İllərlə ürəyimdə
saxladığım sirr: bir
qardaş itirmişəm
Şəhid ruhu müqəddəsdir
Vətəni və milləti yolunda, dini, namusu, şərəfi uğrunda canından keçənlərdi şəhidlər. Peyğəmbərimiz hədislərindən birində buyurur ki, şəhidlərin yeri cənnətdədir. Bu yalnız Tanrının sevdiyi, dəyərləndirdiyi bəndələrinin alın yazısıdır. Bizim də qismətimizdə var imiş bu alın yazısı.
Dekabrın 18-də 41 yaşı, yanvarın 4-də isə ayrılığının və həsrətinin 20 ili tamam olacaq qardaşım Rövşənin! Ötən bu iyirmi ildə haqqında dəfələrlə yazmaq istəmişəm! Amma, nədənsə, əlim gəlməyib, qələmim qan ağlayıb! Çünki hardan başlayıb, harda və necə qurtaracağımı özüm də bilməmişəm...
Ağcabədi rayonunda sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişik. Atamız halal zəhmətiylə böyüdüb bizi. Bu zəhmətin içində Vətənə, torpağa, ataya, anaya sevgini, məhəbbəti öyrəndik. Vətənin, dostun, yoldaşın dar günündə sinəmizi qabağa verməyi öyrəndik. Belə olmasaydı, ailəmizin ortancıl oğlu Rövşən hərbi polisdəki işini atıb könüllü cəbhəyə yollanmazdı! "Belə bir gündə dostlarım döyüşürsə, mən də onların yanında olmalıyam!" - deməzdi.
Ailədə beş uşaq idik. Rövşən ortancılımız idi, ailənin üçüncü övladı. Xasiyyəti kimi görünüşcə də fərqlənirdi bizdən: sarışın, göygöz idi bu qardaşımız. Qəribə xasiyyəti vardı. Bir yerdə dayanmaq bilməzdi. Olduqca qoçaq və fərasətli idi. 22 yaşı olmasına baxmayaraq, özündən böyüklərlə də dostluq edirdi, kiçiklərlə də! Özünü sevdirməyi bacarırdı. Ölümündən iyirmi il ötməsinə baxmayaraq, bu gün ondan söz düşəndə onu tanıyan hər kəsin üzündə sevgi dolu bir təbəssüm yaranır və deyirlər: yaxşı oğlan idi...
Ağcabədinin ilk şəhidlərindən biri mənim məktəb yoldaşım, dostum Məhəmməd oldu - Səfər həkimin oğlu. Döyüşdə şəhid getdi, meyitini götürə bilmədilər! Bu hadisə mənə çox pis təsir etmişdi, çox təsirlənmişdim. Çox ağır dərddi deyirdim. Bir var, dəfn edirsən, ürəyin sakitləşır, qəbrini ziyarət edirsən. Bir də var ki, şəhid olduğunu bilə-bilə dəfn edə bilmirsən! Bu, ikiqat müsibətdir! Demək olar ki, hər gün bu haqda danışırdım. Aradan az bir vaxt keçdi. Həmin taleyi yaşamalı oldum! Mən də şəhid olan qardaşımı gətirib dəfn edə bilmədim...
1994-cü
il yanvarın
4-ü idi. Rayona gedirdim. Ürəyimdə bir narahatçılıq
vardı. Sanki bəd
xəbər alacağımı
hiss edirdim. Allaha dua etməkdən
başqa əlimdən
bir şey gəlmirdi. Həyətimizə yaxınlaşanda xeyli adamın yığışdığını gördüm. Dedilər ki,
Rövşəngilin batalyonu
Ağdam istiqamətində,
Çeyil yüksəkliyi
uğrunda gedən döyüşlərdə mühasirəyə
düşüb. Bir xəbər
öyrənmək üçün
qohumlar axşamdan hərbi hissənin həyətində gözləyirlər.
Rövşən Ağcabədinin Hindarx batalyonunda döyüşürdü. Mühasirədə 79 döyüşçü qalmışdı.
Çoxu 20-25 yaşlarında və subay idi.
Nişanlı olanlar da vardı, nişanlanmağa
hazırlaşanları da.
Rövşən də o hazırlaşanların
sırasında idi.
Nişan
üçün lazım
olan şeylərin çoxunu da özü almışdı.
Demişdim axı, xasiyyətcə
bizdən çox fərqlənirdi. Həm
də fərasətli
idi... Döyüşə getməzdən əvvəl
hərbi polisdə işlədiyi vaxtlarda, ondan da əvvəl
gizlincə pul yığar, ya özü nəsə alardı, ya da anamıza pul verərdi ki, qız üçün
bir şey alsın. Gözaltısı
var idi axı!
