«Dövlət idarəçiliyində
varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin
xronikası: rəsmi qəbul və səfərlərin
icmalı (2008-2013-cü illər)» dördcildliyinin yeni nəşr
olunmuş III və IV cildlərinin təqdimatı
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən hazırlanmış "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)" dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, bu cildlərdə Prezident İlham Əliyevin fəaliyyətinin son beş illik dövrünün xronikası geniş şəkildə əksini tapmışdır. Kitabın III cildi Azərbaycan Prezidentinin siyasi fəaliyyətinin 2008-ci ilin oktyabrından 2010-cu ilədək, IV cildi isə 2011-ci ildən 2013-cü ilin martınadək olan dövrünü əhatə edir.
Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçisi tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elmlər doktoru, professor Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin əhəmiyyətini vurğulayaraq bu materiallardan tədrisdə də geniş istifadə olunduğunu qeyd etmişdir. Rektor bu istiqamətdə tədqiqatların hazırda da davam etdirildiyini demişdir. Bildirilmişdir ki, geniş oxucu auditoriyasının, politoloqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq bu cildlər gələcək tədqiqatlar baxımından da dəyərli mənbədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti ilə daim Heydər Əliyev siyasətinə varisliyini nümayiş etdirdiyini bildirmişdir. Şöbə müdiri demişdir ki, məhz bu sadiqliyin nəticəsində Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, inkişaf etdirilir və uğurlar qazanır.
Heydər Əliyev siyasətinin üç amilinin bu varislik prinsiplərində necə yaşamasını şərh edən Fatma Abdullazadə ulu öndərin ən müdrik addımlarından birinin "Əsrin müqaviləsi"nin imzalanması olduğunu bildirmişdir. "Əsrin müqaviləsi" iqtisadi addımdan daha çox siyasi layihədir, çünki bu, ilk növbədə Heydər Əliyevin siyasi iradəsinin ifadəsi idi. Dünən hamımız bunun nə dərəcədə uğurlu layihə olmasını bir daha müşahidə etdik. Şöbə müdiri dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasını bu varisliyin inkişaf etdirilməsinin və yüksək səviyyəyə çatdırılmasının bariz nümunəsi kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, 1994-cü ildə "Əsrin müqaviləsi" bizi zülmətdən, ümidsizlikdən işığa çıxarmışdır. Dekabrın 17-də imzalanan sənədlər isə Azərbaycanın nəinki bu nurla özünü kifayət qədər təmin etməyə, hətta öz işığından, imkanlarından başqalarına da pay verməyə qadir olduğunu göstərmişdir.
Fatma Abdullazadə diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyev siyasətinin ikinci mühüm cəhəti onun humanizm ideyalarından mayalanmış bir siyasət olmasıdır. Ulu öndərin müstəqillik dövründə hakimiyyətdə olduğu on il ərzində sovet dövründə ölkəmizə rəhbərliyi illərində bünövrəsini qoyduğu siyasəti davam etdirmiş, Azərbaycan xalqının mədəni irsini özünə qaytarmışdır. Məhz onun hakimiyyəti illərində iki yubiley, - Füzulinin 500, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyləri dünya miqyasında, UNESCO səviyyəsində keçirilmişdir. Sovet dövründə ixtisar olunmuş, zəngin ədəbi irsi ikicildliyə yerləşdirilmiş Füzuli böyük bir şair, o cümlədən mənəvi dəyərlərimizin, İslam dəyərlərinin daşıyıcısı kimi Azərbaycan xalqına qaytarılmışdır.
Azərbaycanda bu gün həmin humanist siyasətin uğurla həyata keçirildiyini vurğulayan Prezident Administrasiyasının şöbə müdiri dövlət başçısının bir neçə gün əvvəl Bakıda "Kitabi-Dədə Qorqud" abidəsinin və parkının açılışında iştirak etdiyini vurğulamışdır.
