Azərbaycanın amazonkası
Bütün ömrünü elmə həsr edən və bunu həyatının mənası sayan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemət Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, sözün əsl mənasında, böyük vətəndaş işıqlı ziyalıdır. Alimin insanlara bəxş etdiyi işıq onun mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin ucalığından qidalanır. Bu gün Məşədixanım Nemətə xalq arasında böyük hörmət və ehtiram var. O, bunu çoxillik gərgin və halal zəhməti, istedadı və yüksək insani keyfiyyətləri ilə qazanıb.
Məşədixanım Səədulla qızı Nemət 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir.
1948-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Məşədixanım Nemət Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə" "Şöhrət" ordeninə layiq görülmüşdür.
Məşədixanım Nemət 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində dədə-babalarımızın daşlara həkk etdikləri daş salnamələrin ağır səhifələrini vərəqləmiş, ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi - sufizm, toponimika, etnoqenez və s. problemlərə dair külli miqdarda yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir. Görkəmli tədqiqatçı 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi o, 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir.
Məşədixanım Nemət tarix elminin ən çətin sahəsi olan epiqrafika ilə məşğuldur və bütün mənalı ömrünü bu işə həsr edib. Onu da qeyd etmək lazımdır ki, bu sahədə işləyən tədqiqatçının iş laboratoriyası rahat otaqlarda deyil, açıq səma altındadır. Həmin laboratoriyaya gedən yollar bəzən uçurumlu dağlardan keçir, saatlarla nərdivan başında, ot basmış ilanlı-çayanlı orta əsr qəbiristanlıqlarında, qızmar günəş altında olur.
Epiqrafist ərəb və fars dillərini, kitabələrin müxtəlif elm sahələrinə aid qarşıya qoyduğu problemləri bilməlidir ki, orta əsr qəbiristanlığındakı yüzlərlə məzar daşından elmə lazım olanı seçə bilsin. Belə bir mütəxəssisi heç bir təhsil müəssisəsi yetişdirmir. Bunu edənlər vergili insanlardır. Məhz qeyd olunan çətinliklərə görə bütün dünya üzrə ərəb qrafikası ilə yazılmış kitabələri oxuyanlar barmaqla sayılır.
Leninqradda (indiki Sankt-Peterburqda) nəşr olunan "Epiqrafika Vostoka" jurnalı 1967-ci ildə çapdan çıxan 18-ci nömrəsində yazırdı: "M.S.Nemətova Azərbaycanın kitabələrini sistematik olaraq toplayır və tədqiq edir... Məqalələrində əvvəllər məlum olmayan və özünün topladığı yazıları çap etdirir... M.Nemətovanın nəşr etdirdiyi kitabələr filoloqlar, dilçilər, Azərbaycanın maddi və mənəvi mədəniyyəti, incəsənəti və bədii sənətkarlığı ilə məşğul olan tarixçilər üçün böyük maraq doğurur..."
1976-cı ildə Moskvada çapdan çıxmış "İstoriçeskaya ensiklopediya" kitabında professor V.A.Kraçkovskayanın məqaləsində son 200 ildə X.D.Fren, N.M.Xanıkov (Rusiya), M.Amari (İtaliya), O.Tixsen (Prussiya), F.Kaderov (İspaniya), A.Şevçenko, Ş.Bosselar, R.Vasse (Fransa) və bir neçə sovet alimlərinin, o cümlədən Məşədixanım Nemətin də adı qeyd olunmuşdur. Bu da təsadüfi deyil. Məşədixanımın bu elm sahəsində çox ciddi tədqiqatçı olduğunu zəngin ənənələrə malik rus şərqşünaslıq elmi artıq XX əsrin 70-ci illərində qəbul etmişdir.
Məşədixanım Nemət epiqrafikanı bir fənn kimi də respublikada yaratmışdır. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcümə edilməsi və çap olunmasından ibarət deyil. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır.
Məşədixanım Nemətin əldə etdiyi xanəgah, ribat, müqəddəs məzar, zaviyə və s. abidələr üzərindəki kitabələr XII-XIX əsrlərdə Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin - Qələndəriyyə, Qədiriyyə, Bektaşiyyə qolları Babailər və Çələbilər, Xəlvətiyyə, Nəqşbəndiyyə qolu Ələviyyə, sənətkarlarla bağlı Əxi cəmiyyətinin mərkəzlərini, şeyxlərinin adlarını, onların fəaliyyətlərinin xronoloji çərçivəsini və fəaliyyət dairəsini müəyyənləşdirmişdir. Kitabələrin çoxu inzibati bölgü, dövlət quruluşu, bürokratik dövlət aparatı, feodal sinfi zümrələrinə dair maraqlı məlumatlar verir. Kitabələrdə gedən bir sıra titul, ləqəb və rütbələrə əsasən Şirvanşahlar dövlətinin quruluşunu, idarə üsulunu müəyyənləşdirmək mümkün olmuşdur.
M.Nemət epiqrafik abidələrə
əsasən bir sıra memarlıq abidələrinin
təyinatını və tarixini dəqiqləşdirmişdir.
