Azərbaycan Avropanın yeni enerji xəritəsini çəkir

 

"Şahdəniz" dünyanın ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir".

 

 İlham ƏLİYEV

 

 

Bu həftə Azərbaycan nəinki özünün, hətta bütünlükdə Cənubi Qafqaz və Xəzər regionunun XXI əsrdə inkişaf trayektoriyalarını müəyyənləşdirən qərar verdi: "Şahdəniz" konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının "Mərhələ 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarını elan etdi.

Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Transanadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Əgər 1994-cü il sentyabrın 20-də imzalanmış "XX əsrin müqaviləsi" Azərbaycanın dünya neft bazarında rolunu müəyyənləşdirdisə, 2013-cü il dekabrın 17-də "Şahdəniz" qaz yatağının "Mərhələ 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarı - "XXl əsrin müqaviləsi" respublikamızın dünya "mavi yanacaq" bazarında əsas oyunçulardan birinə çevrilməsini təmin etdi.

Yekun investisiya qərarı adından göründüyü kimi, Azərbaycana sərmayə axınını gücləndirəcək. "Şahdəniz-2" və CQBK-nın genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard ABŞ dolları təşkil edəcək. Yatırılması proqnozlaşdırılan investisiya Azərbaycanda ÜDM-in 40 faizindən artığını təşkil edir. Yeni quyuların qazıntısı, platformaların, texniki emalkompressiya qurğularının tikintisi nəzərdə tutulur. Bu o deməkdir ki, Azərbaycana yalnız bu layihə çərçivəsində qarşıdakı bir neçə il ərzində 5-6 milyard ABŞ dolları illik sərmayə yatırılacaq. Bu sərmayələr təkcə qaz sənayesinin deyil, ona xidmət göstərən böyük bir infrastruktur sahəsinin canlanması, yeni yerlərinin açılması və büdcəyə ödənəcək vergilər deməkdir. Xüsusilə, Azərbaycanın neft-qaz maşınqayırma sənayesi yekun investisiya qərarından sonra "ikinci şans" qazanır və həm texnoloji təkmilləşdirilmə, həm də kadrların yetişdirilməsi baxımından böyük fürsət əldə edir. "Şahdəniz" yatağının "Mərhələ 2" layihəsi multiplikator effekti yaradaraq digər sahələrin inkişafını sürətləndirməklə nəticə etibarilə əhalinin sosial rifah halını yaxşılaşdıracaq.

"Şahdəniz" yatağından "Mərhələ 2" çərçivəsində hasil ediləcək illik 16 milyard kubmetr qaz təxminən 3,5 min kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. Beləliklə, "Şahdəniz" yatağından "Mərhələ 2" çərçivəsində Azərbaycanın illik qaz ixracı təxminən (indiki qiymətlərlə) 6 milyard ABŞ dolları təşkil edəcək. Bu həcm Azərbaycanın 2012-ci ildəki cəmi ixracının 25 faizi qədərdir. İxrac həcminin artması Azərbaycanın valyuta gəlirlərinin çoxalması deməkdir ki, bu da uzunmüddətli dönəmdə ölkədə makroiqtisadi sabitliyifiskal davamlılığı təmin etmək üçün əsas yaradır.

2014-cü ilin sonundan etibarən isə "Şahdəniz" tərəfdaşları mövcud imkanlar çərçivəsində hasilatı illik 1,4 milyard kubmetr artıracaqlar.

Azərbaycanın "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində "mavi yanacaq" satışından əldə edəcəyi gəlirin bir əhəmiyyəti də onun tarixi ilə bağlıdır. Belə ki, 2017-ci ilə qədər Azərbaycanda neft hasilatı 40 milyon tonun ətrafında olacaq. Sonrakı illərdə neft hasilatının azalması gözlənilir. Neft gəlirlərinin azalması fonunda təbii qaz satışından gəlirlərin artması ümumilikdə ölkəyə valyuta idxalının kəskin azalmasının qarşısını alacaq. Başqa sözlə, "mavi yanacaq"dan əldə edilən gəlirlər, "qara qızıl"ın azalan qazancını əsasən kompensasiya edəcək.

