IDEA İctimai Birliyi və «YARAT» Müasir İncəsənət

 Məkanı «Tullantıdan incəsənətə» adlı

 müştərək layihə həyata keçirmişlər

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "YARAT" Müasir İncəsənət Məkanı "Tullantıdan incəsənətə" adlı müştərək layihəni həyata keçirmişlər.

Dekabrın 16-da layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq paytaxtın Səməd Vurğun küçəsində Yeni il ərəfəsində dekorativ Yeni il yolkası hazırlanmış və təqdim edilmişdir.

Bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurmuşlar. Layihədə xeyli sayda könüllü də iştirak etmişdir.

Hündürlüyü 7, diametri  4,2 metr olan sənət nümunəsi Yeni il ərəfəsində  meşə və parklarda əkilmiş yolka ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.

Bu dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar "Pepsi Azərbaycan" şirkəti tərəfindən toplanılmışdır.

 

Azərbaycan.-2013.-17 dekabr.-S.6.