Bunlardan, ilk növbədə,
Şəmkir qülləsini qeyd etmək
lazımdır. Abidə zəmanəmizə gəlib
çatmayıb, yalnız təsviri qalmışdır. Memarlar abidənin
tarixini XII əsrə
aid edirdi və deyirdilər ki, bu, minarədir.
Ötən əsrin 70-ci illərində
ərazidə qaz kəməri çəkilərkən
3 metr dərinlikdən
kufi xətli yazılı bir daş aşkar olunmuşdur. Yazı Məşədixanım
Nemət tərəfindən
oxunmuş və müəyyən olunmuşdur
ki, bu, Şəmkir
bürcünün kitabəsidir.
Kitabədə abidənin
dəqiq inşa tarixi h.493=1099/1100 və təyinati - gözətçi
bürcü göstərilmişdir.
Yazı hazırda Azərbaycan Tarixi Muzeyində sərgilənir.
Qız qalasının yazısının
səhv olaraq "qüllə", yəni qala əvəzinə
"qübbə", yəni
gümbəz oxunması
alimlərin Məsud Davudun mərtəbələrarası
gümbəzlərin inşaatçısı
kimi yanlış fikrə gəlməsi ilə nəticələndi.
Yazının düzgün
oxunuşu onun orta
əsrlərdə müdafiə
qalası olduğunu təsdiqlədi.
Həkəri və Araz çaylarının
hövzəsində bir
sıra türbələr
yerləşir. Memarlar bu abidələrin
yerli feodallara məxsusluğunu və
XIII-XIV əsrlərə aid olduğunu iddia edirdilər. Araz və
Həkəri çayları
hövzəsindəki memarlıq
abidələrindən bəhs
edən memarlar bunlardan heç birinin üzərində kitabə olmadığına
görə türbələrin
kimin üçün
tikildiyini aydınlaşdıra
bilmədikləri üçün
təəssüflənmişdilər.
Lakin onların üzərindəki
yazılara əsasən
Məşədixanım müəllimə
müəyyənləşdirmişdir ki, Zəngilanın Məmmədbəyli kəndindəki
türbədə böyük
alim Yəhya bəy Hacı Məhəmməd dəfn
olunmuşdur. Yazıda
türbənin tikilmə
tarixi h.704/1305-ci il və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı var.
Beləliklə, Məşədixanım Nemət XIII-XIV əsrlərdə
yaşamış, fəaliyyət
göstərmiş, Avropanın
qapısı olan Anadolunu Çin ilə birləşdirən,
Araz boyu Azərbaycandan keçən
qədim karvan-ticarət
(İpək) yolu üzərindəki Füzuli,
Zəngilan, Cəbrayıl,
Zəngəzur (Səlim
keçidi), Ələyaz,
Dərələyəzdə yerləşən memarlıq
abidələrinin memarı
Əli Məcdəddinin
adını memarlıq
tarixinə yazmışdır.
M.Nemət sənətşünaslıq tarixində
məlum olmayan bədii daşyonma sənəti məktəblərini,
onun əsasını
qoymuş ustaları, onların davamçılarının,
fəaliyyətlərinin xronoloji
çərçivəsini və əsərlərinin
yayıldığı sahələri
müəyyənləşdirmişdir. O, XII-XX əsrlərin
əvvəllərinə kimi
memarlıq və sənətşünaslıq tarixində
məlum olan inşaatçı
usta, memar, xəttat, həkkakların
siyahısına Bakı-Abşeron
üzrə 105, Şəki-Zaqatala
bölgəsi üzrə
məlum olan 8 nəfərin siyahısına
137 nəfərin adını
əlavə etmişdir.
Qalan bölgələrdə də
bu kimi əlavələr
var.
Məşədixanımın epiqrafika sahəsində kəşfləri bizə
torpaq iddiasında olan bədnam qonşularımıza da tutarlı cavabdır. Buna sübut Zəngəzurun Urud kəndindəki 1961-ci
ildə üzə çıxardığı XIV-XVII əsrlərə aid qoç
heykəlli və sənduqə formalı məzar daşlarıdır.
İki abidə üzərində
yazılmış "Avladi
ağvan" - alban övladları sözləri
Zəngəzurda yaşamış
alban tayfalarının
türkləşməsini və
islamı qəbul eməsini təsdiq edir.
Abidələr üzərindəki qədim
türk tayfalarına məxsus onqonların (tanrıların) - maral üzərində oturdulmuş
ov quşları, Tibet
yak öküzləri, şaman
təsvirləri onların
hələ islamı qəbul etməzdən çox-çox əvvəl
türkləşməsini göstərir. Onlar islamı
qəbul etdikdən sonra bir müddət
qədim inanclarını
saxlamış, sonra isə bu, onların
təsviri sənətinə
keçmişdir.
Məşədixanımın Urud kəşflərinə
qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud
idi ki, xristian
olan alban tayfaları xilafətin Qafqazın istilası zamanı islamı qəbul etməsinlər deyə qriqoryan xaçını qəbul
edib erməniləşdilər,
gürcü xaçını
qəbul edib gürcüləşdilər. Urud abidələri
bir daha indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını
alt-üst etdi və sübut olundu ki, türklər
Qafqazın aborigenləridirlər.
