Azərbaycan Prezidenti İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin
açılışında və 2013-cü ilin
idman yekunlarına həsr olunan
mərasimdə iştirak etmişdir
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olmuşlar.
Dövlət başçısı və xanımı "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişlər.
"Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişdir. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. O vaxtdan etibarən görülən işlər nəticəsində "Şahdağ" qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, körpülər tikilmiş, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan "Şahdağ" qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir.
2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmiş və bu istiqamətdə bir çox tədbirlər görülmüşdür. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin göstəricisidir. Bu çərçivədə "Şahdağ" qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.
Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ" qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılmışdır. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak etmişdir. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olmuş, bir neçə obyektin və otelin açılışında iştirak etmişdir. Artıq ötən qış mövsümündə kompleks ilk turistləri qəbul etməyə başlamışdır.
Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.
Dövlət başçısı və xanımı əvvəlcə beşulduzlu "Pik Palas" otelinin açılışında iştirak etdilər.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Paytaxtdan 230 kilometr şimalda, "Şahdağ" qış-yay turizm kompleksində yerləşən "Pik Palas" oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.
Dövlət başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Otel yeni qurulan "PAŞA Hotels and Resorts" şirkəti tərəfindən
idarə olunur. "Pik
Palas" oteli geniş çarpayılar,
rahat qonaq və iş guşələri, döşəmədən
tavana qədər uzanan pəncərələr
və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara
təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunmuşdur.
Oteldəki restoranlar, barlar
və istirahət guşələri dağlarda
zövqlə nahar etmək üçün
nadir vəhdət yaradır.
Mehmanxananın lobbisində yerləşən
"Chocolat Patisserie" cah-calallıq
və rahatlıq aurası yaradır. Burada şokolad
trüfeli hazırlanan
guşə mövcuddur.
"Alpina Brasserie & Wine
Bar" gün ərzində
nahar etmək üçün nadir inqrediyentlər
və orijinal yeməklər təqdim edir. "Fujisan Restaurant
& Bar" Yaponiya və
Koreya yeməklərinin
nadir vəhdətini təcəssüm
etdirən mətbəxi
ilə fərqli təcrübə təklif
edir. Xüsusi bayramlar və ya özəl nahar görüşləri
üçün bu restoran ideal məkandır.
Fitnes xidmətlərinə idman
zalı, saunalar və buxar otağı,
qapalı üzgüçülük
hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük
hovuzu daxildir. Dəbdəbəli SPA məkanında çalışan təcrübəli
terapevtlər müxtəlif
aromaterapiya, masajlar və SPA prosedurları, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. Sütunsuz, hündür tavanlı,
təbii gün işığı ilə
işıqlanan "Akasiya"
ziyafət zalında ayaqüstü tədbirlər
üçün 600-ə qədər,
banket üslubunda 350-dək
qonağı yerləşdirmək
mümkündür.
Sonra Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu "Şahdağ"
otelinin açılış
mərasimində iştirak
etdilər.
Azərbaycan Prezidenti otelin rəmzi açılışını
bildirən lenti kəsdi.
Dövlət başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə
2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdilər.
Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü, Miniatür
Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar
incəsənət xadimi
Zərifə Salahova Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim
etdi, onlara fəaliyyətlərində uğurlar
arzuladı.
* * *
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdag" otelində yaradılan şəraitlə
tanış oldular.
Məlumat verildi ki, bu
otel yüksək səviyyəli dəbdəbəni,
qonaqpərvərliyin ən
üst səviyyəsini
əməkdaşlarının səmimiyyəti ilə qonaqlarına təqdim edən gözəl istirahət məkanıdır. Burada təklif
olunan müasir interyer və yüksək xidmətlər,
xoş əhval yaradan otaqlar qonaqlara unudulmaz təəssürat bağışlayacaqdır.
Prezident
İlham Əliyevin diqqətinə çatdırıldı
ki, 173 otağın olduğu otel nömrələri 5 kateqoriyaya
bölünür - superior, deluxe, junior
suite, suite və yüksək
səviyyəli qonaqlar
üçün nəzərdə
tutulan nömrələr.
Otaqlarda qonaqların rahatlığı
üçün hər
cür şərait yaradılmış, termostatik
duş, kabel televiziyası, havalandırma
sistemi quraşdırılmış,
internet və digər
xidmətlər təklif
olunur. Oteldə fəaliyyət göstərən
restoranlar şəbəkəsində
milli və dünya mətbəxinin ləziz nümunələri
təqdim edilir.
Bar və kafelərdə
də yüksək xidmətin göstərilməsi
üçün hər
cür şərait yaradılmışdır. "Ovdan SPA" və "SPA
Bar" Azərbaycanda olan
ən böyük SPA
mərkəzlərindən biridir. Bundan əlavə, oteldə
bir qapalı hovuz, zəruri avadanlıqla təchiz olunan idman zalı,
uşaq bağçası,
xizək avadanlığının
satıldığı alış-veriş
mərkəzi fəaliyyət
göstərir. Buradakı üç
iclas və konfrans zallarında müxtəlif tədbirlərin
keçirilməsi üçün
hər cür şərait yaradılmış,
ən son səs avadanlığı quraşdırılmışdır.
"Şahdağ" qış-yay
turizm kurortu qonaqlara il
boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada möhtəşəm
təbiət gözəlliyinin
mərkəzində, dağ
havasının təravətində
müxtəlif əyləncə
növlərinin əhatəsində
olmaq şansı vardır. Burada müxtəlif səviyyəli
idmançılar və
həvəskarlar üçün
19-dan çox xizəklə
sürüşmə yamacları
planlaşdırılmışdır.
Buradakı xizəksürmə məktəbi müxtəlif
kurslar təklif edir. Kompleksdə hər yaş
kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri
də təklif ediləcəkdir. Bölgəni yenidən kəşf etmək istəyənlər,
macəra axtarışında
olanlar üçün
raftinq, paraşütlə
tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və
başqa idman əyləncələri də
gələcəkdə qonaqların
istifadəsinə təqdim
olunacaqdır. Bundan əlavə,
böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılmışdır.
* * *
Dövlət başçısı və xanımı "Şahdağ" qış-yay
turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu
oteldə aparılan tikinti-quraşdırma işləri
ilə də tanış oldular.
Xüsusi memarlıq üslubunda inşa olunmuş binada aparılan tikinti-quraşdırma işləri
zamanı ilk növbədə
qonaqların istirahətinin
və rahatlığının
təmin edilməsi diqqət mərkəzində
saxlanılmışdır. Ümumi sahəsi
22 min kvadratmetrdən çox
olan oteldə 164 nömrə yaradılacaqdır.
Onlardan
149-u standart, 13-ü suit, 2-si isə dupleks suit nömrədir. Burada müxtəlif
restoran, kafe və barlar fəaliyyət göstərəcəkdir.
Oteldəki 112, 65, 52 və
45 nəfərlik restoran
və kafelərdə
qonaqlara keyfiyyətli xidmət göstərilməsi
üçün hər
cür şərait yaradılacaqdır. Burada 130 nəfərlik
konfrans zalı da qurulur. Otelə biznes mərkəzi, müxtəlif trenajorların
quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə
birləşdirən SPA, hovuz
və digər xidmət obyektləri daxildir. Binanın altında 77 yerlik
avtomobil dayanacağı
da inşa olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.-
20 dekabr.- S.1.