Azərbaycan Prezidentinin hədiyyəsi olan
Qarabağ
xalçası BMT-nin Vyana ofisində
yerləşdirilmişdir
Dekabrın 16-da BMT-nin Vyana ofisində Azərbaycan xalçasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ məktəbinin nümunəsi olan həmin xalçanı bu ilin may ayında Avstriyaya rəsmi səfəri zamanı bu quruma hədiyyə etmişdir.
Əsas binanın ən gözəgəlimli və hərəkətin gur olduğu hissəsində asılmış xalçanın rəsmi açılışında Azərbaycanın Avstriyadakı səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov iştirak etmişlər.
Y. Fedotov bu hədiyyəyə görə minnətdarlığını bildirərək Azərbaycan xalq sənəti nümunəsi ilə BMT-nin ofisini zənginləşdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. Xalçanın yanında yerləşdirilmiş lövhə üzərində ingilis və Azərbaycan dillərində yazılmışdır: "Qarabağ xalçaçılıq məktəbindən ənənəvi Azərbaycan xalçası. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən ianə edilmişdir. 14 may 2013-cü il".
Qeyd edək ki, ənənəvi olaraq BMT-nin Vyana ofisinə müxtəlif ölkələrdən maddi-mədəniyyət nümunələri, rəsmlər və heykəltəraşlıq əsərləri hədiyyə edilir. BMT-nin Vyana ofisində BMT sisteminə daxil olan bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT-nin Sənaye və İnkişaf Təşkilatı, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı və digər mühüm qurumların mərkəzi qərargahları yerləşir. Bina daxilindəki təşkilatlarda ümumilikdə 3000-dən çox əməkdaş çalışır. BMT-nin Vyana ofisi qurumun Nyu-York, Cenevrə və Nayrobi ofisləri ilə birlikdə BMT-nin dörd əsas qərargahından biridir.
Elgün
NİFTƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.-2013.-17 dekabr.-S.6.