Fövqəladə Hallar Nazirliyinin yaradılmasının

 səkkizinci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir

 

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının səkkizinci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Sonra nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzi tərəfindən hazırlanmış "Təhlükəsiz həyat naminə" adlı sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov demişdir ki, nazirlik əməkdaşlarının builki peşə bayramı əlamətdar bir dövrə təsadüf edir. Müdrik Azərbaycan xalqı növbəti dəfə öz uzaqgörənliyini, firavan həyata, inkişafa və xoşbəxt gələcəyə bağlılığını nümayiş etdirərək son 10 ildə ölkəmizi bu misli görünməmiş nailiyyətlərə qovuşdurmuş, xalqın sevimlisi, ümummilli lider Heydər Əliyevin sadiq davamçısı İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Seçkilər zamanı müşahidə olunmuş fəallıq və səsvermə prosesində iştirak etmiş vətəndaşların böyük əksəriyyətinin məhz İlham Əliyevə səs verməsi dövlət başçısının siyasi fəaliyyətinə, Azərbaycanın davamlı inkişafına verilən yüksək qiymətdir. Nazir peşə bayramı münasibətilə nazirliyin şəxsi heyətini təbrik etmişdir.

K.Heydərov bildirmişdir ki, peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması bizi daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılmışdır ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilmişdir. Ümumilikdə 54 obyekt üzrə tikinti-quraşdırma işləri aparılmış, onlardan Yasamal və Abşeron rayonlarının dövlət yanğından mühafizə hissələrinin depo binaları təhvil verilmişdir. Səngəçal qəsəbəsində Aviasiya dəstəsinin bazasında, nazirliyin Akademiya kompleksində və Neftçala rayonunda Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin dib dərinləşdirmə işləri idarəsinin bazasında işlər tam başa çatdırılmışdır. Hazırda Mülki Müdafiə Qoşunlarının Qəbələ və Səngəçal alaylarında, Qəbələ və Ağdaş rayonlarının dövlət yanğından mühafizə hissələrinin və Badamdar dövlət yanğından mühafizə bölməsinin Depo binalarında, Səngəçal qəsəbəsində 40 mənzilli yataqxana binasında tamamlanma işləri aparılır.

İl ərzində müxtəlif təyinatlı texnikalar, o cümlədən 20 "İVECO" və 25 "Kamaz" markalı yanğınsöndürən avtomobil, hava limanı üçün  iki yanğınsöndürən avtomobil, 5 "AC40" avtoçən, "Chevrolet-Niva" markalı 10 avtomobil, 3 yükləyici, 5 "Banelli-110" tipli skuter alınaraq aidiyyəti üzrə qurumların istifadəsinə verilmişdir. İlin sonunadək 11 "İVECO" və 5 "Kamaz" markalı yanğınsöndürən avtomobilin təhvil alınması gözlənilir. Həmçinin partlayıcı əşyaların və maddələrin zərərsizləşdirilməsi və daşınması üçün avadanlıq və avtomobilin, "İzotop" xüsusi kombinatı üçün ləvazimat, zəruri sayda əleyhqaz və ehtiyat hissələrinin alınması üçün prosedurlar həyata keçirilmiş və bu işin ilin sonunadək çatdırılması gözlənilir.

Bildirilmişdir ki, bayram ərəfəsində Bakının Suraxanı rayonunda 144 mənzilli iki yaşayış binasının tikilib nazirliyin əməkdaşlarının istifadəsinə verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə daimi diqqət və qayğısının növbəti bir göstəricisidir.

Nazir vurğulamışdır ki, ötən illərdə olduğu kimi, cari ildə də fövqəladə hallar orqanları dövlət quruculuğu işlərində öncüllər sırasında olmuş, vətəndaşlarımızın əmin-amanlıq şəraitində yaşaması, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin etmişlər. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə il ərzində müvafiq tədbirlər davam etdirilmiş, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılmışdır.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə daim verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirən nazir dövlət başçısını əmin etmişdir ki, fövqəladə hallar orqanlarının əməkdaşları bundan sonra da ölkə əhalisinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması kimi çox məsuliyyətli, eyni zamanda, şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcək, daim yeniləşən və inkişaf edən Azərbaycanın qurucularının ilk sıralarında gedəcəklər.

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.

Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim etmişdir.

Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunmuşlar.

Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Azərbaycan.-2013.-17 dekabr.-S.3.