Azərbaycan Prezidenti İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir

 

 

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev Azərbaycan idmanının intibahının ümummilli lider Heydər Əliyevin idmana qayğını öz üzərinə götürdükdən sonra başlandığını əsaslandırdı. İdmana o dövrdən başlanan diqqət və qayğının bu gün ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə əsaslı zəmin yaratdığını bildirən Ağacan ƏBİYEV dedi:

- Müstəqil Azərbaycanın bədən tərbiyəsi və idmanının intibah dövrü məhz 1994-cü ildən başlayır. Həmin ilin mart ayında ulu öndərimiz Bakı İdman Oyunları Sarayında bütün idmançıları görüşə dəvət etmişdi. Ulu öndər oradakı çıxışında həm gəncləri, həm yeniyetmələri, həm də veteranları təbrik etdi, mükafatlar verildi. Orada qeyd etdi ki, əziz idmançılar, bu gündən sonra idmana qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını siz həmişə hiss edəcəksiniz.

Bəli, biz bu qayğını, doğrudan da, hiss edirik. Elə bax bizim bugünkü görüşümüz həmin qayğının təzahürüdür. Möhtərəm Prezident, bu qayğını bizə, bütün idmançılara Siz göstərirsiniz. Məhz Prezident tərəfindən idmançılarımıza göstərilən bu qayğının nəticəsidir ki, medalların sayı artıq yüzlərlədir. Hesab edirəm ki, doğrudan da idman sahəsində qazanılan uğurlar, medallar, qələbələr Azərbaycanın çox inkişaf etdiyindən xəbər verir.

Möhtərəm Prezident, mən bütün idmançılar adından Sizə minnətdarlığımızı bildirir, bizə göstərdiyiniz qayğıya görə "Çox sağ olun" deyirəm.

 

Azərbaycan.-2013.- 20 dekabr.- S.3.