Akimbek TEKEŞOV: «Azərbaycan hökuməti tarixi

 abidələrin qorunmasına böyük diqqət yetirir»

 

"Bu, mənim müstəqil Azərbaycana ilk səfərimdir. Ona görə müstəqil Azərbaycana deyirəm ki, 1974-1976-cı illərdə Sovet İttifaqının tərkibində olan respublikanızın Şəmkir, Gəncə bölgələrində hərbi xidmətdə olmuşam. Hələ o vaxtdan xalqınızın qonaqpərvərliyi, istiqanlılığı məndə unudulmaz təəssürat yaratmışdır".

Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün  Bakıya gəlmiş Qırğız Respublikasının mədəniyyət, informasiyaturizm nazirinin birinci müavini Akimbek Tekeşov AzərTAc-a müsahibəsində demişdir.

Qonaq bildirmişdir ki, Azərbaycan və Qırğızıstan arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət və turizm sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Hələ 2003-cü ildə tərəflər arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmişdir. 2008-ci ildə Bişkekdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş musiqi festivalı keçirilmişdir. Keçən il dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkələrimiz arasında müvafiq əlaqələrin genişlənməsinə çox kömək edir. Qırğızıstan Milli Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Gələn il Qırğızıstanda və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq. Əməkdaşlıq perspektivləri çox böyükdür və əminik ki, müəyyən etdiyimiz planları uğurla həyata keçirəcəyik.

Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan qırğızıstanlı  qonaq Bakıda qədim mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində aparılan uğurlu işləri də diqqətə çatdırmışdır. Bildirmişdir ki,  İçərişəhərdə insanların bu yerin hər daşına məhəbbəti hiss olunur. Tarixi yaddaşın əks olunduğu abidələri və məkanları qorumaq vacibdir. Açığını deyim ki, ölkənizdə tarixi abidələrin bərpası istiqamətində görülən işlərə sözün əsl mənasında, qibtə edirəm. Dövlətiniz tarixi keçmişinizə böyük diqqətlə yanaşır. Biz adət sözünü tez-tez işlədirik. Adət təkcə nəyinsə əsrlər boyu saxlanılması deyildir, həm də yeni nəsillərin bu ənənəyə verdikləri töhfələrdir. Sizin ölkənizdə adət-ənənələrin, abidələrin qorunması çox yüksək səviyyədədir.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.