırdı. O məktəblər
ən müasir tipli məktəblər idi - özünün
akt zalı, idman zalı bütün şəraiti ilə".
Kamran
Hüseynov 1980-93-cü illərdə Respublika Ticarət və
Sənaye Palatasının sədri işlədiyi dövrdə
bu təşkilatın fəaliyyətinin
canlandırılması və nüfuzunun
artırılması üçün də çox iş
görmüşdür.
Kamran
Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun
illər səmərəli fəaliyyət göstərən
şəxsiyyətlərdən biri, ölkəsini və
xalqını keçmiş İttifaq miqyasında və beynəlxalq
səviyyədə ləyaqətlə təmsil edən
dövlət və ictimai-siyasi xadim idi. O, sıravi fəhləlikdən
başlamış strateji əhəmiyyətli mühüm
dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər
çalışdığı bütün sahələrdə
yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq
qabiliyyəti nümayiş etdirmişdir. Uzun illər Azərbaycan
respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin
deputati kimi səmərəli fəaliyyət göstərmişdir.
Kamran
Hüseynovun xidmətləri həmişə yüksək
qiymətləndirilmiş, bir sıra dövlətlərin
orden və medallarına layiq görülmüşdür. Bunların arasında
ömrünün ixtiyar çağında aldığı
Rusiya Federasiyasının "Xalqlar dostluğu" və müstəqil Azərbaycan
Respublikasının ali mükafatı olan "Şöhrət
ordeni" xüsusi yer tuturdu.
Kamran
Hüseynov şəxsiyyətini qiymətləndirən
tanınmış siyasi və ictimai xadimlər onun cəsarət
və qorxmazlığını, insanlara və hadisələrə
münasibətdə ədalətə arxalanmasını daim
ön plana çəkmişlər. Kamran Hüseynov şəxsiyyətinin
gücünü də məhz bunda aramışlar.
Azərbaycanın,
keçmiş İttifaqın və dünyanın çox
yerində olmuş Kamran Hüseynov həmişə doğma
el obası ilə nəfəs almışdır. O yazırdı: "Neçə
yaşa çatsan da, ömründə nə qədər əyri
-dolama yollardan keçsən də, ilk növbədə anadan
olduğun yerlər, həmin mühit, oradakı insanlar sənə
hər şeydən əzizdir. Doğulduğun yerlərin
coğrafi iqlimi, təbiətin gözəlliyi ömür boyu
xatirələrindən silinmir".
İşlədiyi
müddətdə Qubadlının inkişafına, əhalinin
güzəranının
yaxşılaşdırılmasına həmişə diqqət
yetirmişdir. Bir çox körpülərin, ictimai
binaların, məktəblərin, kənd təsərrüfatı
və sosial obyektlərin inşası Kamran Hüseynovun xeyir
duası ilə başa gəlmişdir.
Kamran
Hüseynov elmə, təhsilə marağı olan yüzlərlə
həmyerlisinə dayaq olmuş, onların istehsalatda möhkəmlənməsinə
yardım göstərmişdir.
Sumqayıtın inşası zamanı həmyerlilərini
də tikinti işlərinə cəlb etmişdir. İndi
Sumqayıtda yaşayan qubadlıların çoxu elə o
zamandan buranı özlərinə yurd sanmış,
yaşayıb işləmiş, ev-eşik, ailə- uşaq
sahibi olmuşlar.
Qarabağda
separatçı hərəkata rəvac veriləndən sonra
Ermənistan Respublikasının Azərbaycana qarşı
torpaq tələbi ilə bağlı başladığı
işğalçılıq müharibəsi ahıl
yaşında olan Kamran Hüseynovu da dərindən narahat
edirdi. 5 il müddətində dəfələrlə
Qubadlıya gəlmiş, həmyerlilərinin
torpaqlarımızın müdafiəsinə səfərbər
edilməsində çox iş görmüşdü.
Rayonun
işğalından sonra mütəmadi olaraq
yurd-yuvalarından didərgin düşmüş həmyerlilərinin
problemləri ilə maraqlanır, onların həlli ilə əlaqədar
əlindən gələni əsirgəmirdi. Köçkün
soydaşlarımız ümid yeri kimi ona müraciət edir,
ondan müşgüllərinin çözülməsində
yardım alırdılar.
Qubadlılar onu özlərinə həmişə
güvənc yeri bilirdilər...
Qubadlılar Kamran Hüseynovun 100 illik yubileyinin
keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamını
sonsuz razılıq və minnətdarlıq hissi ilə
qarşılamışlar. Əslində bu sənəd həyatını
xalq işinə, Azərbaycanın inkişafına, tərəqqisinə
həsr edən
ictimai və dövlət xadiminin əməyinə verilən
qiymətdir.
Qubadlı
rayonunun bütün ictimaiyyəti sərəncamı həm də,
onlara, Kamran Hüseynovun daim dövlətə və dövlətçiliyə
sadiq olan həmyerlilərinə göstərilən diqqət
və qayğının əlaməti kimi qəbul edir, Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevə dərin
minnətdarlıqlarını bildirirlər.
Kamran
Hüseynov cismən bizdən ayrılsa da, bu gün də
qubadlıların xatırəsini əziz tutduqları Vətən
oğlu, el ağsaqqalı kimi yaddaşlarda yaşamaqdadır.
2006-cı
il aprelin 20-də 93 yaşında haqq dünyasına
qovuşan, Bakıda Fəxri Xiyabanda uyuyan müdrik bir
insanın - Kamran Hüseynovun qəbri onu həmişə
hörmət və ehtiramla yad edənlərin ziyarət
yeridir.
İllər
keçsə də, Kamran Hüseynov şəxsiyyəti nəsillərə
nümunə kimi yaddaşlarda qalacaqdır...
Malik İSAQOV,
Qubadlı Rayon İcra Hakimiyyətinin
başçısı
Azərbaycan.-2013.-14 dekabr.-S.7.