Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının

 yaradılmasının 15 illiyi təntənəli şəkildə qeyd edildi

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş tənətənli mərasim keçirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam edən təntənəli mərasimdə əvvəlcə Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir. Sıra meydanına Akademiyanın döyüş bayrağı gətirilmişdir. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla anılmış, dövlət himni səslənmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanın müəllim-professor heyətini, dinləyiciləri və kursantları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının 15 illlik yubileyi münasibətilə təbrik etmiş, şəxsi heyətə Azərbaycan naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər. Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidmətdə fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və təhsildə nailiyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 15 illik yubileyi münasibətilə tədbir iştirakçılarına bir daha təbriklərini çatdıran milli təhlükəsizlik naziri Eldar Mahmudov müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirmişdir. Əsas məqsədin müstəqil dövlətin mühüm təsisatlarından olan təhlükəsizlik orqanlarının milli kadrların daxili imkanlar hesabına hazırlanması olduğu vurğulanmışdır. Akademiyanın yaradılmasından keçən müddət ərzində xeyli işlər görülmüşdür. Dəyişikliklər həm miqyas, həm də keyfiyyət baxımından qürur doğurur. Hazırda maddi-texniki baza və tədrisin təşkili ən müasir tələblərə cavab verir.

Nazir Eldar Mahmudov bunların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa diqqəti və gündəlik qayğısı sayəsində mümkün olduğunu qeyd etmişdir. Akademiyada olarkən görülmüş işlər və qarşıda duran vəzifələr barədə dövlət başçısının dediyi sözlər şəxsi heyətin yaddaşına yazılmışdır.

Ali Baş Komandanın Akademiyanın ən yüksək dünya standartlarına cavab verdiyini vurğulaması çox böyük qiymət idi. Bu diqqətin ən önəmli töhfələrindən biri də Azərbaycan Prezidentinin 2005-ci il dekabrın 20-də imzaladığı fərmanla Akademiyaya ümummilli lider Heydər Əliyevin adının verilməsi olmuşdur. Əlbəttə, hər bir əməkdaş və kursant üçün böyük fəxr sayılan bu etimad, həm də böyük məsuliyyət deməkdir. Gələcək təhlükəsizlik zabitləri Akademiyada yüksək bilik əldə etməklə yanaşı, mənəvi və fiziki cəhətdən formalaşır, müasir texniki vasitələrlə işləmək bacarığı qazanır, ümumən peşəkarlıq sirlərini mənimsəyirlər. Bir sözlə, gənclərimizin müasir dünyagörüşə malik vətənpərvər şəxslər kimi yetişməsi ən ümdə vəzifələrdən sayılır və bütün səylər əməli fəaliyyətdə müsbət nəticələrini verir.

Akademiyada ümummilli liderin zəngin irsinin öyrənilməsinin vacib olduğunu qeyd edən nazir Eldar Mahmudov akademiyada təhsil almış və müxtəlif xidmət istiqamətlərində çalışan gənc əməkdaşların ümummilli liderin yüksək mənəvi keyfiyyətlərə malik olmaq barədə tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutduqlarını bildirmişdir. Akademiyada ən müasir tələblərə cavab verən təlim-tədris üçün hər cür şəraitin yaradılması da məhz bu ali məqsədə xidmət edir. İdman Sağlamlıq Kompleksinin istifadəyə verilməsindən sonra kursantların və əməkdaşların idman uğurları da xeyli artmışdır.

Qeyd olunmuşdur ki, Akademiyanın daim maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Bunu, müasir çağırışlara cavab verən kadrların hazırlanması kimi mühüm vəzifələr də tələb edir. Başqa vacib məsələ, hər bir kursantın, əməkdaşın xalq, cəmiyyət və dövlət qarşısında vəzifə borcunu, məsuliyyətini dərk etməsidir. Sivil, qüdrətli dövlət qurmaq və inkişaf etdirmək üçün ilk növbədə sağlam ruha, düşüncəyə və mənəviyyata malik vətənpərvər insanlar, nəsillər yetişməlidir. Hazırda əksər gənclərimizin yüksək xüsusiyyətlərə malik olmaları gələcək uğurlu fəaliyyətimizin başlıca amilidir. Vətənpərvərlik həm də ona görə çox vacibdir ki, müharibə şəraitində yaşayırıq və ən ümdə vəzifəmiz Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunmasıdır. İftixarla demək olar ki, Akademiyada gənclər məhz bu ruhda yetişirlər.

Heydər Əliyevin əsasını qoyduğu milli dövlət quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün uğurlar ölkədə bərqərar olmuş sabitlikdən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində demişdir: "Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir".

