Bakıda türkiyəli müğənni və yazıçı Əhməd Şəfəqin

 «Vətən gözlüm» adlı albomu təqdim edilmişdir

 

Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində türkiyəli müğənni və yazıçı Əhməd Şəfəqin "Vətən gözlüm" adlı albomunun təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün Əhməd Şəfəqin Azərbaycanda sevildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Əhməd Şəfəq Azərbaycanın dərdini öz dərdi bilən, Qarabağ həqiqətlərini uca səslə bəyan edən, Ermənistan-Türkiyə münasibətlərində Azərbaycanın mənafeyini qoruyan həm qələm adamı, həm də bir sənətçidir. Əhməd Şəfəq təkcə qələmi ilə deyil, səsi və ruhu ilə də türk dünyası üçün çalışır.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva vurğulamışdır ki, bəzi insanlar Əhməd Şəfəqi millətçi olduğu üçün sevmironun fəaliyyətini kiçiltmək istəyirlər, amma bu belə deyil. Əhməd  Şəfəqin əsas ideyası milliliyi, türkçülüyü qorumaqdır. Əhməd Şəfəq həm də poeziya aşiqidir. Albomun adına diqqət yetirsək görərik ki, Əhməd Şəfəq "Vətən gözlüm" adı ilə ədəbiyyata bir yenilik gətirmişdir. Onun yaradıcılığının əsas ideyası bu gün işğal altında olan Qarabağın Azərbaycana qaytarılmasıdır.

Türk dünyasının böyük ədibi Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri S.Vəliyeva qeyd etmişdir ki, bir müddət bundan əvvəl Bakıda təqdimatı keçirilən və türk dilində nəşr olunan "Hüseyn Cavid. Əsərləri" adlı kitabın ərsəyə gəlməsində Ə.Şəfəqin də rolu böyük olmuşdur. Sona Vəliyeva diqqətə çatdırmışdır ki, gələn il yanvar ayının əvvəllərində Türkiyənin İstanbul şəhərində də bu kitabın təqdimatı keçiriləcəkdir.

Sonra Ə.Şəfəq təqdimat mərasiminin iştirakçılarına dekabrın 21-də Azərbaycan Dövlət Akademik  OperaBalet Teatrında keçiriləcək konserti barədə məlumat vermişdir. O vurğulamışdır ki, hər bir xalq mədəniyyətlə nəfəs alır və hər bir türk övladı mədəniyyətinin təbliği istiqamətində çalışmalıdır.

Sonda albomdan parçalar nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.5.