Şəkidə Prezident Kuboku uğrunda
VIII çövkən
milli oyunu
üzrə yarışlar başlamışdır
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başlamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparır.
AzərTAc xəbər verir ki, dekabrın 16-da oyunların açılış mərasimi keçirilmişdir. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, şəhər rəhbərliyi, nazirliyin məsul əməkdaşları, iştirakçı rayonlardan gəlmiş qonaqlar, habelə yerli azarkeşlər iştirak etmişlər.
Mərasimi Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışların xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, habelə ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, coğrafiyası ildən-ilə genişlənən yarışlar getdikcə daha kütləvi xarakter alır. 2006-cı ildə keçirilən yarışlarda cəmi 6 komanda iştirak etmişdisə, hazırda komandaların sayı 20-ə çatmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, builki yarışların keçirilməsi həm də onunla əlamətdardır ki, Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Nazir demişdir: Bu hadisə bizim hamımız üçün çox önəmlidir. İlk dəfə olaraq bəşəriyyətin qorunmaya ehtiyacı olan ənənələrin siyahısına Azərbaycanın milli oyunu da daxil edilmişdir. Bu o deməkdir ki, Azərbaycan xalqının yaratdığı ənənələr bəşəriyyət üçün də böyük önəm daşıyır. UNESCO qəbul edir ki, bu ənənələr yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin sərvətidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan nazir Ə. Qarayev son illər respublikamızda mədəniyyət və incəsənətin də sürətlə inkişaf etdiyini bildirmiş, bu sahədə Prezident İlham Əliyevin xidmətlərini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın səmərəli fəaliyyətini yüksək qiymətləndirmişdir. Nazir bildirmişdir ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar da məhz daşınmaz mədəni irsimizin qorunmasına xidmət edir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən yaradılan Atçılıq Turizm Mərkəzi respublikamızda bu sahənin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Milli Məclisin deputatı Rauf Əliyev atüstü milli oyunların keçirilməsinin xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət etdiyini vurğulamışdır.
Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olmuşlar.
Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Laçın rayonları komandalarının qarşılaşmasını izləmişlər. Oyun 1-0 hesabı ilə Şəki komandasının xeyrinə başa çatmışdır.
Prezident Kuboku uğrunda VIII çövkən
milli oyunu üzrə yarışlara dekabrın 20-də yekun
vurulacaqdır.
Azərbaycan.-2013.-17 dekabr.-S.6.