Üstü ceyranlı
iki sandığımız
vardı, ikisi də onun toyu
üçün alınmış
müxtəlif hədiyyələrlə,
parçalarla, paltarlarla
dolu idi... İllərlə bizim kimi o qız da gözləri yolda, nişan
üçün alınmış
hədiyyələrlə dolu
sandıqlar isə ağızları qıfıllı
qaldı...
...Onun ölümünə heç birimiz inanmırdıq... Qayıdacağı
günü gözləyirdik...
Gözlər yolda, qulaqlar səsdə idi... O vaxtlar əsir düşən döyüşçüləri dəyişirdilər. Bir xəbər
eşidəndə digər
döyüşçülərin valideynləri kimi, biz də Rövşənin şəklini götürüb
gedirdik həmin adamın yanına ki, bəlkə təzə nəsə öyrənə bildik.
Əslində, elə ilk günlərdə
mənə o xəbər
verilmişdi. Amma
illərlə ürəyimdə
sirr olaraq saxladım! Bəlkə bu dərdin
ağırlığı idi
38 yaşımda infarkt
olmağımın, şəkər
xəstəliyinə tutulmağımın
səbəbi? Nə
bilim?..
Mühasirədən çıxan Füzuli adlı yaralı bir döyüşçü ilə görüşdüm xəstəxanada. Bütün valideynlərin ümid yeri o idi. Hər kəs nəsə öyrənməyə çalışırdı. Mənə demişdilər ki, qardaşımla Füzuli dost olub.
Bir qədər susan əsgər mənim çox təkidimdən sonra kövrək səslə söhbətə başladı: "Biz Rövşənlə dost idik. Bu döyüşdə də birlikdə idik. İki addımlığımda idi. Ağır yaralanmışdı. Mən də yaralanmışdım. Amma yaram yüngül idi. Kömək edib Rövşəni yaxınlıqdakı dərəyə gətirdim. Düşmən güllələri ətrafa yağış kimi səpələnirdi. Rövşən ayağından və qarnından yaralanmışdı. Mənə dedi ki, qardaş, bu vəziyyətdə mühasirədən çıxmağım çətin məsələdir. Amma mən düşmənə əsir düşmək istəmirəm, özü də yaralı halda. Ya sən vur məni, ya da ver özüm vurum. Onu qucaqladım ki, nə danışırsan, səni çıxaracam burdan. Əslində, istəsəm də, onun bu istəyini yerinə yetirə bilməyəcəkdim. Çünki gülləmiz yox idi. Rövşən aldığı güllə yarasından şəhid oldu. Danışdım ki, vəziyyəti biləsən. Mən bunu ata-anaya, bacıya necə danışım? Heç olmazsa, ümidlə yaşayarlar. Sən də məni bağışla ki, qardaşına kömək edə bilmədim. O, elə mənim də qardaşım idi".
Göz yaşları içərisində dinlədiyim yaralı əsgəri bağrıma basdım. İllərlə ona verdiyim sözə əməl etdim. İllərlə bunu nə atama, nə anama, nə də digər əzizlərimə danışmadım. Övlad həsrəti atamızda ağır xəstəliyin yaranmasına səbəb oldu. Tez itirdik onu. Anamın isə gözləri tutuldu. Ümidlərini qırmaq istəmədim. Onsuz da ürəklərindəki dərdi daşımaqda çətinlik çəkirdilər. Ən azı, nə vaxtsa qayıdacağını düşünürdülər. Bir müddət sonra həmin döyüşçülərin hamısının şəhid olduqlarını bildirdilər. Hansısa rayondan "əsir gəlib" deyirdilərsə, qardaşımın şəhid olduğunu bilə-bilə, mən də onlarla birlikdə Rövşənin şəklini götürüb gedirdim ki, bəlkə bir xəbər öyrəndik, bəlkə "gördüm" deyən oldu! Amma bilirdim ki, bu baş verməyəcək! Bilirdim ki, mənim də qardaşım yüzlərlə igid oğullarımız kimi vətənin, torpağın müdafiəsində şəhid olub!
Hər zaman ürəyimizdəsən, ruhun bizimlədir, qardaş! Sənin də, şəhid dostlarının da, eləcə də bütün Azərbaycan şəhidlərinin narahat ruhlarının əzab-əziyyətdən qurtaracağı gün gələcək!
Valeh RƏHİMLİ,
Azərbaycan.-2013.- 18 dekabr.- S.8.