Fəal mövqeyi ilə seçilən alim

 

O insanlar xoşbəxtdirlər ki, təbiətdən onlara verilmiş qabiliyyət sayəsində daim öyrənir, irəliyə gedir və nəticə etibarilə ətrafdakılara da gərəkli olur, xeyir verə bilirlər. Belələrinə hər sahədə rast gəlmək mümkündür: elmdə, ədəbiyyat və incəsənətdə, ictimai həyatda, ən adi ixtisas və peşələrdə dəE Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, iqtisad elmləri doktoru Arif Ələkbər oğlu Ələkbərov da belə insanlardandır.

A.Ələkbərovun yaşı o qədər də çox deyil. 1965-ci il təvəllüdlüdür... Atası Ələkbər müəllim Ağstafa rayonunda yaşadığı kəndin orta məktəbinin 47 il - 1963-cü ildən 2010-cu ilədək - direktoru vəzifəsində çalışmışdır. Bu, əslində, nadir hadisələrdən biridir. Yarım əsrə yaxın bir müddətdə gənc nəslə, pedaqoji kollektivə rəhbərlik etmək hər kəsə nəsib olan tale yazısı deyil. Bu, Ələkbər müəllimin işgüzar potensialının, fəaliyyət dairəsinin geniş olmasına dəlalət edən faktdır. O, müxtəlif illərdə Təhsil Nazirliyinin fəxri fərmanları, döş nişanları ilə təltif olunmuş, respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə "Tərəqqi" medalına layiq görülmüşdür. Ələkbər müəllim rayonun hörmətli ağsaqqallarından və ziyalılarından biridir. Onun övladının elmlər doktoru, tanınmış alim olması təbii haldır və belə bir elmi potensialın, təfəkkürün genetik əsası vardır. Ona görə də atalar əbəs yerə deməyiblər ki, ot kökü üstə bitər. Arif Ələkbərovun indiyədək bütün uğur və nailiyyətlərinin bünövrəsində belə bir gərgin zəhmət və bu zəhmətə qarışan böyük istedadı durur. Geniş dünyagörüşünə, maraq dairəsinə, maraqlı proqnozlarına görə insanların dərin hörmət və məhəbbətini qazanmış A.Ələkbərovun bütün fəaliyyəti üç prinsipə söykənib: daim axtarışda olmağa, obyektivliyə və ədalətə.

Yaşlı və orta nəslin yaxşı yadındadır: ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladığı dövrdən uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gəncləri keçmiş SSRİ-nin  böyük şəhərlərindəki nüfuzlu ali məktəblərə oxumağa göndərməsi idi. Bu addımın uğuru onunla təsdiqlənir ki, məhz həmin gənclərin bir çoxu bu gün ölkəmizin iqtisadi elmi və ictimai həyatında əhəmiyyətli rol oynayır. Ulu öndərin xeyir-duası ilə təhsil alan bu mütəxəssislərin bir dəstəsi sonralar Azərbaycan elminə töhfələr verən alimlər kimi yetişmişlər.

Elə Arif Ələkbərovun özünü misal göstərək. O, keçən əsrin 80-ci illərinin əvvəllərində etimad göstərilərək respublikadan kənara göndərilən yüzlərlə gəncdən biri olub. Qismətinə Belarus Respublikasında təhsil almaq düşdü. Universitetdə oxuduğu illərdə ona göstərilən etimadı bir an belə unutmurdu. Həm gələcəkdə yaxşı mütəxəssis olmaq məqsədilə, həm də vətəni Azərbaycanın o uzaq diyarda başını uca etmək üçün var qüvvəsi ilə çalışırdı. O zaman ali məktəbdə "Lenin təqaüdçüsü" olmaq tələbənin təhsildə qazandığı nailiyyətlərin ən yüksək göstəricisi idi. Arif Ələkbərov məhz bu tələbə təqaüdünü almışdı. Riyaziyyat üzrə tələbələr arasında Belarusda, Omskda keçirilən Ümumittifaq olimpiadalarının qaliblərindən olmuşdur.

