Böyük reallıqlar və yeni çağırışlar

 

Müstəqil siyasətin böyük töfhəsi

 

Azərbaycanın çoxəsrlik tarixində ən məsuliyyətli və şərəfli hadisə olan dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsi uğrunda aparılan mübarizə ölkəmizdə baş verən reallıqlarla, davamlı yüksəliş prosesləri ilə daha da möhkəmləndirilir. Əslində respublikamızda hər gün müstəqillik dövrü salnaməsinə yeni tarixi səhifələr əlavə olunur. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə möhkəm təməlləri atılmış, əsas inkişaf strategiyası müəyyən olunmuş müstəqil Azərbaycan dövlətinin həyatında tarixdə qalacaq və daha böyük gələcəyə işıq sala biləcək ardıcıl addımların atılması müasir dövrün hamı tərəfindən qəbul olunan reallığıdır.

XX əsrin doxsanıncı illərinin ortalarından etibarən başlanan davamlı inkişaf prosesləri ölkəmizin böhrandan, uçurumdan xilas edilməsindən sonra yeni məcraya qədəm qoymuşdur. Böyük öndər Heydər Əliyevin əzmi, qətiyyəti, təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda baş vermiş tarixi dönüş əslində həm xilaskarlıq missiyasının böyük iradə ilə həyata keçirilməsi, həm də ölkənin işıqlı gələcəyinin məqsədyönlü şəkildə istiqamətləndirilməsi ilə səciyyələnir. Bütün bunlar çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxasının reallıqlarıdır. Böyük xilaskarlıq vəzifəsinin yerinə yetirilməsi və möhtəşəm inkişaf konsepsiyasının müəyyən edilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir.

Möhkəm dövlətçilik və davamlı inkişaf bütövlükdə geniş mənada Heydər Əliyevin xilaskarlıq fəaliyyətinin üzvi tərkib hissələridir. Məhz möhkəm dövlətçilik və davamlı inkişaf formatında aparılan siyasət Azərbaycanın tarixin və zamanın böyük sınaqlarından qalibiyyətlə çıxa bilməsinin əsasını təşkil edir. Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan bütün hadisələrin və faktların mahiyyətində həm möhtəşəm tarix, həm də böyük gələcək ideyası dayanır. Bugündən baxanda böyük dövlət xadimi Heydər Əliyevin birbaşa rəhbərliyi altında qəbul olunan və dünyada "Əsrin müqaviləsi" kimi qəbul edilmiş neft kontraktları təkcə Azərbaycanın deyil, yeni dünyanın ən böyük hadisələrindən biri səviyyəsində görünür. Məhz "Əsrin müqaviləsi" ilə Azərbaycan yeni epoxada müstəqil bir dövlət kimi real olaraq tanınmış və qəbul edilmişdir.

Fikrimizcə, "Əsrin müqaviləsi" ölkəmizin dövlət müstəqilliyi faktından sonra XX əsr Azərbaycan tarixinin ən böyük hadisəsi olmuşdur. Azərbaycan Respublikası XXI yüzilliyə görkəmli dövlət xadimi Heydər Əliyevin "Əsrin müqaviləsi"nin işığında qədəm qoymuşdur.

Hazırda Azərbaycan dövləti ölkəmizin müstəqillik dövrü tarixinin yeni inkişaf mərhələsini yaşayır. Yeni tarixi inkişaf mərhələsi olan 2003-2013-cü illər xalqımızın həyatına güclü dövlət, sürətli inkişaf və müasirləşmə mərhələsi kimi daxil olmuşdur. Bu onillik inkişafın əhatə dairəsinin genişliyinə, çoxcəhətli olmasına, böyük vüsətinə, yüksəliş tempinə, irəliyə doğru sürətli hərəkət ritminə, inteqrasiya proseslərinin tənzimlənməsinə və müasirləşmə, modernləşmə səviyyəsinə görə yeni tarixi epoxaya çevrilmişdir. Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır.

