Əlyazmalar İnstitutunun
yeni tapıntıları
Son dövrlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənmiş, surətləri əldə edilən yazılı abidələrimizin sayı artmışdır. Əlbəttə ki, bunun əsas səbəbi Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasıdır. Artıq sovet dövründə olduğu kimi, bir əlyazmanın surətini əldə etmək üçün mərkəzdən, müxtləif təşkilatlardan icazə almağa ehtiyac yoxdur. Lakin deyə bilmərik ki, bütün maneələr aradan götürülmüşdür. Dünyanın bir sıra əlyazma xəzinələrinin, muzey və kitabxanalarının kataloqları tərtib edilmədiyindən bəzi yerlərdə hansı yazılı abidələrimizin saxlandığı barədə dəqiq məlumat əldə edə bilməmişik. Xalqımıza məxsus hansı əsərin Azərbaycandan kənarda saxlandığını öyrənmək üçün xarici ölkələrə mütəxəssislərimizi uzunmüddətli ezamiyyətlərə göndərmək lazım gəlir. Bir sıra kitabxanalar isə orada saxlanan əlyazmaların surətlərini vermir və ya onları əldə etmək üçün gücümüz çatmayacaq qədər vəsait tələb olunur.
Hər halda vəziyyət sovet dövrü ilə müqayisədə xeyli yaxşılaşmışdır. Son dövrlərdə xarici ölkə kitabxanalarından əldə edilmiş əlyazma surətləri tariximizi, mədəniyyət, elm və ədəbiyyatımızı yeni gözlə nəzərdən keçirməyə imkan verir. Bu işdə bizə kömək edən xarici ölkələrdə yaşayan həmvətənlərimizin (bunlardan Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin adını xüsusi çəkmək istərdim), səfirliklərimizin, Heydər Əliyev Fondunun yardımı böyük əhəmiyyətə malikdir.
Sovet dövründən bəri respublikamızda saxlanan əlyazmaların əhalidən toplanması prosesi getmişdir və Əlyazmalar İnstitutunda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi də dəyərli əlyazma əldə edə bilirik. Son dövrlər Qəbələ və Quba bölgəsində elmi ekspedisiyada olmuş, orada əhalidə saxlanan əlyazmaların siyahısını tutmuşuq. Son vaxtlar əldə etdiyimiz iki dəyərli əlyazma barədə məlumat vermək istərdik. Bunlardan biri XIX əsrin sonları - XX əsrin əvvəllərində yaşamış şair Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" adlı təzkirəsinin əlyazmasıdır. İndiyədək haqqında heç bir məlumatımız olmayan, şairin xaricdə yaşayan nəvələri tərəfindən təqdim edilən bu əsərdə bəzi şairlərmiz haqqında məlumat, şeirlərindən nümunələr verilmişdir. Azər Buzovnalı, Əşrəf Nəzərli, Mir Bədrəddin Bədri, Məhəmməd Hadi Bakuvi, Sabit, Əbdülxalıq Cənnəti, Hacıağa Hacı, Mirzə Möhsün Xəyali, Ağahüseyni Rəsulzadə, Mirzə Əbdüləli Səməndər, Həsən Səyyar, Mir Əbdülvəhhad Seyid Zərgər, Hacı Səlim Səyyah, Nəcəfqulu bəy Şeyda, Sadıq bəy Sadiqi, Mirzə Məhəmməd Ziya, Mirzə Həbi Qüdsi, Ağadadaş Müriri, Əliabbas Müznib, Səməd Mənsur, Əbdüləli Hilali, Məhəmməd Hadi Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Əbdülxalıq Yusif. Bu müəlliflərin təzkirədə təqdim olunan bir çox şeirlərinə əvvəlki mənbələrdə və nəşrlərdə rast gəlmişik. Əminik ki, əsərin nəşri və tədqiqi ədəbiyyat tariximizə dəyərli töhfələr verəcəkdir.
