Bakıdan Şəkiyədək...

 

İtaliyanın Florensiya şəhərində Azərbaycana həsr olunmuş "Bakıdan Şəkiyədək Qafqaz sərvətləri" kitabının təqdimat mərasmi keçirilib. Tədbir "Club İnternational des Grandes Voyageurs" klubu "Resorts Magazine" jurnalı tərəfindən təşkil edilmişdi.

Klubun İtaliya üzrə vitse-prezidenti Ovidio Gualatanın və jurnalist Elza Bozzaortanın həmmüəllifləri olduğu kitabda Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim və zəngin mədəni irsə malik Azərbaycandan bəhs edilir. Nəşrdə Bakının və Şəkinin tarixi abidələri, görməli yerləri, eləcə də paytaxtımızda yeni inşa olunan müasir memarlıq nümunələri ilə bağlı məlumat verilir. Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abışova çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq bildirib ki, "Bakıdan Şəkiyədək Qafqaz sərvətləri" kitabı bu münasibətlərin inkişafına yeni töhfə verəcək. Belə ki, italiyalı oxucular bu kitab vasitəsilə ölkəmizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.7.