Müdafiə Sənayesi Nazirliyi
sisteminin
işçiləri peşə
bayramlarını qeyd etmişlər
Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının səkkizinci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü ilə əlaqədar "Radioquraşdırma" zavodunda təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə nazirliyin "Radioquraşdırma" zavodunun həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.
Əməkdaşları peşə bayramı münasibətilə təbrik edən müdafiə sənayesi naziri Yavər Camalov bildirmişdir ki, müstəqillik dövründə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin müdafiəsini təmin edən ordunun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asılılığın azaldılması məqsədilə müdafiə sənayesi kompleksinin yaradılması olmuşdur. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün peşə bayramını qeyd etdiyimiz Müdafiə Sənayesi Nazirliyində də qısa müddət ərzində çox böyük işlər görülmüşdür. Nazirlik qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah və döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olmuşdur.
Nazir demişdir ki, 2007-2013-cü illər ərzində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədi ilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində 47-dən çox yeni istehsal sahəsi yaradılmışdır. Bunlardan 5-i 2013-cü ildə istifadəyə verilmişdir.
MSN-in qarşısında qoyulmuş əsas prioritet istiqamətlərdən biri də tabeli müəssisələri ən müasir texnologiya və avadanlıqla təchiz etmək olmuşdur. Bu məqsədlə onlarla texnoloji xətt, minlərlə müxtəlif dəzgah, cihaz, alət və tərtibat alınıb quraşdırılmışdır. Yeni yaradılmış istehsal sahələrində ölkənin Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün bütün imkan və şərait yaradılmışdır. Nəticədə 2013-cü ilin yekunlarına görə, istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artmışdır. Bu il güc strukturları ilə bağlanmış müqavilələrin həcmi 2007-ci illə müqayisədə 33,5, 2010-cu illə müqayisədə isə 2,5 dəfə artmışdır. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, artıq nazirliyin tabeli müəssisələrində təqribən 750-dən artıq müdafiə təyinatlı məhsul istehsal olunmaqdadır.
Nazir qeyd etmişdir ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə peşə bayramı günü ərəfəsində nazirliyin bir qrup əməkdaşı dövlət mükafatlarına layiq görülmüşdür. Bütün bunlar Azərbaycan dövlətinin nazirliyin işçilərinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Y.Camalov xüsusi vurğulamışdır ki, ölkə rəhbərliyinin diqqət və qayğısını daim hiss edən Müdafiə Sənayesi Nazirliyi sistemində çalışan işçilər bundan sonra da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin olunması üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirmişlər.
Sonra
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
medallara və fəxri adlara layiq görülmüş əməkdaşlara
mükafatlar təqdim edilmişdir.
Sonda
nazirliyin kollektivi adından Prezident İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Azərbaycan.-2013.- 18 dekabr.- S.5.