Azərbaycan Mətbuat Şurası «Milli mətbuatımız, istiqlal yolumuz» silsiləsindən filmlərin çəkilişi» layihəsini həyata keçirir

 

Dekabrın 18-də  Azərbaycan Mətbuat Şurasının (MŞ) "Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən filmlərin çəkilişi" layihəsi çərçivəsində ilk toplantısı keçirilmişdir.

MŞ-nin sədri Əflatun Amaşov layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, layihənin məqsədi xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə silsilə filmlərin çəkilməsidir. Ümumilikdə 12 ziyalı - Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib  Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsi, onların mətbu fəaliyyətinin milli dövlətçilik ənənələrinin tərəqqisinə yönələn tərəflərini qabardaraq ictimaiyyətə çatdırılması nəzərdə tutulmuşdur.

MŞ-nin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev tədbir iştirakçılarının diqqətini sovet dövründə Azərbaycan mətbuat tarixinin təhrif olunmasına yönəltmişdir. Bildirmişdir ki, sovet rejiminin ziddiyyətləri ziyalılarımızı mətbuata gətirən məqsədi arxa plana atmışdır. Nəticədə görkəmli şəxsiyyətlərimizin müstəqil dövlət amalı unudulmuşdur. Onların fəaliyyəti, gördükləri işlər isə hazırda akademik səviyyədə tədqiqat aparan mütəxəssislərdən başqa geniş ictimaiyyətə məlum deyildir. Bu baxımdan o insanlar haqqında sənədli filmlərin çəkilməsi və yayılması böyük əhəmiyyət daşıyır. Bu, həmçinin indiki və gələcək nəsil mətbuat işçilərinin öz peşələrinin tarixini öyrənmələri üçün də faydalı olardı.

MŞ-nin idarə heyətinin üzvləri - "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin "Xalq qəzeti"nin baş redaktorunun müavini Tahir Aydınoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları Mətbuat Şurasının təşəbbüsünü yüksək qiymətləndirmişlər.

Tədbirdə müzakirə olunan məsələ ilə bağlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 dekabr.- S.6.