Alınan ikinci əlyazma Qarabağ ədəbi mühitinin yetirməsi, şair və din xadimi Məhəmməd ağa Müctəhidzadənin 1918-ci il hadiləsələrinə aid xatirələrindən, Azərbaycan və fars dillərində yazdığı şeirlərindən ibarətdir. Onun əlyazmasını instituta şairin övladı Hafiz Sədrzadə təqdim etmişdir. 1910-cu ildə İstanbulda nəşr edilmiş məşhur "Riyazül-aşiqin" təzkirəsinin müəllifi Məhəmməd ağanın bu əsərlərinin tarixçi və ədəbiyyatşünaslarımız üçün böyük maraq doğuracağı şübhəsizdir.
Paris Milli kitabxanasında saxlanan Azərbaycan tarixinə dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilmişdir. Bunların içərisində XV əsrdə Təbrizə köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən "Oğuznamə", XVI əsrdə yazılmış "Cərrahnamə", Əlişir Nəvainin əsərləri vardır. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, müğənnilərimizin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri böyük maraq doğurur.
İstanbulun Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasından əldə edilən XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması Ağqoyunlular sarayında anadilli ədəbiyyatın inkişafına verilən diqqətin sübutudur. İndiyədək Əlyazmalar İnstitutunda həmin müəllifin "Əsrarnamə" tərcüməsi filologiya elmləri doktoru, professor M.Nağısoylu tərəfindən nəşr və tədqiq edilmişdir. XVI əsr şairi Qəribinin Tehranın Məclis kitabxanasından əldə edilmiş türkcə əsərləri məcmuəsinin surəti ədəbiyyat və dil tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsərlərinin ayrı-ayrı yerlərində rast gəlinən məlumatlar əsasında Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığını, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını qəbul edərək I Şah Təhmasib dövründə (1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini risalələri ilə Səfəvilərə xidmət etdiyini söyləyə bilərik. Cəsarətlə deyə bilərik ki, Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu məsələyə dair Azərbaycan türkcəsində əsərlər yazan ilk alimlərdən biri də Qəribi olmuşdur. Onun əsərlər toplusuna türkcə divanı, "Məcalisi-şüərayi-Rum" təzkirəsi, nəsrlə yazdığı bir sıra əsərlər daxildir.
XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti kitabxanasından əldə edilmiş əlyazma divanının surəti də böyük maraq doğurur. Səfəvilər dövründə yüksək vəzifələrdə olmuş, ixtiyar çağlarında Şeyx Səfiəddin türbəsinin mütəvəllisi (nəzarətçisi), Ərdəbil vəziri vəzifəsini icra etmiş şair divanının dibaçəsində farsca 100 min beytə qədər şeir yazdığını, türk dilində də divan tərtib etmək qərarına gəldiyini bildirir. Bu divanın diqqəti cəlb edən cəhəti şeirlərdə danışıq dilinə məxsus söz və ifadələrdən, xalq şeiri formalarından istifadə edilməsindən ibarətdir. XVII əsrdə yaşamış böyük mütəfəkkir şairimiz Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasından əldə edilmiş külliyatının surəti onunla maraqlıdır ki, buraya onun anadilli şeirləri, Təbrizdə doğulması, ölümünə həsr edilən maddeyi-tarixlər barədə məlumat vardır.
Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından iki əlyazmanın surəti əldə edilib: 1. F.Nəimiyə aid edilən "Bəşarətnamə" risaləsinin türkcəyə tərcüməsi. Əsər bitdikdən sonra Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı "Fütuhnamə" risaləsindən kiçik bir hissə verilib; 2. Xeyrati adlı hürufi şairin 20 əlyazma vərəqinə köçürülmüş şeirləri.
XVII əsr şairi, Saib Təbrizi ədəbi məktəbinin davamçısı, şikəstə-nəstəliq xəttinin yaradıcısı Mürtəzaqulu Sultan Şamlu divanının Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilmiş surəti də maraq doğurur.
