Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin vitse-prezidenti seçilmişdir

 

Dekabrın 18-də Parisdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin səkkizinci sessiyası öz işinə başlamışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, sessiyanın əvvəlində komitənin bürosuna yeni üzvlər seçilmişdir. Büroya komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, KambocaMali, məruzəçi qismində isə Salvador seçilmişlər.

Azərbaycan artıq iki ildir ki, büroya üzv seçilir. Bu da ölkəmizin komitədə fəallığından və əldə etdiyi nüfuzdan xəbər verir. Azərbaycanın yenidən büroya üzv seçilməsi komitənin 2014-cü ildə keçiriləcək sessiyasının gündəliyinin müəyyən olunması, milli maraqlarımızın qurumun sənədlərində nəzərə alınması və ən önəmlisi, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin ölkəmizin təşəbbüsü əsasında davamlı olaraq komitədə müzakirəsinə imkan yaradacaqdır.

 

 

Azərbaycan.-2013.- 20 dekabr.- S.11.