Görkəmli dövlət xadimi Heydər Əliyevdən yeni əsrin dünyada qəbul edilmiş yeni tipli böyük siyasətçisi İlham Əliyevə qədərki inkişaf müstəqillik qazanmış ölkəmizin özünütəsdiq yolu adlandırıla bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi yorulmaz, düşünülmüş, məqsədyönlü fəaliyyəti, çoxaspektli idarəçilik bacarığı, milli dəyərlərlə bəşəri amillərin ortaq balansını düzgün müəyyən etməsi və güclü müasirlik imkanları yeni epoxanın formalaşdırılmasında çox mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin milli dövlətçiliyin inkişafına məsuliyyətlə xidmət etməkdən yoğrulmuş həyatı və fəaliyyəti Azərbaycanın böyük inkişafına həsr edilmiş şərəfli və mənalı ömür yoludur, parlaq bir tərcümeyi-hala nümunədir. Tarixə, ənənəyə, milli köklərə dərin hörmət və ehtiram göstərmək mənasında da, böyük quruculuq missiyasını dönmədən həyata keçirmək və gələcəyin yollarını aydın surətdə müəyyən etmək istedadı ilə də cənab İlham Əliyev dünya ictimaiyyəti və mənsub olduğu xalq qarşısında öz ucalığını isbat etmişdir.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində İlham Əliyev ölkəni bütün istiqamətlər üzrə bacarıqla və yaradıcılıqla idarə edən, beynəlxalq aləmdə mühüm yeri və mövqeyi olan əsl dövlət xadimi kimi qəbul olunur. Prezident İlham Əliyevlə bütöv şəxsiyyət, əsl vətəndaş İlham Əliyev bir-birini mükəmməl surətdə tamamlayır. Prezident İlham Əliyevə bəslənilən ümumxalq ehtiramının əsasında dayanan siyasi-mənəvi birlik amili həm də ölkəmizin yeni nəsilləri üçün örnəkdir. 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsini qazanması dövlət başçısına bəslənilən böyük ümumxalq ehtiramının konkret və obyektiv ifadəsidir.

Prezident İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanması ilə yanaşı, dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək təkmilləşdirilir və yeniləşdirilir, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin inkişaf etdirilib möhkəmləndirilməsinə, bazar münasibətlərinə əsaslanan yeni iqtisadi siyasətin bərqərar olması proseslərinin genişləndirilməsinə ciddi fikir verilir.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Son illərdə dövlət büdcəsinin formalaşmasında aqrar sektordan və turizmdən gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə inkişafı hərtərəfli dirçəliş yollarında aparılan siyasətin müsbət nəticələrinin təzahürləridir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin illərdən bəri önə çəkdiyi zəruri sahələrdəndir. "Kosmos ölkəsi" adını Azərbaycan Respublikasına Prezident İlham Əliyev qazandırmışdır. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir.

Azərbaycanın regionlarındakı hərtərəfli intibahın, sürətli inkişafın, müasir həyatın bərqərar olması ideyasının memarı da, müəllifi də respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müddətdə sözün əsl mənasında möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev bacarıqlı, mükəmməl, qurucu dövlət xadimi olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, dərin analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları daim inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da o, nikbin və realistdir. Gerçəklik, müdriklik, dərin analitik düşüncə, nikbin, aydın, yetkin və sərrast məntiqi təfəkkür, əməlpərvərlik onun aydın siyasi portretinin təməl prinsipləridir.

Dövlət rəhbəri İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin praqmatik həlli, mükəmməl neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad müəllim səviyyəsində yüksək professionallıq nümayiş etdirir. Milli mənafeyin, dövlətçilik maraqlarının həmişə üstün tutulması İlham Əliyev siyasətinin mahiyyətidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal siyasətdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini, ana xəttini təşkil edir.

İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın geniş üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, vətənpərvərliyi və müasirlik düşüncəsini özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təlimini, sınaqlardan çıxmış siyasi kursunu yaradıcılıqla həyata keçirən və uğurla davam etdirən dövlət rəhbəridir. Prezident İlham Əliyev üçün Heydər Əliyev təlimi  ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir. Heydər Əliyev yolu Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur.

"Hər şey Azərbaycan naminə" əqidəsi əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilməsi və dünyanın bu ən böyük və mötəbər təşkilatının ciddi bir qurumuna müəyyən olunmuş müddətdə rəhbərlik etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, təsir imkanlarını, qısa müddətdə beynəlxalq aləmdə tutduğu böyük mövqeyi əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Avropa Şurası, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi məkanında, o cümlədən BMT və UNESCO səviyyəsində həyata keçirdiyi layihələr ölkəmizin artıq dünya birliyində normal yer tuta bildiyini qabarıq şəkildə nəzərə çarpdırır. Müstəqil Azərbaycan Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri ilə əməkdaşlığın da yeni nümunəsini göstərir.

Prezident İlham Əliyev analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl dövlət xadimidir. Dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini ifadə etməkdə İlham Əliyev zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir. Dövlət başçımızın dünyanın ayrı-ayrı qitələrində mühüm beynəlxalq tədbirlərdə mötəbər kürsülərdən etdiyi dərin məzmunlu çıxışlar planetimizin hər yerində əks-səda verən, bəşəriyyətin taleyi ilə səsləşən siyasi tezislər kimi səslənir. Bu, həm də Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanın Yer kürəsində ehtiramla qəbul olunan səsi-sorağı, böyük reallıqları deməkdir.