XVII əsr şairimiz, Təbriz şəhərinin şeyxülislamı Mirzə Saleh Təbrizinin Tehranın Məclis kitabxanasından əldə edilmiş farsca divanına onun türkcə şeirləri də daxildir.
XIX əsr şairimiz Sabit Ərdəbilinin Təbriz Mərkəzi kitabxanasından surəti əldə edilmiş divanı Azərbaycan ikiyə bölündükdən sonra Cənubda ədəbiyyatda gedən lokal prosesləri öyrənmək baxımından maraqlıdır.
XVII-XVIII əsrlər Azərbaycan şairi, Cahan şah Qaraqoyunlu nəslindən olan alim, Nadir şah Əfşarın sifarişi ilə Nəcəfdə Həzrət Əli türbəsinin günbəzinə türkcə maddeyi-tarix yazmış Nəş'ə Təbrizinin farsca divanında onun ana dilində şeirləri də vardır.
ABŞ-ın Miçiqan Universiteti kitabxanasından surəti əldə edilmiş nəfis "Məcmueyi-əşar" adlı osmanlı əlyazma cüngünə (antologiyasına) M.Füzulinin şeirləri daxil edilmişdir. Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində Vatikanın Apostol kitabxanasındakı Azərbaycan əlyazmalarını araşdırmış, bəzilərinin surətlərini gətirmişdir. Bunlardan aşağıdakı əsərlərin adlarını çəkmək istərdik: XV-XVI əsrlərdə yaşamış hürufi şair, Nəsimi ənənələrinin davamçısı Sürurinin divanı, Seyid Yəhya Bakuvinin oğlu Şeyx Əlinin həyatından bəhs edən "Mənaqibi-Şeyx Əli Səməqrəndi" əsəri, XVII əsr müəllifi Baba Həsən bin Məhəmməd Şirvaninin anadilli əsəri - nüsum, cəfr və rəml elmlərinə aid "Ketab be şəcarə və şomare min nücum" risaləsi. Bunlardan başqa, XIX əsrin naməlum müəllifinin əsəri Səfəvilər, Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin zəbt edilməsi barədə geniş məlumat verir. Azərbaycan türkcəsində yazılan bu əsər indiyədək tədqiqata cəlb edilməmişdir.
XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin "Nəxcətül-təvarix" əsərində, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid orta əsrlər təbabətinə həsr edilmiş "Risaleyi-təhsil fit-tibb" adlı türkdilli əsər də diqqətəlayiqdir.
Vatikanın Apostol kitabxanasından surətləri gəlmiş əsərlər içərisində daha ətraflı nəzərdən keçirdiyimiz Süruri divanı barədə bir neçə söz demək istərdik. İndiyə qədər təzkirələrdə, müxtəlif əlyazmalarda Sürurinin bir neçə qəzəlinə rast gəlsək də, divanı əldə olmadığından, onun yaradıcılığı barədə ətraflı fikir söyləmək imkanından məhrum idik. Vatikan nüsxəsində adı "Süruriyi-Əcəm" kimi gedən şairin yeni əldə edilmiş divanı 192 vərəqlik əlyazmanın 184 vərəqinə köçürülmüşdür. Ortadan naməlum sayda vərəqləri düşmüş nüsxədə Sürurinin 931 beytini nəzərdən keçirə bilirik. Bu əlyazmada rast gəldiyimiz bir neçə şeiri Lətifi, Qınalızadə və Aşiq Çələbi kimi osmanlı müəlliflərinin təzkirələrində, İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabında görürük. Bu isə bir daha sübut edir ki, Vatikanın Apostol kitabxanasından əldə edilmiş divan osmanlı müəlliflərinin "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırdıqları şairimizə aiddir. Divanı nəzərdən keçirdikdə Sürurinin hürufiliyi hərarətlə təbliğ etdiyini, Nəsimi ənənələrinin davamçısı olduğunu görürük. Şairin həyatı barədə məlumatımız azdır. Onun divanındakı şeirlərin hürufiləri də sarayına cəlb etmiş Şah İsmayıl Xətainin yanında olarkənmi, yoxsa I Sultan Səlimin Səfəvilər üzərində qələbə çalmasından sonra Türkiyədəmi yazdığını demək mümkün deyil. Onu deyə bilərik ki, Nəsimi kimi Süruri də insan surətində ilahi əlamətlərin təzahür etdiyini iddia edir. Şair məşuqənin saçını Quran ayəsinə, qaşını "Şəqqül-qəmər" möcüzəsinin şərhinə bənzədir. Hürufi sənətkar insan könlünün Allahın ən qədim məkanı olduğunu deyir. Nəsimi kimi Süruri də insanı "bəşər surətli Həqq" adlandırır. Allahın insanda təzahür etdiyini deyən şair şeirlərində Nəsimi kimi Fəzlullah Nəimini ilahi saydığını ifadə edir:
Çünki Həqqi surəti-adəmdə
gördüm zahirən,
Mən Məsihəm, qatilü Dəccali-
şeytan olmuşam.