ARDNŞ və "Şahdəniz" tərəfdaşları həmçinin "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. "Şahdəniz" tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər. Beləliklə, Azərbaycan qarşıdakı 35 il ərzində Avropanın enerji istehlakçılarının əsas tərəfdaşı olacaq. Uzunmüddətli və perspektivli razılaşma Avropanın aparıcı dövlətlərini və transmilli neft şirkətlərini Azərbaycanın strateji partnyoruna çevirir. Qlobal güclər Azərbaycanın sabit inkişafında, dövlətçiliyin möhkələnməsində və təhlükəsizliyin təmin olunmasında maraqlı olacaqlar. Nəticə etibarilə Avropa özü üçün enerji təhlükəsizliyi və transmilli şirkətlər sabit gəlir təmin etdikləri halda Azərbaycan davamlı inkişaf xəttinə daha bir təminat əldə edir. Belə möhkəm təməl gələcəkdə iri investorlarciddi partnyorlarla əməkdaşlığı daha da gücləndirəcək.

"Şahdəniz" "Mərhələ 2" layihəsi ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarına çıxarır. İndiyə qədər Avropa üç istiqamətdən - Rusiya, Şimali AfrikaŞimal dənizindən təbii qaz idxal edirdi. Azərbaycan Avropaya 4-cü qaz ixracı marşrutunun əsasını qoymaqla tarixi bir hadisənin səbəbkarına çevrildi. Çünki bu marşrut gələcəkdə genişlənməklə Orta Şərq və Xəzər hövzəsinin təbii qaz resurslarını Avropa bazarına çatdıra bilər. Müqayisə üçün deyək ki, Orta Şərq və Xəzər hövzəsinin təbii qaz resursları 101,3 trilyon kubmetrdir ki, bu da Rusiyanın qaz resurslarından (32,9 trilyon kubmetr) üç dəfə çoxdur. Azərbaycanın neft-qaz diplomatiyasının uğurudur ki, regionda dəfələrlə zəngin təbii qaz ehtiyatlarına malik olan dövlətlər - İran, Türkmənistan, Qətər və Səudiyyə Ərəbistanı deyil, məhz rəsmi Bakı Avropaya 4-cü ixrac qaz marşrutunun əsasını qoydu.

Azərbaycanın enerji siyasəti regionun enerji xəritəsini dəyişməklə yeni konturlar müəyyənləşdirə bilmişdi. Fikrimizcə, bu siyasətin uğuru ondadır ki, rəsmi Bakının enerji diplomatiyası "qələbə-qələbə" düsturu (win-win strategy) üzərində qurulub: burada uduzan tərəf yoxdur. Cənub dəhlizi Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla dəhliz üzərində yerləşən bütün ölkələrə xeyir gətirir. Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Cənub dəhlizi boyunca on minlərlə yeni yeri açacaq. Ciddi tədiyyə balansı kəsiri yaşayan Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliyabaşqa ölkələr üçün yatırılacaq sərmayələr mühüm əhəmiyyət kəsb edir. Ayrıca Türkiyə Avropanı enerji daşıyıcıları ilə təmin edəcək əsas nəqliyyat-logistika hablarından birinə çevriliröz əhəmiyyətini Avropa Birliyi üçün daha da artırmış olur.

"Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ 2" layihəsinin sanksiyalaşdırılmasının bir əhəmiyyəti də ARDNŞ-nin statusu ilə bağlıdır. Belə ki, qaz satışı və nəqli üzrə bütün sazişlər "Şahdəniz" tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq. Beləliklə, ARDNŞ ilk dəfə belə nəhəng əməliyyata operatorluq edir. Azərbaycanın müstəqillik tarixində həyata keçirilən əvvəlki neft-qaz layihələrinin operatorları təcrübəli BP və "Statoyl" şirkətləri olmuşdur. "Mərhələ 2" layihəsində ARDNŞ-nin təşəbbüsü ələ alması bu şirkətin qlobal miqyasda transmilli korporasiya kimi statusunun güclənməsi ilə nəticələnəcək. ARDNŞ-ə qarşı bu yaxınlarda "Global Witness" təşkilatı tərəfindən həyata keçirilən kampaniyanın bir səbəbi də Azərbaycan şirkətinin beynəlxalq nüfuzunun artması ilə bağlıdır. Əgər ARDNŞ "Şahdəniz" "Mərhələ 2" işlənməsi və Cənub dəhlizi boru kəməri layihələri kimi dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən birinə rəhbərlik etməyi bacarırsa, deməli, şirkət belə hücumlara da hazır olmalıdır.

