Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası

 Assambleyasının büro üzvü seçilmişdir

 

Tailand Krallığının Banqkok şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında Müqaviləyə tərəf dövlətlərin 2-ci Assambleyası keçirilmişdir. Tədbirdə müqaviləyə tərəf olan 29 və 11 müşahidəçi dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar iştirak etmişlər.

Assambleyada Azərbaycan Respublikasını vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılıq etdiyi, Vergilər Nazirliyi, Baş Prokurorluq və ölkəmizin Avstriyada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.

Assambleyanın açılışında Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının prezidenti Panthep Klanarongran və Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutner çıxış etmişlər. Çıxışlarda akademiyanın inkişafı ilə bağlı görülən işlərdən və gələcək planlardan danışılmış, qısa müddət ərzində təşkilatın beynəlxalq nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığı, akademiyanın BMT Baş Assambleyası yanında müşahidəçi statusu alması ilə bağlı prosedurların yekunlaşmaqda olduğu vurğulanmışdır.

Assambleyanın ilk sessiyasında aparılan geniş müzakirələrdə Malayziya, Makedoniya və Mərakeşin daxili işlər nazirləri, Monqolustanın xarici işlər naziri, Avstriyanın xarici işlər nazirinin müavini, Rusiya, Macarıstan, Çin, Braziliya, İndoneziya və digər ölkələrin yüksək səviyyəli rəsmiləri çıxış etmişlər. Çıxışlarda əsasən korrupsiyanın təzahür formaları, ona qarşı mübarizədə müxtəlif milli təcrübələr, habelə Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə dəstək verilməsi mövzusunda fikirlər səsləndirilmişdir.

İlk sessiyada çıxış edən S.Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlarinkişaf etməkdə olan beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verərək 2005-ci ildən etibarən ölkəmizdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyət göstərdiyini, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığını, müvafiq dövlət proqramlarının, o cümlədən korrupsiyaya qarşı mübarizə üzrə, həmçinin Açıq Hökumətin təşviq olunmasına dair yeni milli fəaliyyət planlarının qəbul edildiyini bildirmişdir. S.Ələkbərov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu, əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatların, o cümlədən BMT, Avropa İttifaqı və Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarında təqdir olunduğunu da vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizənin vacib elementi kimi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və onların əlçatan olmasına xüsusi önəm verir. Buna misal olaraq 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ASAN xidmət mərkəzlərinin fəaliyyəti, onların xidmətlərindən, eləcə də ölkəmizin vergi orqanlarının elektron xidmətlərindən yararlanan vətəndaşların sayının gündən-günə artdığı  göstərilmişdir.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, Vergilər Nazirliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında 2012-ci ilin fevral ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində geniş əməkdaşlıq mövcuddur. Ötən müddət ərzində vergi xidmətində tətbiq edilmiş yeni informasiya texnologiyaları sayəsində vergi ödəyiciləri ilə prosesləri tamamilə elektronlaşdırılmışdır ki, bu da vətəndaş-məmur təmaslarının minimallaşdırılmasına və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılmasına xidmət edir. Bildirilmişdir ki, Vergilər Nazirliyi ölkəmizdə elektron dövlət quruculuğunda fəal iştirak edən və mobil hökumətə keçid istiqamətində konkret layihələr reallaşdıran ilk dövlət qurumlarından biridir.

Assambleyada təşkilatın inkişafı üzrə aidiyyəti orqanların hesabatları dinlənilmiş, Rusiya, AvstriyaAntikorrupsiya Akademiyasının təqdim etdiyi üç qətnamə layihəsi geniş müzakirələrdən sonra qəbul edilmişdir. Assambleyada növbəti il üçün Assambleyanın rəhbər orqanı olan büroya seçkilər keçirilmişdir. Nümayəndəsi Büroya üzv seçilmiş beş ölkədən biri də Azərbaycan olmuşdur.

Məlumat üçün bildirək ki, Beynəlxalq Antikorrupsiya Akademiyası 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi və Avropa Saxtakarlıq Əleyhinə Təşkilatının birgə təşəbbüsü ilə təsis edilmişdir. 53 dövlətin üzv olduğu bu beynəlxalq təşkilat antikorrupsiya sahəsində bilik və təcrübələrin artırılması, antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkənin yaradılması, əməkdaşlıq və akademik axtarışlar sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir. Ötən müddət ərzində akademiya beynəlxalq antikorrupsiya hərəkatına öz töhfələrini vermiş, korrupsiyanın qarşısının alınmasında hökumətlər, qeyri-hökumət təşkilatları və ictimaiyyətin geniş təbəqələri ilə sıx əməkdaşlıq etmişdir. Hazırda akademiya korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə əsas beynəlxalq platforma kimi çıxış edir.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.