Ol Süruriyəm ki, Fəzlin bəndəsi
olulidən,
On səkkiz min aləmin varına
sultan olmuşam.
Süruri qəzəllərində Nəsimi
ruhu, Nəsimi ədası onun şeirlərinin ritmi özünün ifadəsini
tapmışdır. Nəsimi
kimi o da hürufi ideyalarını
ifadə edərkən
özünü, öz
şəxsiyyətini ön
plana çəkir:
Ol mənəm ki, kaşifi-gənci-
tilismi-aləməm,
Vaqifi-sirri-kəlamullahü
vəchi-adəməm...
"Künzü kənz"in
gövhəri nitqimdən
olmuşdur zühur,
Dürri-vəhdət məndədir, yəni ki,
gənci-mübhəməm...
Ol Süruriyəm ki, mən ruzi-əzəldən
ta əbəd,
Fəzli-Həqqin bəndəsiyəm,
padşahi-aləməm.
Əminik ki, Süruri divanının yeni əldə edilmiş surətinin araşdırılması
XVI əsr ədəbiyyat
tariximizin, həmin dövrdə inkişaf edən hürufi poeziyasının öyrənilməsində
mühüm əhəmiyyətə
malik olacaqdır.
Qeyd etmək
istərdik ki, əldə edilən əlyazma surətləri əməkdaşlarımız tərəfindən
tədqiq və nəşr edilir. Onların içində
eləsi var ki, əhəmiyyətini nəzərə alaraq daha tez nəşr
etməyi özümüzə
borc bilirik. Məsələn, keçən
il Tehranın
Məclis kitabxanasından
kulinariya tariximizə dair Nadir Mirzənin "Karnamə" əsərinin
surətini əldə
etmişik. Əsər
artıq bu il Əlyazmalar
İnstitutunda tərcümə
və nəşr edilmişdir (Tərcümə
edəni: Rauf Şeyxzamanlı). Qacar şahzadəsi
Nadir Mirzə bu əsərində Şimali
Azərbaycandan, Bərdədən
olan həyat yoldaşının köməyi
ilə 260-dan artıq
xörəyin dəsturunu
- reseptini toplayıb, sadə bir dillə
oxucuya təqdim etmişdir. Fikrimizcə, əsər bütün
sərvətlərimizə, o cümlədən kulinariyamıza
sahib çıxmaq istəyənlərə
tutarlı cavabdır.
Bünövrəsi ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş
müstəqil, çağdaş
Azərbaycan Respublikası
inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə,
tarixi keçmişimizə,
yazılı abidələrimizə,
onların tədqiqi, nəşri və təbliğinə diqqətin
get-gedə artması danılmaz faktdır. İnanırıq ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə, o cümlədən
mədəniyyət, elm və
ədəbiyyat tariximizə
dair bütün əlyazmaların surətləri
- elektron variantları
vahid bir mərkəzdə AMEA-nın
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda
toplanacaqdır.
Paşa ƏLİOĞLU,
AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru
Azərbaycan.-2013.- 20 dekabr.- S.15.