Mədəniyyət və Turizm Nazirliyində Bolqarıstan

 Respublikasının Baş naziri ilə görüş olmuşdur

 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq etdiyi qurumun son illərdə fəaliyyəti, ölkəmizin turizm imkanları barədə qonaqlara məlumat verərək bildirmişdir ki, mədəniyyət və turizm sahəsində Bolqarıstan ilə əməkdaşlıq ölkəmiz üçün prioritet istiqamətlərdən biridir.

Turizm sahəsində əlaqələrin böyük perspektivi  olduğunu vurğulayan nazir qonaqları gələn ilin aprelində Bakıda keçiriləcək Dünya Turizm Təşkilatının Avropa müşavirəsinə dəvət  etmişdir. Ə.Qarayev vurğulamışdır ki, gələn il Bolqarıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir.

Nazir Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri Rauf Əliyevi qonaqlara təqdim etmişdir.

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski səmimi qəbula görə minnətdarlığını bildirərək səfərinin məqsədindən və keçirdiyi görüşlərdən danışmışdır.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmişlər.

Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova iştirak etmişdir.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.