Azərbaycan Prezidenti
İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin
açılışında və 2013-cü ilin idman
yekunlarına həsr olunan mərasimdə iştirak
etmişdir
Prezident İlham Əliyevin nitqi
- Əziz dostlar, hörmətli xanımlar və cənablar.
Biz hər ilin sonunda idmançılarla görüşürük, ilin idman yekunlarını müzakirə edirik. Əslində, mənim ildə bir neçə dəfə idmançılarla görüşlərim olur. Ancaq bu, ilin sonunda bir ənənədir. Hər il bu görüşlər Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə biz bu görüşü Şahdağda keçiririk. Hesab edirəm ki, bu da bir ənənə olacaqdır. Çünki Şahdağ bu gün Azərbaycanın turizm və idman mərkəzinə çevrilmişdir.
Bu gün, eyni zamanda, "Şahdağ" və "Pik Palas" otellərinin açılışı günüdür. Bu gün Azərbaycanda, Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılır. Bu münasibətlə də sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm.
Buraya gələrkən mən ilk dəfə bu dağlarda olduğumu yada saldım. Yadımdadır ki, biz Azərbaycanda dağ turizmini inkişaf etdirmək istəyəndə yerin seçilməsi ilə məşğul idik. Xarici mütəxəssisləri dəvət etdik. İlk dəfə burada olarkən mən heç təsəvvür edə bilməzdim ki, Şahdağ qısa müddət ərzində beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, bizim konkret planlarımız var idi. Çox məhdud vaxt müddəti də qoyulmuşdu. Ancaq deyə bilərəm ki, biz bu dərəcədə inkişaf etmiş və dünyanın ən yüksək səviyyəsinə çatan kurortun yaradılmasını arzulayırdıq, amma bəlkə də təsəvvür edə bilmirdik. Çünki burada heç nə yox idi. Dağlar idi, qar idi. Heç yaşayış yeri də yox idi. Bu yerdə biz ilk növbədə infrastruktur layihələrinin icrasına başlamışdıq. Yollar, elektrik, qaz, su xətləri çəkildi, bütün digər infrastruktur layihələri icra edildi. Qaldırıcılar tikilməyə başlandı. Birinci otelin tikintisi ilə bağlı konkret qərar verildi. Bu otelin tikintisi təsdiqləndi və tikinti başlandı. Ondan sonra mən hesab etdim ki, Şahdağ bir çox turistləri cəlb edəcəkdir. Belə olan halda burada bir otelin tikintisi yəqin ki, tələbatımızı ödəyə bilməyəcəkdi. Ondan sonra digər otellərin tikintisi ilə bağlı məsələlər qalxdı. Şadam ki, artıq bu meydanda üç otelin tikintisi başa çatır. İki otel bu gün açılır, üçüncü otel isə yəqin ki, bir neçə aydan sonra açılacaqdır.
Bu ilin əvvəlindən artıq turistlər
buraya gəlməyə başlamışlar. Baxmayaraq ki, burada qalmağa
da yer yox idi. Aşağıda kiçik bir "Zirvə"
oteli fəaliyyət göstərir. Ancaq şənbə,
bazar günlərində buraya Bakıdan, digər yerlərdən,
Qusar rayonundan minlərlə insan gəlmiş, istirahət
etmiş, xizək idman növü ilə tanış
olmuşdur.
Beləliklə, artıq bir ildir ki, bu kurort
yaşayır.
Bu iki otelin açılması, əlbəttə
ki, bu kurortun inkişafına yeni təkan verəcəkdir.
Əminəm ki, bundan sonra da Azərbaycan və xarici iş
adamları, investorlar burada yeni otellərin tikintisi ilə
bağlı təkliflərini verəcəklər. Ümid edirəm ki, gələcəkdə burada bir
çox otellər tikiləcəkdir. Beləliklə, biz
Azərbaycanda ilk dəfə olaraq dağ xizəyi kurortunun
yaradılmasına nail ola bilmişik.
"Şahdağ" kurortunun yaradılması əlbəttə
ki, Azərbaycanda turizmin inkişafına xidmət göstərir. Eyni zamanda,
ölkəmizin imkanlarını göstərir.
Çünki bir halda ki, biz bir neçə il
ərzində dünya səviyyəli kurortu yarada bilmişiksə,
deməli, bütün başqa sahələrdə də
böyük işlər görməyə qadirik. Əslində, bugünkü Azərbaycan
reallıqları bunu təsdiqləyir. Biz
strateji xəttimizə sadiqik, hədəflər düzgün
seçilir, qərarlar, konkret tapşırıqlar verilir, icra
müddəti müəyyən edilir və məsələlər
öz həllini tapır.
