Dünya şöhrətli
qırğız yazıçısı Çingiz
Aytmatovun
irsi daim yaşayacaq və nəsildən-nəslə
keçəcəkdir
Dekabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirində iştirak etmək üçün Bakıya gəlmiş Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, dünya şöhrətli yazıçının oğlu Askar Aytmatov və kinorejissor, ssenarist, SSRİ xalq artisti Bolotbek Şamşiyev ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrdən söhbət açan nazir Əbülfəs Qarayev bu iki qardaş xalqı bir-birinə oxşar tarixi və mədəni köklərin bağladığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, son illər bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev səviyyəsində daha da genişlənmişdir. Dövlət başçılarının arasında münasibət sıx, səmimi, istənilən vaxt bir-birini qarşılıqlı dəstəkləməyə əsaslanır. Həmçinin biz nazirliklər də bu münasibətdən nümunə götürürük. Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə Azərbaycanın müvafiq nazirliyi arasında əlaqələr genişdir. Hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri qarşılıqlı olaraq birgə tədbirlərdə iştirak edirlər.
Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun dünya miqyaslı şəxsiyyət olduğunu vurğulayan mədəniyyət və turizm naziri belə tədbirlərin təkcə Qırğızıstanda, ona qonşu ölkələrdə deyil, postsovet məkanının bütün türk dilli ölkələrində keçirilməli olduğunu qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, Çingiz Aytmatov istər qırğız, istərsə də rus dilində bədii ədəbiyyatın ən gözəl nümunələrini yaratmışdır. Dünya şöhrətli Çingiz Aytmatovun irsi daim yaşayacaq və nəsildən-nəslə keçəcəkdir.
Qırğızıstanlı
qonaqlar görkəmli yazıçının
yaradıcılığına Azərbaycanda verilən yüksək qiymətdən
məmnunluqlarını ifadə etmiş, dərin təşəkkürlərini
bildirmişlər.
Azərbaycan.-2013.- 19 dekabr.- S.6.