Azərbaycan Dillər Universitetində
doktorantların
və gənc tədqiqatçıların
konfransı işə başlamışdır
Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı işə başlamışdır.
ADU-dan bildirmişlər ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın açılışında təhsil nazirinin müavini Ceyhun Bayramov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş, konfransın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, konfransın əsas məqsədi doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdikləri nəticələri müzakirə etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Azərbaycanda gənclərin elm və təhsilə yiyələnməsində geniş imkanlar mövcuddur.
Elm və təhsilə dövlət qayğısından danışan C.Bayramov qeyd etmişdir ki, yüksək ixtisaslı kadrların yetişməsi Azərbaycan elminin əsas məqsədlərindəndir.
Nazir müavini Prezident İlham Əliyevin elm və təhsilin inkişaf etdirilməsi istiqamətində bir sıra sərəncamlar imzaladığını diqqətə çatdırmışdır. O, Təhsil Strategiyasının qəbulunun da təhsilin səviyyəsinin daha da yüksəlməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Azərbaycanda 400-ə yaxın elmi jurnalın nəşr olunduğunu nəzərə çatdıran C.Bayramov gənc alimlərin əsərlərinin bir sıra beynəlxalq səviyyəli elmi jurnallarda dərc edildiyini də söyləmişdir. O, həmçinin ölkəmizdə təhsilin doktorantura pilləsində bir sıra mütərəqqi islahatların aparıldığını və bunun da Avropa təhsil məkanına inteqrasiyaya xidmət etdiyini qeyd etmişdir.
ADU-nun rektoru, Milli Məclisin deputatı professor Səməd Seyidov çıxışında Azərbaycanda elmə yüksək qiymət verildiyini bildirmiş və qeyd etmişdir ki, elmə həvəs və maraq çox böyükdür.
Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən söz açan rektor ADU-da 20-yə yaxın əcnəbi dilin tədris olunduğunu və universitetdə 6 min tələbənin təhsil aldığını diqqətə çatdırmışdır.
Universitetin beynəlxalq əlaqələrindən söz açan S.Seyidov Avropanın aparıcı ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq edildiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, ADU son 4 ildə Avropa Birliyinin Tempus proqramı çərçivəsində iki layihənin qalibi olmuş və 2 milyon 600 min avronu Azərbaycana gətirmişdir. Bu layihələr çərçivəsində Lənkəran və Gəncə dövlət universitetlərinin və digər ali təhsil müəssisələrinin 450-yə yaxın əməkdaşı Avropanın aparıcı ali təhsil müəssisələrində təcrübə keçirlər.
BDU-nun rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru professor Havar Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlı Azərbaycanda elmə və təhsilə göstərilən dövlət qayğısından söz açmış və konfransın yüksək səviyyədə təşkilinə görə ADU-nun rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
ADU-nun və BDU-nun doktorantları Nərminə Zərgərova və Ramin Əlizadə "Akademik yazının tədrisinə innovativ yanaşma", "Müstəqil Azərbaycanda elmin və təhsilin renessans dövrü" mövzularında məruzələrlə çıxış etmişlər.
Sonra ADU-nun elmi işlər üzrə prorektoru professor Dünyamin Yunusov konfransın gedişi və strukturu haqqında məlumat vermişdir.
Bildirilmişdir
ki, iki gün davam edəcək konfransa 28 ali məktəbdən
425 məruzə daxil olmuşdur. Doktorant
və gənc tədqiqatçılar "Riyaziyyat",
"Fizika", "Kimya,
kimya-texnologiya", "Biologiya
və kənd təsərrüfatı" və digər
bölmələrdə məruzələrlə
çıxış edəcək, fikir
mübadiləsi aparılacaqdır.
Azərbaycan.-2013.- 20 dekabr.- S.11.