Sovet dövründə Azərbaycanda heç vaxt dağ
kurortları olmamışdır. Baxmayaraq ki, qonşu
bölgələrdə olmuşdur. Ona
görə qərar verildi ki, Azərbaycanda da olsun və Azərbaycanda
bu kurort ən yüksək standartlara cavab verməlidir. İnfrastruktur, otellər, qaldırıcılar,
sürüşmə zolaqları və əlbəttə ki,
insanların rahatlığı üçün burada
çox böyük işlər görülmüşdür.
Deyə bilərəm ki, dünya miqyasında, Avropada
dağ xizəyi kurortları arasında Şahdağ artıq
öz layiqli yerini tutub. Daxili turizm çox sürətlə
inkişaf edir. Ancaq biz
çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan
istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin
sayı ildən-ilə artır. Əminəm
ki, qış kurortlarına da xarici qonaqlar gələcəklər.
Eyni zamanda, deyə bilərəm ki, bu layihə
Qəbələ rayonunda da dağ xizəyi kurortunun
yaradılmasına təkan vermişdir. Orada
da artıq kurort hazırdır və xizək idman
növündən istifadə etmək mümkün
olacaqdır.
Azərbaycanın sürətli inkişafı
bütün sahələri əhatə edir. Bu layihə
deyə bilərəm ki, ölkəmizin turizm sektoruna qoyulan ən
böyük sərmayədir. Bizim ən
böyük dövlət sərmayəmiz Qusar rayonunun turizm potensialına
qoyulubdur və qoyulacaqdır. Bu, eyni
zamanda, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı
deməkdir. Bu kurortun fəaliyyətə başlaması
yüzlərlə, gələcəkdə isə minlərlə
yeni iş yerinin açılmasına gətirib
çıxaracaqdır. Burada fəaliyyət
göstərən qurumlardan tələbim və xahişim
ondan ibarətdir ki, yerli insanları bu işlərə daha
çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda
yaşayan vətəndaşlar işlə təmin olunsunlar.
Yəni bu kurortun yaradılması bir neçə
məqsədi güdür. Bu, bizə
qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi
dünyada daha da dolğun şəkildə tanıtmaq
imkanlarını yaradır. Bu, Azərbaycan
vətəndaşları üçün çox gözəl
şərait yaradır. Çünki mən bilirəm ki, xizək idman
növü Azərbaycanda populyarlaşır və vətəndaşlarımız
xarici ölkələrə üz tuturlar. Artıq
Azərbaycanda dünyanın ən yüksək
standartlarına cavab verən gözəl bir yer vardır.
Eyni zamanda, bu gün biz idmançıların
uğurlarını qeyd edirik. 2013-cü il Azərbaycan
idmanı üçün uğurlu il olmuşdur. 2012-ci ildə Olimpiya Oyunlarında
qazanılmış qələbələr 2013-cü ildə
davam etmişdir. Azərbaycan
idmançıları Tələbələrin Yay
Universiadasında böyük uğurlara imza atmışlar -
komanda hesabında 15-ci yerə layiq görülmüşlər,
16 medal qazanmışlar. Ümumiyyətlə,
ölkə idmançıları 780-dən çox medal
qazanmışlar ki, onlardan 280-ni qızıl medaldır.
Eyni zamanda, Olimpiya idman növləri üzrə
dörd dünya çempionumuz olmuşdur. Bu da çox böyük göstəricidir.
Azərbaycan idman dövlətidir. Bunu artıq
dünya idman aləmi etiraf edir, qəbul edir. Əlbəttə ki, idmanın dayanıqlı inkişafı
üçün çox böyük işlər
görülür. Azərbaycanda mütəmadi
qaydada beynəlxalq yarışlar, dünya, Avropa
çempionatları keçirilir. Yeniyetmələr,
gənclər idmana böyük maraq göstərirlər.
İndi idmanla məşğul olmaq
üçün bizim gözəl imkanlarımız vardır.
Qırx regional olimpiya mərkəzi fəaliyyət
göstərir. Bölgələrdə beş
mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi
nəzərdə tutulur. Beləliklə,
bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə
çatacaqdır. Bakıda böyük
idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu,
Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi,
Stend Atıcılığı Mərkəzi tikilir. Yəni bunlar böyük infrastruktur layihələridir,
Azərbaycanda istənilən beynəlxalq yarışın
keçirilməsi üçün imkan yaradan infrastrukturdur.
Əlbəttə ki, 2014-cü ildə biz birinci Avropa
Oyunlarına hazırlıqla bağlı daha da böyük
addımlar atacağıq. Çünki gələn il oyunlara hazırlıq üçün həlledici
il olacaqdır. Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi dövlətimizin, xalqımızın
böyük qələbəsidir. Bu, tarixdə
qalacaqdır. Biz elə etməliyik ki, bu
oyunlar ən yüksək səviyyədə keçirilsin.