İlham Əliyev yeni tarixi mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin və modernləşdirilməsinin baş memarıdır. İnformasiya cəmiyyətinin formalaşdırılması, yeni texnologiyalara əsaslanan müasir idarəetmənin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətində xüsusi çəkiyə malikdir.

İlham Əliyev yeni siyasi təfəkkürə və ən müasir yaradıcı yanaşmalara malik novator dövlət xadimidir. Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.

İlham Əliyev yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət rəhbəridir.

Prezident İlham Əliyev ölkənin tarixində və mənsub olduğu xalqın taleyində, həmçinin beynəlxalq aləmdə və regional inkişafda mühüm tarixi əhəmiyyətə, geniş iqtisadi imkanlara malik olan böyük reallıqların, möhtəşəm layihələrin müəllifidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın dünya iqtisadi məkanındakı mötəbər imzasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya Dəmir İpək yolunda Azərbaycanın möhürüdür. Paytaxtla yanaşı, həm də regionların inkişafı proqramı səviyyəsində ölkənin inkişafını həyata keçirmək müstəqillik qazanmış dövlətlər üçün model sayıla bilər. Heç də sirr deyildir ki, hətta bir çox inkişaf etmiş ölkələrdə ümumi yüksəliş səviyyəsi əsasən paytaxt şəhərlərinin, yaxud da cəmi bir neçə şəhərin hesabına irəli aparıla bilir.

Azərbaycanda isə ölkəmizin paytaxtı Bakının sürətli inkişafı ilə bərabər bütün regionların əsaslı şəkildə yenidən qurulması prosesi sürətlə davam etdirilir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı inkişaf səviyyəsi Avropa dövlətlərinin xüsusi tərəqqiyə malik regionları ilə müqayisə edilə bilər. Artıq Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt, Qəbələ kimi mühüm regional mərkəzlər formalaşmaqdadır. Ölkədə, demək olar ki, hər regionun, hər kəndin siması, əhalinin bütün təbəqələrinin həyatı böyük sürətlə inkişaf etmişdir. Bütövlükdə Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin sırasına daxil olmuşdur. Yeni Azərbaycan Prezident İlham Əliyevin ölkəsi və xalqı qarşısındakı möhtəşəm hesabatıdır.

Milli ziyalılığın, elmin, təhsilin, mədəniyyətin müasir inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin ən mühüm istiqamətlərindən biridir. Artıq Azərbaycan Respublikası başdan-başa yeni tikilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuş müasir tipli məktəblər ölkəsinə çevrilmişdir. Bu, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə də çox yüksək göstəricidir. Reallıq bundan ibarətdir ki, Yer kürəsində ölkəsində olan bütün məktəbləri təzədən qurub yeni texnologiya, maddi-texniki baza ilə təchiz edən, müasirləşdirən ölkələr çox deyildir. Bu, Azərbaycanda milli təhsil siyasətinin böyük nailiyyətidir. Ölkəmizdə bir neçə universitetin - Azərbaycan Diplomatiya Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, qismən Odlar Yurdu Universitetinin geniş əraziyə malik korpuslara sahib olması, universitet şəhərciklərinin salınması, Bakı Dövlət Universiteti, Tibb Universiteti, İqtisad Universiteti üçün yeni tədris korpuslarının və böyük klinik mərkəzlərin tikilməsi ölkəmizdə ali təhsil islahatlarının real bəhrələridir. Bunlar ali və orta təhsil sahəsində qısa müddətdə baş vermiş böyük reallıqlardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı yeni Təhsil Strategiyası müstəqillik dövrü Azərbaycanın təhsilin bütün mərhələləri üzrə daha da irəli aparılmasının dövlət səviyyəsində qəbul edilmiş müasir inkişaf konsepsiyasıdır. Və bu mükəmməl tərzdə işlənmiş təhsil konsepsiyası "Azərbaycan-2020: gələcəyə baxış" proqramının üzvi tərkib hissəsi kimi milli təhsili böyük addımlarla yeniləşdirməyə və müasirləşdirməyə imkan yaradacaqdır.

Mədəniyyət haqqında qəbul olunmuş yeni qanun da inkişafın yeni mərhələsinin mədəniyyət siyasətinin həyata keçirilməsinə geniş üfüqlər açır. Müasir mərhələdə Azərbaycanda milli mədəniyyət düşüncəsinin daha da dərinləşdirilməsi, dərk olunmuş səviyyədə mənimsənilməsi prosesləri dərinləşməkdə davam edir. Bakı şəhərində və regionlarda qurulan ozan-aşıq mərkəzləri, Ana dili abidələri, Dədə Qorqud və Koroğlu heykəlləri, tarix və mədəniyyət qoruqları milli-mənəvi özünüdərk proseslərinə ciddi təkan verir.