Müasir informasiya cəmiyyətində
insan intellektinin ən böyük sərvət olduğunu
bildirən F.Abdullazadə məhz bu baxımdan Prezident
İlham Əliyevin öz fəaliyyətində "qara
qızıl"ı insan kapitalına çevirmək
prinsipini rəhbər tutduğunu qeyd etmişdir. Bu prinsip son on
ildə ən əsas, işlək şüarlardan biri
olmuşdur. Bunu Azərbaycan gənclərinin xaricdə təhsil
almasının maliyyələşdirilməsində daha
aydın görmək olar.
Sonuncu amilin dinamizm olduğunu diqqətə
çatdıran F.Abdullazadə bu cəhətin Prezident
İlham Əliyevin fəaliyyətində ən əsas istiqamətlərdən
birinə çevrildiyini qeyd etmişdir. Bu, ilk növbədə
dövlət başçısının şəxsiyyətindən,
siyasi məfkurəsindən irəli gələn dinamizmdir.
Həm varislik, həm də novatorluq
özünü Azərbaycan Prezidentinin fəaliyyətindəki
dinamizmdə əyani sürətdə nümayiş etdirir.
Prezident
Administrasiyasının şöbə müdiri dövlət
başçısı İlham Əliyevin siyasi fəaliyyətini
əks etdirəcək yeni cildlərin hazırlanacağına
əminliyini diqqətə çatdıraraq kitabın ərsəyə
gəlməsində əməyi olanlara təşəkkürünü
bildirmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
çıxış edərək ulu öndər Heydər
Əliyevin ölkəmizdə müasir müstəqil dövlət
quruculuğu ilə yanaşı, dövlət idarəçilik
təliminin də əsasını qoyduğunu
vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan
mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı
xarakterizə edən dəyərlər, onların sistemləşdirilmiş
idarəçiliyin əsasında dayanması, novatorluq,
dinamizm ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik
təlimini xarakterizə edən əsas amillərdir. Şöbə müdiri həmin dövlət idarəçilik
təliminin ölkəmizdə bu gün də
araşdırıldığını bildirmişdir. Bu gün Azərbaycan dövləti həmin təlimdən
istifadə olunaraq idarə edilir. Ona görə
də bu təlimin salnaməsinin yaradılması, təhlil
olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin
ümumiləşdirilməsi və geniş oxucu kütləsinə
çatdırılması böyük aktuallıq kəsb
edir.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik
təliminin Azərbaycan xalqının milli iradəsinə
söykəndiyini qeyd edən Əli Həsənov ulu öndərin
bu məsələni Azərbaycanın müstəqilliyinin
qorunması, milli birliyin dövlətimizin əsas prinsiplərindən
birinə çevrilməsi baxımından mühüm ideya
kimi irəli sürdüyünü
vurğulamışdır. Ümummilli liderin irəli
sürdüyü ikinci prinsip sosial ədalət idi. Yəni, haqlının hüquqlarının dövlət
tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin
əsas prinsiplərindən biri idi. Azərbaycanda
1991-1993-cü illərdə xaosun, anarxiyanın hökm
sürdüyünü xatırladan Əli Həsənov belə
şəraitdə Heydər Əliyevin dövlətçilik
təliminin əsas şərtlərindən birinin hüquqi
dövlət, demokratiya prinsipləri olduğunu bildirmişdir.
Ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri
sırasında demokratiya, siyasi plüralizm məsələsini
irəli sürdü.
Şöbə
müdiri ümummilli lider Heydər Əliyevin təliminin əsas
tərkib hissələrindən birinin də səmərəli
dövlət idarəçiliyi sisteminin yaradılması
olduğunu vurğulayaraq Prezident İlham Əliyevin siyasi fəaliyyətində
dövlət idarəçiliyinin səmərəliliyini, əhalidən
gələn düşüncələrin qəbul edilməsini,
onların sintezinin aparılmasını və tətbiqini diqqət
mərkəzində saxladığını bildirmişdir. Azərbaycanda Prezident İlham Əliyevin
yürütdüyü siyasətin müvəffəqiyyət
qazanmasının təməlində bir tərəfdən səmərəli
idarəçiliyin, digər tərəfdən isə həmin
idarəçiliyin xalq tərəfindən dəstəklənməsi,
insanların iradəsinə söykənməsi olduğunu
vurğulayan Əli Həsənov bu amilin özünü məhz
varislikdə, novatorluqda və dinamizmdə göstərdiyini
bildirmişdir.
Bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər
Əliyev siyasətini novatorluqla davam etdirdiyini deyən Əli
Həsənov bu siyasət nəticəsində qazanılan
uğurlardan söhbət açmışdır. Qeyd
olunmuşdur ki, Prezident İlham Əliyev 2008-ci ildə ölkəmizdə
keçid dövrünün artıq başa
çatdığını və Azərbaycanı
qarşıda yeni hədəflərin gözlədiyini bəyan
etmişdir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında keçid
dövründən sonra yeni tələblərə
novatorcasına yanaşmaq, modernləşmənin Azərbaycan
variantı, qloballaşmada milli hisslərin, ənənələrin,
varlığın qorunması məsələləri əksini
tapmışdır. Qloballaşma şəraitində
hər bir millət özünəməxsus dəyərləri
qorumalıdır. Bu baxımdan novatorluq
milli dəyərləri inkişaf etdirməyi, onu
dünyanın mövcud texnologiyaları, inkişafı ilə
zənginləşdirməklə rəqabətə davamlı
xalq formalaşdırmağı ehtiva edir.
Şöbə müdiri nəşrin Prezident İlham
Əliyevin çıxışlarını, nitqlərini,
görüşlərini əks etdirməklə tədqiqatçılara
dövlət başçısının idarəçiliyinin
varislik, novatorluq və dinamik cəhətlərini təhlil etməyə
imkan yaratdığını demişdir. Kitabın
Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü
ilə hazırlandığını qeyd edən şöbə
müdiri nəşrin ərsəyə gəlməsində əməyi
olanlara təşəkkürünü bildirmişdir.
Kitabda Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
materiallarından da geniş istifadə edildiyini vurğulayan
Əli Həsənov agentliyin əməkdaşlarının fəaliyyətini
yüksək qiymətləndirmişdir. Bu salnaməni
yazıb ortaya çıxaran AzərTAc-ın jurnalistləridir.
AzərTAc-ın əməkdaşları
Prezident İlham Əliyevin görüşlərini, səfərlərini
geniş işıqlandırırlar. Bu
cildlərdəki materialların əksəriyyəti AzərTAc-ın
informasiyaları əsasında hazırlanmışdır.
Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycan
Prezidentinin fəaliyyətini əks etdirən belə bir
toplunun nəşr olunmasının əhəmiyyətini
vurğulayaraq dövlət başçısının siyasətinin
ölkə vətəndaşlarında böyük məmnunluq
doğurduğunu, onların həyatına müsbət təsir
göstərdiyini demişdir.
Bahar Muradova bildirmişdir ki, ümummilli lider Heydər
Əliyev təliminin, siyasətinin əsas qayəsi Azərbaycan
vətəndaşıdır. Müstəqilliyin birinci on ilində
dövlətin qarşısında duran əsas məqsəd
Azərbaycan vətəndaşının təhlükəsizliyinin,
sosial ehtiyacının təmin edilməsi, onlarda öz
hüquqlarını qorumaq vərdişlərini
formalaşdırmaq idisə, son on ildə - İlham
Əliyevin prezidentliyi dövründə hədəf artıq
Azərbaycan vətəndaşının rifah içərisində
yaşaması, onun dünya insanı ilə birlikdə qlobal
çağırışlara hazır olması, öz
mövqeyini ortaya qoyması və əsl vətəndaş
mövqeyi formalaşdırmaq idi. Bu gün
artıq tam formalaşmış Azərbaycan vətəndaşı
özünün və xalqının inkişafı, təhsili,
sağlamlığı, yüksək biliklərə və
innovativ texnologiyalara malik olması, bu yeniliklərin ölkəmizdə
yaradılması işində yaxından iştirak edir. Bu baxımdan informasiya-kommunikasiya texnologiyaları, ətraf
mühitin qorunması, təhsilin və
sağlamlığın inkişafı ilə bağlı
mövcud dövlət proqramları, onların konkret nəticələri,
Azərbaycanın regionda və beynəlxalq aləmdə
mövqeyinin möhkəmləndirilməsi, mötəbər
beynəlxalq qurumların idarə olunmasında yaxından
iştirakı ölkəmizin ən başlıca nailiyyətləridir.