Bu günə qədər Avropa Oyunları keçirilməmişdir. Avropa Oyunlarının tarixi
yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranmışdır və
Avropada bərpa edilmişdir. Ona görə
Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini
biz müəyyən edəcəyik. Bizim
standartlar artıq oyunlar başa çatandan sonra Avropa
Oyunlarının standartları kimi qəbul ediləcəkdir.
Biz isə istəyirik ki, bu oyunları ən
yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində
keçirək və buna imkan vardır. O vaxta qədər
bizim idman obyektlərimiz tam hazır olacaqdır. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər
Əliyev İdman Mərkəzində əsaslı təmir
işləri aparılır. Bakıda
artıq ona yaxın beşulduzlu otel fəaliyyət göstərir. Dünyanın
bütün aparıcı otel şirkətləri Azərbaycandadır.
Yol infrastrukturu yeniləşir, təhlükəsizlik tədbirləri
yüksək səviyyədə təmin edilir. Əminəm
ki, Azərbaycanda bütün texniki məsələlər
yüksək səviyyədə həll olunacaqdır. Çünki biz artıq dünya və Avropa
çempionatlarının keçirilməsində
böyük təcrübə toplamışıq.
Bir sözlə, əminəm ki, Avropa Oyunları
Avropanın, dünyanın diqqətini çəkən
oyunlar olacaqdır. Ona görə biz
çalışmalıyıq ki, bu oyunları ən yüksək
səviyyədə keçirək. Əminəm
ki, biz buna nail olacağıq. Təşkilat
Komitəsi yaranmışdır. Təşkilat
Komitəsi fəal işləyir. Biz
tanınmış idmançılarımızı da bu
işlərə cəlb etməliyik ki, onlar da,
könüllülər də fəal iştirak etsinlər.
Bir sözlə, gələn il bu oyunlara
hazırlıq üçün həlledici il olacaqdır.
Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda
İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm
Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.
Əminəm ki, bu oyunlar həm Avropanı, həm
İslam aləmini bir-birinə daha da yaxın edəcəkdir. Biz bu məsuliyyəti
öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları,
sivilizasiyaları birləşdirən ölkələrdən
biri də Azərbaycandır. Ölkəmizdə
mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət,
dözümlülük, mehribanlıq bu gün artıq
dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd
edilir. Çoxsaylı forumlar, humanitar
forumlar, iqtisadi, siyasi tədbirlər keçirilir.
İki gün bundan əvvəl Azərbaycanda tarixi hadisə
baş vermişdir. "Şahdəniz-2" layihəsinə start
verilmişdir. Bu layihə XXI əsrin layihəsidir,
Azərbaycanın böyük tarixi uğurudur. Xalqımızın rifahı, ölkəmizin
inkişafı üçün bu layihənin müstəsna
rolu olacaqdır. Bütün bu
uğurları biz öz zəhmətimiz hesabına əldə
etmişik.
Azərbaycanın enerji siyasəti birmənalıdır,
düşünülmüş siyasətdir. İki gün
bundan əvvəl Avropanın bir çox ölkələrindən
dövlət, hökumət başçılarının
iştirakı ilə keçirilən tədbir bir daha ölkəmizin
önəmini ortaya qoyur.
Azərbaycan etibarlı tərəfdaşdır, layiqli
dövlətdir, güclü dövlətdir, iqtisadiyyatı
güclüdür, güclü siyasət aparır, idmanı
güclüdür, infrastrukturu yeniləşir. Ən önəmlisi Azərbaycanda
yaşayan hər bir xalqın nümayəndəsi
özünü rahat hiss edir. Azərbaycan bizim
hamımızın Vətənidir, hamımızın evidir.
Elə etməliyik ki, bundan sonra da ölkəmizin
uğurlu inkişafı təmin edilsin.
İdman isə hər bir ölkənin ümumi inkişaf potensialını göstərir. Əgər idman sahəsində aparıcı ölkələrə nəzər salsaq görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə idman da güclü olur.
Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir. Gələcəkdə inkişaf etmiş ölkəyə çevriləcəkdir. İdman isə bizim gücümüzü göstərir. İdmançılar ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı göylərə qaldırırlar. Onların qələbələri hər birimizin qəlbində gözəl əks-səda verir. 2013-cü il də bu sahədə uğurlu il olmuşdur. Biz hər ilin sonunda idmançıları mükafatlandırırıq, onlara mənzillər verilir. Bu da gözəl ənənəyə çevrilibdir. Bu ənənə bu gün də davam etdiriləcəkdir.
Mən
bütün idmançıları, turizm sahəsinin bu gün
bu salonda əyləşən işçilərini və
bütün Azərbaycan xalqını qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə ürəkdən
təbrik edirəm. Hər birinizə cansağlığı,
xoşbəxtlik arzulayıram. Sağ olun!
Azərbaycan.-2013.- 20 dekabr.- S.1-3.