13 dekabr 2013-cü il tarixdə Bakı şəhərinin Nərimanov rayonunda "Kitabi-Dədə Qorqud" abidəsinin ucaldılması və Dədə Qorqud parkının salınması millilik və vətənpərvərlik tərbiyəsi üçün əhəmiyyətli mədəniyyət hadisəsidir. Ölkəmizdə Dədə Qorqud obrazının ilk portret heykəli Naxçıvan şəhərində yaradılmışdır. Hətta Azərbaycan dövlətinin dəstəyi ilə xarici ölkələrdə də Dədə Qorquda büstlər qoyulmuşdur. Bakı şəhərində isə bütövlükdə "Kitabi-Dədə Qorqud" dastanına əsərdəki boyların hamısını əhatə edən abidə ucaldılmışdır. Bu, açıq səma altındakı əyani, canlı Dədə Qorqud dastanı kitabə-abidəsidir. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin İlham Əliyev mərhələsində Dədə Qorqud mövzusuna müasir yanaşma ümummilli lider Heydər Əliyevin türk-oğuz mədəniyyətinin bu möhtəşəm abidəsinin 1300 illik yubileyinin keçirilməsi istiqamətində bağladığı böyük proqramın yaradıcılıqla daha da inkişaf etdirilməsinin ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda "Kitabi-Dədə Qorqud" abidəsinin və Dədə Qorqud parkının açılışı mərasimində dediyi aşağıdakı sözlər geniş mənada Dədə Qorqud məsələsinə müstəqil dövlətin milli mədəniyyət siyasəti və əlaqələri baxımından xüsusi əhəmiyyətə malik olan geniş siyasi baxışları dolğun şəkildə əks etdirir: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir... Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur... Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür.

..."Kitabi-Dədə Qorqud" dastanı eyni zamanda bütün türk dünyasını daha da sıx birləşdirir. Azərbaycan türkdilli dövlətlərin daha da sıx birləşməsi üçün öz səylərini əsirgəmir. Bu, bizim xarici siyasətimizin ayrılmaz hissəsidir, əsas istiqamətlərindən biridir. Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilmiş zirvə görüşləri bunun əyani sübutudur. Bakıda, Naxçıvanda, Qəbələdə keçirilmiş bu zirvə görüşləri türk dünyasını daha da sıx birləşdirir... Əməkdaşlığımızın təməlində ortaq tarix, tarixi köklər dayanır, o cümlədən "Kitabi-Dədə Qorqud" dastanı burada daha çox böyük rol oynayır. Ona görə də mən hesab edirəm ki, bugünkü mərasim bütün türk dünyasında gözəl əks-səda verəcəkdir".

Prezident İlham Əliyevin böyük səyləri ilə müstəqil Azərbaycan dövlətinin elm siyasəti də yeni islahatlar dövrünü yaşamaq mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın bu ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının əsaslı şəkildə yenidən qurulması mərasimində Azərbaycanın elm sahəsində də regional mərkəzə çevrilməsi istiqamətində irəli sürdüyü ideyalar ölkəmizdə elmi qüvvələrin imkanlarının yenidən səfərbər edilməsinə start vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasında aparılan struktur islahatları, idarəetmənin müasirləşdirilməsi və modernləşdirilməsi elm siyasətinin daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Elmlər Akademiyasında azərbaycanşünaslığın ilk növbədə ölkəmizin milli maraqlarına və dünya elmi mühitində gedən proseslərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə aparılan genişmiqyaslı, sistemli işlər elmin dövlətin və xalqın inkişafında daha fəal iştirakına istiqamətləndirilir.

