Akademik Akif ƏLİZADƏ: «Bugünkü Azərbaycan gəncliyinin

 yüksək zirvələr fəth etməsi üçün hər cür şərait yaradılmışdır»

 

Dekabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP-ın sədr müavini, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Akif Əlizadə ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizin tanınmış ictimai-siyasielm xadimləri ilə keçirilən bu cür görüşlərdə əsas məqsədin respublikamızın qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdan ibarət olduğunu vurğulamışdır.

AMEA-nın prezidenti A.Əlizadə Azərbaycan elminin inkişafından danışaraq həyatındakı maraqlı məqamları gənclərlə bölüşmüşdür. Akademik dövlət səviyyəsində elmə göstərilən yüksək diqqət və qayğıdan bəhs etmiş, AMEA-nın nəinki Azərbaycan, eləcə də dünya elminə verdiyi töhfələrdən danışmışdır.

Akademiyada aparılan islahatlara, Azərbaycan elminin bugünkü prioritetlərinə də toxunan A.Əlizadə kadr hazırlığının önəmini xüsusi qeyd etmişdir. O demişdir ki, bugünkü Azərbaycan gəncliyinin yüksək zirvələr fəth etməsi üçün hər cür şərait yaradılmışdır. Gənclərimiz onlar üçün yaradılan əlverişli imkanlardan səmərəli istifadə etməli və bu zirvələrə doğru inamla addımlamalıdırlar.

Sonda A.Əlizadə gəncləri maraqlandıran sualları cavablandırmışdır.

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.5.