Bu nailiyyətlərin əldə edilməsində
ulu öndər Heydər Əliyev təliminin, idarəçilik
mövqeyinin, yaratdığı irsin - Azərbaycan dövlətinin
və bu dövləti daha da qüdrətləndirmək
qabiliyyətinə, güclü siyasi iradəyə malik olan
Prezident İlham Əliyevin misilsiz xidmətləri vardır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri
akademik Ziyad Səmədzadə Azərbaycan Prezidenti İlham
Əliyevin həyata keçirdiyi siyasətin əldə etdiyi
uğurların təməlində siyasi və iqtisadi müstəqilliyin
durduğunu vurğulamışdır. Məhz bu
siyasət nəticəsində Azərbaycan qlobal maliyyə
böhranından uğurla keçərək sürətlə
dünyaya inteqrasiya etmişdir.
Azərbaycanın müstəqil iqtisadi siyasətinin əsas
cəhətlərindən danışan Ziyad Səmədzadə
ölkə iqtisadiyyatı üçün çox vacib olan 7
alternativ neft-qaz marşrutunun yaradılmasının əhəmiyyətini
xüsusilə qeyd etmişdir. Prezident İlham Əliyevin
yürütdüyü uğurlu siyasət nəticəsində
Azərbaycan artıq borc alan ölkədən
borc verən ölkəyə çevrilmiş, dövlət
büdcəsi və ümumi daxili məhsul dəfələrlə
artmışdır.
Akademik bildirmişdir ki, dekabrın 17-də imzalanan qaz
sazişləri Azərbaycanın iqtisadi müstəqilliyini
daha da gücləndirəcəkdir. Azərbaycan artıq nəinki
özünün, digər ölkələrin enerji təhlükəsizliyini
təmin edən güclü dövlətlərdən birinə
çevrilmişdir. Kitabda toplanmış
materiallardan da göründüyü kimi, bu məsələ
Azərbaycan Prezidentinin görüşlərində xüsusi
vurğulanır.
Nəşrdə toplanan materialların Prezident İlham
Əliyevin titanik fəaliyyətinin məntiqi nəticəsi
olduğunu qeyd edən Ziyad Səmədzadə dövlət
başçısının yürütdüyü siyasətin
uğurlarının təhlili və təbliği
baxımından əsərin qiymətli mənbə rolu
oynadığını vurğulamışdır.
Akademiyanın prorektoru, professor Əlikram Abdullayev kitabda
dünya miqyasında baş verən proseslər fonunda Azərbaycanın
təqdim edilməsinin ciddi elmi axtarışların nəticəsi
olduğunu diqqətə çatdırmışdır.
DİA-nın siyasi araşdırmalar institutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov nəşrin III və IV cildlərinin təqdimatının "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycan Prezidentinin qarşıdan gələn ad günü və Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi ilə üst-üstə düşdüyünü əlamətdar hadisə kimi qeyd etmişdir.
Təhsil ocağının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov dördcildliyin ölkəmizin dinamik inkişafının, Azərbaycan tarixində böyük iz qoymuş son on ilin salnaməsi olduğunu bildirmişdir. Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan Elçin Əhmədov bu cildlərin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin nəticəsi olduğunu vurğulamışdır. Buna görə də dördcildliyin ərsəyə gəlməsinə görə ən çox Azərbaycan Prezidentinə minnətdar olmalıyıq.
DİA-nın
rektoru Urxan Ələkbərov tədbirə yekun vuraraq Azərbaycan
Prezidentinin çoxşaxəli siyasi fəaliyyətinin salnaməsi
olan nəşrin yeni cildlərinin də
hazırlanacağına əminliyini bildirərək ölkəmizin
artan iqtisadi və siyasi qüdrətinin bunu deməyə əsas
verdiyini diqqətə çatdırmışdır.
Azərbaycan.-2013.- 19 dekabr.- S.2.