Yekun investisiya qərarı ilə təsadüf edərək ARDNŞ "Statoyl" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində 6,7 faiz iştirak payı alıb. Bununla da "Şahdəniz" tərəfdaşları arasında ARDNŞ 16,7 faiz payla "Statoyl"u da (15,5 faiz) keçərək ikinci pilləyə yüksəlib. Qeyd edək ki, ARDNŞ 68 faiz payla TANAP tərədaşları arasında birincidir və layihənin operatorudur. Eyni zamanda, ARDNŞ Trans-Adriatik kəmər (TAP) konsorsiumunda da 20 faiz payla BP ilə birinciikinci yerləri bölüşür. Beləliklə, ARDNŞ quyulardan bazara qədər olan uzun bir dəyər zəncirinin bütün həlqələrində təşəbbüsə yiyələnmişdir. Bu məqamda xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının Üçüncü Enerji Paketi - təbii qazın təchizatı, daşınması və bölüşdürülməsi fəaliyyətlərinin bir-birindən ayrılması və üçüncü tərəfin çıxışı - ARDNŞ-nin liderlik etdiyi yuxarıda sadalanan layihələrə tətbiq edilmir. Çünki Cənubi Qafqaz boru kəməri və TANAP Avropa İttifaqının hüquqi əhatə dairəsindən kənardadır, TAP kəməri isə mülkiyyətin ayrılması, üçüncü tərəfin çıxışı və tənzimlənən tariflər sahəsində "üçüncü paket"in tələblərindən azad edilib. Beləliklə, ARDNŞ-nin liderlik etdiyi Cənub dəhlizi üçün "yaşıl işıq" yandırılıb.

Azərbaycanın uğurlu neft-qaz strategiyası ilə barışmayan qüvvələr 17 dekabrda Yunanıstanın baş naziri Antonis Samarasın (təyyarənin texniki problemləri səbəbindən) Bakıya gələ bilməməsini və ARDNŞ-nin Yunanıstanın qaz paylayıcı şəbəkəsi olan DESFA şirkətini alması ilə bağlı sazişin təxirə düşməsini mümkün qədər şişirtməyə çalışırlar. Hələlik yunan tərəfindən rəsmi açıqlamada texniki səbəblər əsas gətirilir. Xatırladaq ki, ARDNŞ-nin DESFA qaz şirkətinin 66 faizlik səhmlərini 536 milyon ABŞ dollarına (400 milyon avro) almaq üçün verdiyi təklif Yunanıstanın özəlləşdirmə agentliyi HRADF tərəfindən məqbul qəbul edilib. Özlüyündə ARDNŞ-nin Yunanıstanın qaz paylayıcı şəbəkəsi olan DESFA şirkətini alması ilə bağlı sazişin təxirə düşməsi "Şahdəniz" konsorsiumu tərəfindən "Mərhələ 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarının fonunda çox zəif görünür. Müqayisə üçün deyək ki, "Mərhələ 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarının təsirilə üst-üstə 45 milyard ABŞ dolları həcmində sərmayə yatırılması nəzərdə tutulduğu halda DESFA-nın özəlləşdirilməsinə bundan 84 dəfə az - cəmi 536 milyon ABŞ dolları tələb olunur. Belə miqyas fərqi onu göstərir ki, hətta DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi təxirə düşsə belə, bu hadisə Azərbaycanın Avropanın qaz bazarına çıxması fonunda çox zəif görürünür. Digər tərəfdən nəzərə almaq lazımdır ki, onsuz da ARDNŞ TAP-ın Yunanıstandan keçən ərazisi üzrə təhlükəsizlik təminatı və texniki əməkdaşlıq sahəsində DESFA və bütünlükdə yunan tərəfi ilə fəaliyyətini koordinasiya edəcək. Çünki TAP boru kəmərinin ən uzun hissəsi (550 km) Yunanıstan ərazisindən keçəcək.

"Şahdəniz" konsorsiumu tərəfindən "Mərhələ 2" layihəsinin işlənməsi üçün yekun investisiya qərarının verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft-qaz strategiyasının təntənəsidir. Əgər 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanmasaydı, onda Xəzər regionunun karbohidrogen ehtiyatları Qərb investorlarının üzünə açılmayacaqdı və sonrakı uğurlu layihələr də baş tutmayacaqdı. Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyada etibarlı tərəfdaş olaraq təsbit etdi və dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolunu göstərdi. Prezident İlham Əliyev rasional neft-qaz strategiyasını uğurla davam etdirərək Azərbaycanı Avropanın təkcə neft deyil, həm də təbii qaz bazarında əsas oyunçulardan birinə çevirdi.

 

 

 

Fərhad MƏMMƏDOV,

Azərbaycan Prezidenti yanında Srateji

 Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan.-2013.- 20 dekabr.- S.13.