Aspiranturada əyani təhsil aldığı dövrdə Arif Ələkbərov artıq Belarusun elmi ictimaiyyəti ilə yaxından tanış olmağa başlayır. İstər bilik və savadına, istərsə davranışına, ünsiyyət qurmaq qabiliyyətinə görə tezliklə ətrafdakıların hörmətini qazanır. Təsadüfi deyil ki, aspiranturada oxuduğu dövrdə, yəni, 1988-1991-ci illərdə universitetin "Gənc alimlər və mütəxəssislər" şurasının sədri olmuşdur. Başqa bir məmləkətdə gənc azərbaycanlı mütəxəssisə belə etimad bizlərin hər birində yalnız qürur hissi doğurur.

İxtisası iqtisadiyyatla bağlı olsa da, Arif Ələkbərov bir sahədə qapanıb qalmamaq qərarına gəlir. Elə orada, Belarusda ikinci ali təhsil alır. Beləliklə, həm də hüquqşünas ixtisasını qazanır.

Adətən, gənc alimlərin bir çoxu vaxtını əsasən elmi axtarışlara, tədqiqatlara həsr edərək ictimai həyatdan kənarda qalır, təcrid olunurlar. Arif müəllim kimi həyatsevər insanlar isə ictimai işlərə, insanlarla ünsiyyət yaradıb ətrafdakılarla qaynayıb-qarışmağa da vaxt tapırlar. Arif Ələkbərovun xoşbəxtliyi həm də ondadır ki, o, gənc yaşlarından məhz bu cür yaşamağa öyrənmişdir.

Belarusda yaşadığı illərdə cavan olsa da, orada diaspor nümayəndələrimiz mübaliğəsiz deyək ki, onu ağsaqqallardan biri kimi qəbul etmişlər. Çünki həmin respublikada yaşayan soydaşlarımızın ictimai-siyasi həyatında böyük rol oynayan  "Qobustan" Belarus-Azərbaycan Cəmiyyətinin yaradıcılarından biri olmuşdu. 1995-1998-ci illərdə isə bu cəmiyyətin sədrinin müavini vəzifəsini daşımışdı. O eyni zamanda, Belarus Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan diasporunu təmsil edərək Dini və Milli Azlıqlar üzrə Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

İndi Azərbaycan alimləri Belarusda olarkən, eləcə də oradan ölkəmizə ezamiyyətə, müxtəlif tədbirlərdə iştirak etməyə gələn elm adamları ilə söhbət edərkən iqtisad elmləri doktoru Arif Ələkbərov haqqında yalnız xoş sözlər eşidirlər. Keçən il Bakıda keçirilən böyük və nüfuzlu elmi konfranslardan birində həmin ölkənin alimləri də iştirak edirdilər. Akademik Leonid Gerasimoviç də onların sırasında idi. O, öz ölkəsində sayılıb-seçilən alimlərdən biridir. Belarus Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının sədri vəzifəsində çalışır. Vaxtilə SSRİ-nin "Fəxri ixtiraçısı" döş nişanına layiq görülüb. Biz akademik Qerasimoviçlə söhbət edəndə dərhal Arif Ələkbərovun adını çəkdi. Demə, Arif müəllim onun aspirantı olub. Görkəmli alim vurğuladı ki, 30-dan çox aspirant və doktoranta rəhbərlik edib. Arif Ələkbərovu isə onların ən qabiliyyətlilərindən biri sayır. Elə buna görə də həmyerlimiz aspirant dostları arasında böyük hörmət qazanıbmış.

Bütün bunlara görə Arif Ələkbərova həm Belarusda yaşayan azərbaycanlılar, həm də çalışdığı müəssisə və elmi təşkilatların nümayəndələri hörmət bəsləyiblər. Elmi ictimaiyyət onu həm də perspektivli, istedadlı alim kimi dəyərləndiribdir.

Arif Ələkbərov 2000-ci ildən Bakıdadır. 20 ilə yaxın başqa ölkədə yaşayıb işləməsinə baxmayaraq, yeni şəraitə də tez uyğunlaşdı. Vətənə qayıdandan sonra Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi fəaliyyətə başladı. Həmin dövrdə bu universitetə hazırda rabitə və informasiya texnologiyaları naziri olan akademik Əli Abbasov rəhbərlik edirdi. Əli müəllim Arif Ələkbərovun bilik və səviyyəsini yüksək dəyərləndirərək onu ADİU-nun kommersiya fakültəsinin dekanı təyin etmişdir. 2001-2004-cü illərdə həmin vəzifədə çalışan Arif Ələkbərov bu universitetin tarixində ən gənc dekan sayılır.