Dinamik inkişaf Azərbaycan Respublikasını nəinki regionda, daha geniş coğrafi və siyasi məkanda nüfuz sahibi etmişdir. Azərbaycanda hərtərəfli, düşünülmüş və uzun müddətə hesablanmış dövlət quruculuğu siyasəti böyük uğurla həyata keçirilir. Bu siyasət Azərbaycanı iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxarmış, onu arzuedilməz problemlərdən qorumuşdur.

Xalqın İlham Əliyevi böyük ruh yüksəkliyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçməsi də ölkənin gələcək inkişafına və zəfərlərinə dərin inamının bariz təntənəsidir.

Son illər Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir Eldar Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirmişdir. Şəxsi heyətin ölkədə dövlətçiliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyətləri bugünkü dinamik inkişafda mühüm rol oynamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir deyən nazir bildirmişdir ki, biz bundan sonra da  təcavüzkar Ermənistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkilinə və gücləndirilməsinə nail olmalıyıq.

Andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi bir fikir isə nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki fəaliyyətə yeni yanaşmanı göstərir: "Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi ədaləti bərpa edəcəyik". Bizim düşmənə qarşı informasiya mübarizəmizin hərtərəfli düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılması istiqamətindəki fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət etməlidir.

Nazir Eldar Mahmudov hazırda təhlükəsizlik baxımından dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq bildirmişdir ki, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusilə terrorçuluğa, dini ekstremizm və separatçılıq hallarına qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş çoxsaylı təhdidlərin qarşısının alınması, müxtəlif destruktiv qüvvələrin zərərsizləşdirilməsi sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və daha çevik olmağa çağırır. Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, məsuliyyət və sayıqlıq tələb edilir. Bu istiqamətdə Heydər Əliyev məktəbi əbədi mayakımızdır. Gənclər yaxşı bilməlidirlər ki, bizi irəlidə daha məsuliyyətli və böyük işlər gözləyir. Onlar bu vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etmək üçün bu gün Akademiyada yaradılmış şəraitdən maksimum istifadə etməli, dərin savad və hərtərəfli biliklər almalıdırlar. Milli təhlükəsizlik orqanlarının müasir tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm veriləcəkdir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə bu xüsusi təyinatlı ali təhsil ocağında təlim və tərbiyə prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Akademiyada yaradılmış ən yüksək şərait dövlət başçısının diqqət və qayğısının bəhrəsidir və şəxsi heyətimiz buna görə Ali Baş Komandana minnətdardır. Akademiyanın rəisi təhsil müəssisəsində müasir standartlar səviyyəsində aparılan tədris-təhsil, təlim-tərbiyə, eləcə də kursantların mənəvi yetkinliyi, fiziki sağlamlığı və döyüş hazırlığı istiqamətində görülən işlər barədə də ətraflı danışmışdır. Qeyd etmişdir ki, Akademiyada elm və təhsilin, maddi-texniki bazanın inkişafı üzrə həyata keçirilmiş tədbirlərin Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin gündəlik nəzarətində olması təlim-tədris işinə müsbət təsirini göstərir.

Z.Yusif-zadə bildirmişdir ki, uzun müddət Heydər Əliyevlə çiyin-çiyinə və onun rəhbərliyi altında çalışmış bir zabit kimi və bu gün də dahi şəxsiyyətin adını daşıyan Akademiyanın rəisi olaraq fəxr edirəm ki, ulu öndərin ruhu xalqımızladır, bizimlədir və onun amalları yaşayır. Təhsil ocağı da öz fəaliyyətində ümummilli liderin milli maraqlar və müstəqil dövlətçiliyimiz naminə fədakarlıq nümunələrindən bəhrələnir, onun azərbaycançılıq barədə tövsiyələrini rəhbər tutur.

Çıxışının sonunda Z.Yusif-zadə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, kursantları və bütövlükdə şəxsi heyəti adından ulu öndər Heydər Əliyevin vətənə, xalqa, dövlətə sədaqət ənənələrinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin bizlərə bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyi keşiyində şərəf və ləyaqətlə dayanacaqlarını bildirmişdir.

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Şamil Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kollektivini veteranlar adından təbrik edərək, müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin etibarlı təminatı baxımından peşəkar zabit korpusunun hazırlanması kimi çətin və məsuliyyətli fəaliyyətdə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, xüsusi xidmət orqanlarının veteranları Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və milli maraqların qorunmasında göstərdiyi və cəmiyyətdə rəğbətlə qarşılanan şücaət və fədakarlıq nümunələri ilə qürur duyurlar.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının şəxsi heyətinin Prezident İlham Əliyevə müraciəti qəbul olunmuşdur. Müraciət sürəkli alqışlarla qarşılanmışdır.

Təntənəli mərasimin sonunda Akademiyanın yaradılmasının 15 illik yubileyi münasibətilə hazırlanmış "Müqəddəs amalın keşiyində" adlı sənədli film nümayiş olunmuşdur.

 

Azərbaycan.-2013.-17 dekabr.-S.5.