Azərbaycan-İtaliya hökumətlərarası
komissiyasının
üçüncü iclası keçirilir
Dekabrın 16-17-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının III iclası keçirilir. İclasda komissiyanın hər iki tərəfi təmsil edən üzvləri, nazirlik və idarələrin nümayəndələri iştirak edirlər.
AzərTAc xəbər verir ki, İtaliya tərəfini xarici işlər nazirinin müavini Marta Dassunun sədrliyi ilə müxtəlif nazirliklərin 17 əməkdaşı, Azərbaycan tərəfini energetika naziri Natiq Əliyevin sədrliyi ilə dövlət qurumlarının 14 əməkdaşı təmsil etmişdir.
Gündəliyə 11 məsələ, o cümlədən komissiyanın ikinci iclasının qərarlarının icrasının gedişatı, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə, habelə yanacaq və energetika sahələrində ticari-iqtisadi əməkdaşlığa dair məsələlər daxildir.
Azərbaycan tərəfinin nümayəndələri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, energetika sahəsində, habelə digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş perspektivlərin olduğunu vurğulamışlar. 2013-cü il noyabrın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir. Biznes forumda hər iki tərəfin sənaye, inşaat, konsaltinq, maliyyə, İKT, energetika, infrastruktur, arxitektura, dizayn, hidroenergetika və s. sahələrdə fəaliyyət göstərən nümayəndələri iştirak etmişlər. Elə həmin vaxt AZPROMO ilə İtaliyanın Ticarətin Təşviqi və Beynəlmiləlləşdirilməsi Agentliyi (ICE) arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. O da bildirilmişdir ki, İtaliya ölkəmizin mühüm xarici ticarət tərəfdaşıdır. Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
İtaliya tərəfinin nümayəndəsi bildirmişdir ki, hazırda iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar vardır. Odur ki, bu istiqamətdə birgə tədbirləri gücləndirmək lazımdır. İtaliya şirkətlərinin Azərbaycandakı əsas kapitala investisiyaların ümumi məbləği hazırda 47,9 milyon dollar, son 10 ildə 2,7 dəfə genişlənən qeyri-neft sektoruna isə 65,6 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda 45 İtaliya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər sığorta, bank, ticarət və digər sahələrdə çalışırlar. O da vurğulanmışdır ki, Transadriatik boru kəməri layihəsinin seçilməsi enerji daşıyıcılarının ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində Azərbaycanın atdığı mühüm addımlardan biridir. Bu boru kəməri ilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya əraziləri ilə Avropa bazarına çatdırılacaqdır.
Müzakirələrin yekunlarına əsasən müvafiq protokol tərtib edilmişdir
Komissiya dekabrın 17-də işini davam etdirəcəkdir.
Azərbaycan.-2013.-17 dekabr.-S.3.