Xalçalarımız elləri dolaşır

 

Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də ölkəmizin Sankt-Peterburqdakı konsulluğunun təşkilatçılığı ilə bu şəhərin Rəssamlar İttifaqının sərgi mərkəzində "Azərbaycan xalçaları" nümayiş olunub. Gənc xalça ustalarının əl işlərindən ibarət sərgidə rəsmi nümayəndələr, şəhərdəki ali məktəblərin əməkdaşları, diplomatik korpusun təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycan mədəniyyətinin qədim qolu olan xalçaçılıq sənətindən danışan ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov ümidvar olduğunu bildirib ki, sərgi Rusiya ictimaiyyəti nümayəndələrinin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək, xalqlarımız arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərəcək.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov Azərbaycan xalça sərgisinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, dünyanın bir çox muzeylərində nümayiş etdirilən çoxsaylı xalça sərgilərində Azərbaycan xalçalarının xüsusi yeri olduğunu diqqətə çatdırıb. Çıxışların əksəriyyətində eyni fikir vurğulanıb ki, Azərbaycan mədəni irsini nümayiş etdirən bu cür sərgilərin əhəmiyyəti böyükdür.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.7.