Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin gənclərinin

 beynəlxalq ekoloji forumu işə başlamışdır

 

Dekabrın 17-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin gənclərinin "Bir-birimizdən öyrənirik" mövzusunda beynəlxalq ekoloji forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, forum "MDB ölkələrinin 2013-2014-cü illərdə humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər Planı"na uyğun keçirilir. Tədbirin məqsədi Azərbaycanda və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya münasibətdə məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə təkan verməkdir.

Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin müasir dünyanın ekologiya problemlərinin həlli istiqamətində səmərəli müzakirələrin, fikir mübadiləsinin aparılması üçün gözəl platforma olacağına əminliyini ifadə etmişdir. İ.Babayev ətraf mühitin qorunmasının həm indiki, həm də gələcək nəsillər üçün çox vacib məsələ olduğunu qeyd etmişdir.

Nazir müavini demişdir: "İnanıram ki, bu forum müxtəlif ölkələrin gəncləri arasında ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet məsələlərdəndir. Biz burada aktual problemləri müzakirə edəcəyik. Ümidvaram ki, ekspertlərin, QHT nümayəndələrinin iştirakı ilə keçirilən forum MDB məkanında birgə ideyaların və layihələrin yaranması ilə nəticələnəcəkdir".

İ.Babayev Azərbaycanda son 10 ildə ekologiya sahəsində qəbul edilən qanunlara toxunaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan edildiyini diqqətə çatdırmışdır.

IDEA-nın layihə direktoru Anara İsmayılova ictimai birliyin rəhbəri Leyla Əliyevanın forum iştirakçılarına müraciətini oxumuşdur.

Müraciətdə L.Əliyeva 2013-cü ilin "MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan edildiyini diqqətə çatdıraraq vurğulayır: "Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar. Təbiətin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə uğurlu nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış yanlış fikirlərdən və süni yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır. Planetin gələcəyi bizim əlimizdədir və yalnız birləşməklə təbiəti qoruya bilərik, bu gün sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə ərməğan edə bilərik".

Daha sonra forumda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, UkraynaRusiya nümayəndələri çıxış etmişlər. Qeyd edilmişdir ki, son zamanlar ətraf mühitin mühafizəsi gəncləri çox narahat edən məsələlərdən biridir. Yüksək səviyyədə təşkil olunmuş beynəlxalq forum bu sahədə yeni ideyaların yaranması üçün gözəl məkandır.

Çıxış edənlər, həmçinin, Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirmiş, paytaxt Bakının gündən-günə gözəlləşdiyini vurğulamışlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil edilən beynəlxalq forumda MDB-nin üzvü olan dövlətlərin 40-a yaxın gənc ekoloqu iştirak edir.

Dekabrın 19-dək davam edəcək tədbirdə "Ekologiya sahəsində əhalinin maarifləndirilməsi", "Tullantılardan davamlı istifadə", "Ekokönüllülük", "Ekoturizm", "Vəhşi təbiətin mühafizəsi", "Xüsusi mühafizə olunan ərazilər" və s. mövzularda sessiyalar, qrup işləri və təqdimatlar olacaqdır.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.7.