Caz ustadı yad edildi

 

Bakı Caz Mərkəzində Azərbaycanın görkəmli caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadə ilə bağlı xatirə gecəsi keçirildi. Mərkəzin səhnəsi yeni dövrün tanınmış cazmenlərinin maraqlı çıxışları ilə tamaşaçılara bir coşqunluq bəxş etdi.

Musiqiçilər Vaqif Mustafazadənin əsərlərini ifa edərək təkrarsız sənətkarın yoxluğunubu yoxluğun getdikcə daha çox hiss olunduğunu bir daha xatırlatdılar. Salman Qəmbərov (piano), Mircavad Cəfərov (ud), Elbəy Məmmədzadə (piano), Elçin Şirinov (piano), Ruslan Hüseynov (bas gitara), Tofiq Cəfərov (perkusiya), Rauf Sultanov (kontrabas) və Diana Hacıyevanın (vokal) təqdim etdiyi ifalar alqışlarla qarşılanıb.

Vaqif Mustafazadənin anım günü ilə əlaqədar bəstəkarın Bakıdakı ev-muzeyində də tədbir keçirilib. Həmin tarixdə muzeydə ənənəvi olaraq "Açıq qapı" günü elan edilmişdir. Muzeyə gələn musiqisevərlər Vaqif Mustafazadənin yaradıcılığı, caz sənətinin inkişafındakı rolu barədə ətraflı məlumatlar aldılar. Bu anım mərasimində də bəstəkarın əsərləri ifa olundu. İfaçılar milli cazın banisi adlandırılan Vaqif Mustafazadənin musiqilərini özlərinə məxsus həvəs və coşqu ilə cazsevərlərə təqdim etdilər. 

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.7.