Azərbaycanlı
bəstəkarın əsəri Sankt-Peterburqda
səslənib
Rusiyanın Sankt-Peterburq şəhərində II Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forum çərçivəsində Dövlət Ermitajında müasir bəstəkarların "Musiqi bu gün" assambleyası təşkil edilib.
Tədbirdə Gürcüstan, Polşa, İsrail və Rusiya kimi ölkələrin müasir musiqisinin görkəmli nümayəndələri iştirak edib. Beynəlxalq tədbirə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də dəvət edilib. Bəstəkarın violonçel və orkestr üçün bəstələdiyi "Mərsiyə" əsəri ifa olunub. Bu əsərə görə məşhur alman violonçel ifaçısı Yullus Berqer foruma xüsusi dəvət alıb.
Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu artıq ikinci dəfədir keçirilir. Builki forumda 50 ölkədən iki minədək dünya miqyasında tanınmış mədəniyyət və incəsənət xadimi iştirak edib.
Azərbaycan.-2013.-14 dekabr.-S.7.