A.Ələkbərov Bakıya qayıtdıqdan sonra da elmi axtarışlarını davam etdirirdi. O, doktorluq dissertasiyası üzərində ciddi işləyirdi. Bu səbəbdən də dekan vəzifəsindən azad olunmasını özü xahiş etmişdi. Beləliklə, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdindəki dissertasiya şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.

Artıq tanınmış alim Arif Ələkbərovun iqtisad elmində qazandığı nailiyyətlər, üstəlik, onun həm də hüquqşünas olması, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyevin diqqətini cəlb etmişdir. A.Ələkbərov AAK-nın İqtisadiyyat və hüquq elmləri üzrə şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur.

Burada bir məqamı da vurğulamağı vacib sayırıq. Dörd il əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhsil və elm müəssisələrinin nümayəndələrinin iştirakı ilə ictimai və humanitar elmlərin vəziyyəti ilə bağlı geniş müşavirə keçirmişdir. 2009-cu il noyabrın 21-də keçirilən həmin tədbirdən az sonra, yəni, dekabrın 8-də akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi dərc olunmuşdu. İstər geniş müşavirədə, istərsə də dərin məzmunlu məqalədə sözügedən sahədə çatışmazlıqların olması xüsusi vurğulanmışdı. Həmin bu tələblərin yerinə yetirilməsinin, nöqsanların aradan qaldırılmasının vacibliyi baxımından çıxış edilərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ciddi struktur dəyişiklikləri aparıldı. Burada İqtisadiyyat və hüquq şöbəsi yaradılmış və qeyd etdiyimiz kimi, şöbə müdiri vəzifəsi Arif Ələkbərova həvalə olunmuşdur.

Bu qeydlərin müəllifləri iqtisad və hüquq elmləri doktorları olaraq AAK-nın sözügedən şöbəsinin işini diqqətlə izləyirlər. Xatırlatmaq istəyirik ki, əvvəllər iqtisadiyyat və hüquq üzrə ekspert şurasının fəaliyyətində dissertasiya işlərinin, demək olar ki, hamısı Ali Attestasiya Komissiyasının kollegiyasına təsdiq olunması üçün tövsiyə edilirdi. Bu da ictimaiyyətdə haqlı narazılıqlara səbəb olurdu. Çünki elmə təsadüfi adamlar da gələ bilirdi və bunun qarşısı alınmırdı. Arif Ələkbərov şöbə müdiri olandan sonra burada müsbət dəyişiklik baş verdi. Ölkənin elmi ictimaiyyəti arasında artıq öz obyektiv qərarları ilə dəstəklənən və nüfuz qazanan İqtisadiyyat və Hüquq Elmləri üzrə Ekspert Şurasının fəaliyyətinə nəzarət funksiyasını məhz Arif Ələkbərovun rəhbərlik etdiyi şöbə yerinə yetirir.

İndi iqtisadiyyat və hüquq elmləri sahəsində təşkilatlarda, müdafiə şuralarında da məsuliyyət hissi və məsələyə ciddi yanaşma hökm sürür. Bu da AAK-da aparılan islahatların bəhrəsidir.

İqtisad elmləri doktoru Arif Ələkbərov tutduğu vəzifədən, çalışdığı sahədən asılı olmayaraq, həmişə həyatın, ictimai işlərin qaynarındadır. Dünya azərbaycanlılarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının nümayəndəsi olması bu fikrimizi bir daha təsdiqləyir.

Biz ona daim həm həyatda, həm elmdə, həm də cəmiyyət arasında məhz bu cür - fəal və düzgün mövqedə olmağı, yeni-yeni müvəffəqiyyətlər qazanmağı arzu edirik.

 

 

 

Tofiq QULİYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,

 iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

 hüquq elmləri doktoru, professor

Azərbaycan.-2013.-17 dekabr.-S.6.