Bakıda dünya
şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun
85 illiyinə həsr olunmuş
yubiley tədbiri keçirilmişdir
Dekabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində dünya şöhrətli yazıçının yaradıcılığını əks etdirən "Çingiz Aytmatov - türk dünyasının qüdrətli söz ustadı" mövzusunda kitab sərgisi ilə tanış olmuşlar.
Yubiley mərasimi qırğız xalq musiqisinin səslənməsi ilə başlanmışdır.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev türk
dünyasının böyük yazıçısı,
görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun həyat və
yaradıcılığı, zəngin ədəbi irsi
haqqında məlumat vermişdir.
Bildirmişdir ki, görkəmli yazıçının yubileyi Qırğızıstanda böyük təntənə ilə qeyd olunmaqdadır. Biz çox sevinirik ki, Bakıda da belə tədbir keçirilir.
Məlumat verilmişdir ki, Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Şəkər kəndində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarında ikən kommunist rejimi milyonlarla günahsızlar sırasında onun atası Torekul Aytmatovu da güllələmişdir. 1956-cı ildə atasına bəraət veriləndə Çingiz Aytmatovun 28 yaşı olmuşdur. O, Cambul Zootexnikumunu, Bişkek Kənd Təsərrüfatı Universitetini və Moskva Ali Ədəbiyyat İnstitutunu bitirmişdir. Ali təhsil aldıqdan sonra Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.
1952-ci ildən qırğız və rus dillərində ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlamışdır.
Diqqətə çatdırılmışdır ki, dövlətin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı olmuşdur. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmuş, 76 dilə tərcümə edilmişdir.
Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazmışdır ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranmışdır. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olmuşdur. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilmiş bir şəxsiyyətdir. Onun əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunmuş, respublikamızın ali və orta təhsil müəssisələrinin tədris proqramına salınmışdır.
Görkəmli yazıçı Çingiz Aytmatov Azərbaycana səfərindən xüsusi qürur duymuşdur. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirmişdir. Çingiz Aytmatov isə ulu öndər Heydər Əliyevin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının böyük ədibini ölkəmizdə keçirilən bütün beynəlxalq forumlara dəvət etmişdir. Çingiz Aytmatov Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə bildirmiş, Prezident
İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab etmişdir.
Bildirilmişdir ki, Azərbaycan və qırğız xalqları, türk dünyası yaşadıqca Ç.Aytmatovun dühasının yaratdığı söz körpüsü dostluğumuzu, qardaşlığımızı qoruyub saxlayacaqdır.
Mərasimdə iştirak edən Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov Bakıda görkəmli yazıçının xatirəsinə həsr olunmuş belə bir mərasimin keçirilməsinə görə Qırğızıstan hökuməti adından Azərbaycan rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tanınmış qırğız kinorejissoru, ssenarist, SSRİ xalq artisti Bolotbek Şamşiyev görkəmli yazıçı Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışmış, dünya şöhrətli ədiblə bağlı xatirələrini bölüşmüşlər.
Sonra Çingiz Aytmatovun vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün, dövlət başçısının yazıçını "Dostluq" ordeni ilə təltif etməsinin, onun haqqında söylədiyi dəyərli fikirlərin əks olunduğu kadrlar nümayiş etdirilmişdir.
Tədbir bədii proqramla davam etmişdir.
Sonda
görkəmli ədibin oğlu Askar Aytmatov mərhum
yazıçının ailəsi adından Bakıda
atasının 85 illik yubiley tədbirinin yüksək səviyyədə
təşkilinə görə Prezident İlham Əliyevə,
Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan
xalqına minnətdarlığını bildirmişdir.
Azərbaycan.-2013.- 19 dekabr.- S.6.