İnformasiya texnologiyalarının Milli Elmlər Akademiyasında, digər elm və təhsil müəssisələrində geniş tətbiq olunması yeni elmi nəslin və müasir elmi təfəkkürün formalaşmasına meydan açır. Dünya ölkələrinin akademik qurumları ilə, beynəlxalq təşkilatlarla Milli Elmlər Akademiyasının əlaqələrinin genişləndirilməsi də elmi qüvvələrin imkanlarının ölkə hüdudlarından kənarda diqqət mərkəzinə çəkilməsinə və dünyagörüşün inkişafına, böyük təcrübələrin öyrənilməsinə təkan verir. Milli Elmlər Akademiyası üçün ən müasir tipli Mərkəzi Elmi Kitabxana və Azərbaycan Milli Ensiklopediyası komplekslərinin inşa edilməsi, nanotexnologiyaya əsaslanan bir sıra mühüm laboratoriyaların qurulması, seysmik mərkəzlərin, təcrübi zavodun yaradılması ölkəmizin elm tarixində yeni hadisələrdir. Eyni zamanda, ali məktəb elminin yeniləşdirilməsi və daha da inkişaf etdirilməsi, habelə akademiya elmi ilə əlaqələndirilməsi sahəsində atılan addımlar Azərbaycan elminin yeni inkişaf ritmlərini əyani surətdə əks etdirir. Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə çıxarılması ərəfəsində olan "Elm haqqında" qanunun qəbul edilməsi ilə ölkə elmi daha əsaslı şəkildə inkişaf edəcəkdir. Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən idarəetmə siyasəti nəticəsində elm ölkəmizin inkişafının hərəkətverici qüvvəsinə çevrilməkdədir.

Bütün bunlar müstəqil Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin müasir obrazını müəyyən edir, yeni inkişaf səviyyəsini göstərir. Cəmi bir neçə gün bundan əvvəl, 17 dekabr 2013-cü il tarixdə Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ilə müstəqil Azərbaycan Respublikasının tarixində yeni bir mərhələ başlanmışdır. "Şahdəniz-2" investisiya proqramı, haqlı olaraq deyildiyi kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan neft siyasətinin yeni tarixi epoxadakı inkişafının sübutudur. Bununla belə, "Şahdəniz-2" layihəsi müstəqillik dövründə "Əsrin müqaviləsi"nin həyata keçirilməsi üzrə əldə olunmuş böyük təcrübənin də mühüm nəticəsidir. Bu tarixi qərarın imzalanması həm də birmənalı şəkildə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada qazandığı etibarın və etimadın da real göstəricisidir. Bu, sözün həqiqi mənasında Yeni Əsrin Müqaviləsidir.

"Şahdəniz-2" Prezident İlham Əliyevin Azərbaycan Respublikasına qazandırdığı Əsrin Yeni Müqaviləsidir. Əsrin Yeni Müqaviləsi Azərbaycan xalqının daha böyük sabahlarına hesablanmış möhtəşəm proqramdır. Bu, dünyanın enerji coğrafiyasını yeniləşdirə biləcək möhtəşəm bir layihədir. "Şahdəniz-2"  dünyada Azərbaycanın üstün yerini və xüsusi mövqeyini nümayiş etdirən böyük proqramdır. Bakıda yekun investisiya qərarının imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir... "Şahdəniz-2", düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır... Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir... Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir".

Göründüyü kimi, müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəni sürətlə inkişaf etdirən, dünyaya səs salan böyük reallıqlara imza atmışdır. Ölkəmizin gəlib çatdığı böyük nəticələr dövlət başçımızın möhkəm siyasi iradəsinin, xalq ilə həmrəyliyinin, müdrikliyi və uzaqgörənliyinin, bir sözlə, dövlətçilik istedadının qanunauyğun məntiqi yekunudur. Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin yeni inkişaf səviyyəsini nümayiş etdirir. Dünya birliyi böyük dialoq və genişmiqyaslı qarşılıqlı əməkdaşlıq üçün bütün səviyyələrdə özünəməxsus mövqe nümayiş etdirən İlham Əliyevi yeni epoxanın mükəmməl dövlət xadimi kimi qəbul edir.

Azərbaycanın yeni tarixi epoxasının başlanması həm də yeni çağırışları cəmiyyət həyatının ön mövqeyinə çıxarır. "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası həm müstəqil Azərbaycanın, həm də müasir dünyanın inkişafına yeni baxışların meydana çıxmasına start vermişdir. Azərbaycan cəmiyyətinin bütün istiqamətlərini əhatə edən "Gələcəyə baxış" konsepsiyası dövlət müstəqilliyimizin daha da inkişaf etdirilməsinə, dünya ölkələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə, müasir dövrdə beynəlxalq aləmdə ədalətin möhkəmləndirilməsinə istiqamətləndirilmiş çağırışları özündə əks etdirir. Azərbaycan Respublikasının "Gələcəyə baxış" konsepsiyası inkişaf və müasirləşmə, sülh və əməkdaşlıq çağırışlarının nəhəng bir kompleksini cəmləşdirir. Azərbaycan isə həm də bu müdrik və mübariz çağırışları qətiyyətlə həyata keçirəcəyini isbat etmiş qüdrətli dövlətdir.

 

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

 Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2013.- 20 dekabr.- S.12.