Məşədixanım Zəngəzur, Laçın, Kəlbəcər,
habelə Armazisxevidə
(Gürcüstan), Qobustan
tərəfdəki Qarabağ
və digər qəbiristanlıqlarda aşkar
etdiyi XIV-XIX əsrlərə
aid at, qoç heykəlli
və başdaşı
formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların
təsvirləri əsasında
Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın
tarixi ərazisini müəyyənləşdirmişdir.
M.Nemət XIII-XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə
yazılmış kitabələrə
əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamalarını,
türkləşmələrini və Azərbaycan xalqının təşəkkülündə
iştirak etmələrini
sübut etmişdir.
Gürcü tədqiqatçıları İlisu
sultanlarının gürcü
İlisen mauravlarının
davamçıları, avarlar
isə onların avar olduqlarını sübut etməyə çalışırlar. Məşədixanım
Nemət İlisu Came məscidinin kitabəsində
onların ərəb
sərkərdəsi Əbu
Məbran nəslindən,
İlisu sultanlarının
məzar daşlarında
olan kitabələrə
əsasən onların
Əlibəy Şami (Suriya) övladları olmalarını
sübut etmişdir.
Ərəb sərkərdəsi Əbu
Müslüm xilafətin
Qafqazı istilasından
sonra Suriyadan qohumlarını Qafqaza köçürüb hərəsini
bir əyalətə
hakim təyin etmişdi. Sonra isə
Azərbaycan ərazisinə
köçürülmüş ərəblər türkləşdilər.
Azərbaycanda ərəblərlə əlaqədar kənd adları indiyə kimi mövcuddur.
Məşədixanım Azərbaycan ərazisində
apardığı 60 illik
tədqiqatlarını yekunlaşdıraraq
"Azərbaycanın epiqrafik
abidələri" toplusunu
VI cilddə (I cild Bakı-Abşeronun ərəb-fars-türkdilli
kitabələri (XI-XX əsrlərin
əvvəli), Bakı,
1991; II cild Şəki-Zaqatala
bölgəsinin ərəb-fars-türkdilli
kitabələri (XIV-XX əsrlərin
əvvəli), Bakı,
2001; III cild Naxçıvan
Muxtar Respublikasının
ərazisindəki ərəb-fars-türkdilli
kitabələr (XII-XX əsrlərin
əvvəli), Bakı,
2001; IV cild. Quba-Xaçmaz Cənubi Dağıstanın
ərəb-fars-türkdilli kitabələri (VIII-XX əsrlərin
əvvəlləri), Bakı,
"Nurlan", 2008; VI cild.
Şirvan, Gəncə,
Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl,
Laçın, Kəlbəcər
və başqa rayonların ərəb-fars-türkdilli
kitabələri (XI-XX əsrlərin
əvvəlləri), Bakı,
2011; VI cild. Mis qablar, silahlar,
bayraqlar üzərindəki
ərəb-fars dilində
olan kitabələr
(XVII-XIX əsrlər), Bakı,
2011) nəşr etdirmişdir.
Toplunun V cildi bütün işğal altında olan ərazilərin epiqrafik abidələridir. Ermənilərin işğalı zamanı orada yerləşən bütün
maddi-mədəniyyət abidələri
də təcavüzə
məruz qalıb.
Toplunun V
cildi bu torpaqların bizə vətəndaşlıq hüququ
verən pasportumuzdur, desək yanılmarıq.
M.Nemətin hazırladığı kadrlar
epiqrafik abidələrin
tədqiqi - kitabələrin
aşkar edilməsi, estampı, fotosu, oxunması, tərcüməsi
ilə yanaşı, problemlərin tədqiqi ilə də məşğuldurlar.
Məşədixanım Nemətin elmi fəaliyyəti respublikamızdan kənarlarda da dəyərləndirilib. 1991-ci ildə Tehranda təşkil olunmuş kitab sərgisində görkəmli alim kitabları ilə iştirak etmişdir.
2011-ci ildə Türkiyədə, Karsda keçirilmiş "Qazı Kars şehrengizi" simpoziumunda Məşədixanım Nemət türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.
Məhəmməd peyğəmbər (s) demişdir: "Alimlər mənim varislərimdir. Qiyamət günündə alimin bir damla mürəkkəbi şəhidin tökdüyü qandan ağır gələcəkdir". Məşədixanım müəllimə ömrünü çıraq edib xalqının yolunda yandıran elm fədaisidir.
Görkəmli alim bu gün də yorulmadan çalışır. Bakıdakı Xalça Muzeyinə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, rayonlarımızdakı tarix-diyarşünaslıq muzeylərinə, ona müraciət edən hər bir kəsə öz dəyərli məsləhətləri ilə yaxından kömək göstərir.
Vəfa QULİYEVA,
tarix elmləri doktoru
Azərbaycan.-2013.- 19 dekabr.- S.6.